Narkotrafikin qarşısının alınması İranı qıcıqlandırır - Ekspert
Bizi izləyin

Nida Təhlil

Narkotrafikin qarşısının alınması İranı qıcıqlandırır - Ekspert

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında bildirdi ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Bu gün bu, sübut edilmiş faktdır. Cənab Prezident əvvəlki çıxışlarında da İranla bağlı bir sıra məqamları açıqlamışdı və bu ölkəyə mesajlarını göndərirdi. Son vaxtlar İran bizim üzərimizə böhtanlar yağdırmaqla, yalan iddialar səsləndirməklə məşğuldur ki, bunda da məqsədləri ölkə başçısının qeyd etdiyi məsələlərdir. 30 ildir torpaqlarımız Ermənistanın işğalı altında idi və nəzarət edə bilmirdik. İndi isə azad etmişik. Narkotrafikin qarşısının alınması İranı qıcıqlandırır.

Bu fikirləri Publika.az-a Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

Ekspert bildirib ki, biz bu məsələləri əvvəllər də bilirdik və kəşfiyyat məlumatlarımız var idi: “Sadəcə onlara o zaman sübut edə bilmirdik ki, İran Qarabağdan narkotrafik məqsədilə istifadə edir. İndi isə bu faktlar bizdə var, müzəffər ordumuz ərazilərimizi işğaldan azad edəndən sonra İranla Ermənistan arasındakı narkoticarət, silah ticarəti, Qarabağdakı yaşayış məntəqələrimizdəki tikinti materiallarını aparmaları, İranda bazar açmaları ilə bağlı məlumatımız var idi. İran son günlər bizim üzərimizə gəlməklə, müxtəlif səviyyələrlə Azərbaycana qarşı şər, böhtan yağdırmaqla məşğuldur. Guya Azərbaycan ərazisində başqa dövlətin bazası yerləşdirilib, iddia edirlər ki, 44 günlük Vətən müharibəsi zamanı xaricdən gətirilən terrorçu qruplaşmalar döyüşüb. Onlar bizi bir növ şantaj edib üstün gəlmək istəyirdilər ki, əlimizdə olan faktları ortaya çıxarmayaq. Cənab Prezident də çıxışlarında bildirir ki, biz müəyyən diplomatik kanallarla onlara məlumat çatdırdıq, əlimizdə faktlar, materiallar var. Əgər sizin əlinizdə faktınız varsa, göstərin ki, həqiqətən ərazinizdə xarici dövlətin bazası var. Onların bu cür faktları yoxdur. Sadəcə özlərinin çirkin əməllərinin üzərini ört-basdır etmək üçün bizim üzərimizə gəlirlər. Dövlət başçısı budəfəki çıxışında da onların cavabını çox gözəl formada verdi.

İran ona görə üzərimizə gəlir ki, biz onların narkoticarət yollarını bağladıq, külli miqdarda gəlirdən məhrum olublar. Eyni zamanda onlar Qarabağdakı erməni əhaliyə silah-sursat məhsulları göndərirdilər, bizim ərazilərimizdən çoxlu pul qazanırdılar. Bunun qarşısını aldıq. İndi isə bunların əvəzini çıxmaq istəyirlər. Ancaq məqsədlərinə çata bilməyəcəklər. Çünki ədalət Azərbaycanın tərəfindədir. İlahi ədalət var, hər şey öz yerini tutur. Onların qarşısında əvvəlki Azərbaycan yoxdur. Bu gün İranın qarşısında öz ordusunun, əhalisinin, dövlətinin gücü hesabına ərazi bütövlüyünü təmin etmiş, dövlət sərhədini bərpa etmiş, işğal altında olan ərazilərini azad etmiş qüdrətli Azərbaycan var. Nə Ermənistan, nə də İran bizlə hədə-qorxu ilə danışa bilər. Ağıllarını başlarına toplasınlar. Biz onlara təklif edirik ki, mehriban qonşuluq münasibətləri çərçivəsində yaşayaq. İran bu cür yalan iddialar səsləndirməyə davam etdiyi müddət ərzində Azərbaycan onların cavabını verəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm