Rusiya ilə müttəfiqlik bəyyannaməsi: iddialar və gerçəklik - Azərbaycan nə qazanacaq?
Bizi izləyin

Nida Təhlil

Rusiya ilə müttəfiqlik bəyyannaməsi: iddialar və gerçəklik - Azərbaycan nə qazanacaq?

Prezident İlham Əliyev Rusiyada rəsmi səfərdədir. Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə görüşəcək. Görüşdə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması gözlənilir.

Belə bir bəyannamənin imzalanması haqda müxtəlif iddialar irəli sürülür. Halbuki, sənəddə nələrin əks olunduğu hələki bəlli deyil və bəlli olmayan bir şey haqda mülahizə irəli sürmək ən yaxşı diletantlıq, ən pis halda art niyyətdən xəbər verir: məqsəd mövcud geosiyasi vəziyyətdə Rusiyaya qarşı olan beynəlxalq ictimai rəyi Bakı-Moskva xəttinə daşımaq, bundan həm hakimiyyətə, həm də rəsmi Bakının müstəqil siyasi xəttinə qarşı istifadə etməkdir. Və burada maraqlı qruplar təkcə ölkə daxilində yox, həm də xaricində var;

Əsas iddialardan biri belədir ki, imzalanması gözlənilən bəyannamə Azərbaycanın Rusiyadan asılılığını artıracaq. Başqa bir iddia bununla Azərbaycanın Rusiyanın müəllifi olduğu ittifaqlara üzv olmasına yol açılacağına dairdir və s. və ilaxır.

Niyə, nə üçün, bu iddianı isbatlayacaq arqument varmı?

Birincisi, Azərbaycanın təbii və əsas müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinin imzalanması ilə bu müttəfiqlik daha yüksək səviyyyə yüksəlib;

İkincisi, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür: bu o deməkdir ki, rəsmi Bakı Hərəkatın prinsiplərinə uyğun olaraq, heç bir ittifaqda yer almır;

Üçüncüsü, Azərbaycan heç bir geosiyasi cəbhədə yer almır və milli maraqlarına uyğun müstəqil siyasi xətt yürüdür;

Bu və indiyə qədərki təcrübə imzalanacaq bəyannamənin Azərbaycanın yürütdüyü siyasətə təsir etməyəcəyini deməyə əsas verir.

Bununla yanaşı, belə bəyannamələr ikitərəfli münasibətlərin inkişafına töhfə vermək məqsədi daşıyır və bərabərhüquqlu münasibətləri tənzimləyir. Hansısa tərəf xüsusi üstünlük qazanmır. Tərəflər bir-birinin ərazi bütövlüyünə dəstəyi ifadə edir, qarşılıqlı olaraq daxili işlərə qarışmamaq öhdəliyi götürür, təhlükə yarandığı təqdirdə qarşılıqlı dəstək verir, o cümlədən, müxtəlif platformalarda əməkdaşlıqla bağlı razılaşma olur.

Şuşa Bəyannaməsi bunun örnək nümunəsidir. Bəyannamədə Azərbaycan və Türkiyənin öhdəlikləri bərabərhüquqludur.

İmzalanması planlaşdırılan bəyannamə Azərbaycana nə verə bilər?

Hər şeydən öncə bölgədə müharibədən sonra yaranmış reallığın möhkəmləndirilməsi baxımından belə bir addım strateji gedişdir. Çünki imzalanan razılaşmlar Rusiyanın vasitəçiliyi ilə əldə olunub və bu razılaşmalarda Azərbaycanın maraqları təmin olunur. Razılaşmalarda hələ də icra edilməli olan bəndlər var, xüsusilə prosesin yekununda Azərbayanın tələb etdiyi sülh sazişi həyata keçirilməlidir. Ermənistan məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiya ilə birlikdə yer almasından istifadə edərək, prosesdən yayınmaq istiqamətində manevrlər edir. Və Azərbaycanın Rusiya ilə imzalayacağı bəyannamə bu məsələdə balansı tarazlaya, o cümlədən, Moskvanın Bakı və İrəvana münasibətində balansı mövqeyini təmin edə biləcək.

Azərbaycan da bölgədə Rusiyanın müttəfiqlərindən biri olacaq və Bakı ilə Moskvanın regionun gələcəyinə dair gündəliyinin – sərhədlərin müəyyən edilməsi, kommunikasiyanın açılması, yekun sülh sazişinin imzalanması və s. – icrası sürətlənə bilər. Nəzərə alsaq ki, Ankara da bu gündəliyi dəstəkləyir, o zaman, Bakı və Moskva arasında imzalanacaq bəyannamənin Azərbaycanın təbii müttəfiqi olan Türkiyə tərəfindən də dəstəkləndiyini deyə bilərik.

Şuşa Bəyannaməsi ilə Türkiyənin dəstəyini qazanan Azərbaycan regionda digər güc olan Rusiyanın da tam dəstəyini əldə etmiş olacaq və bu, Bakının ərazi bütövlüyü, müstəqillik və təhlükəsizlik məsələsində əlavə zəmanət qazanması deməkdir.

Və Vətən müharibəsi, müharibədən sonrakı proseslər təsdiq etdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının qorunmasında prinsipial mövqeyə sahibdir və bu dəfə də əsas məsələ milli maraqlarımızın qorunmasıdır. Xüsusilə geosiyasi qarşıdurma fonunda Bakı olduqca əhəmiyyətli strateji gediş edir. Yaxın dövrdə Azərbaycanın Avvropa İttifaqı ilə ikitərəfli saziş imzalaycağı da gözlənilir. Beləliklə, Azərbaycan Türkiyə, Rusiya və Avropanı öz yanına almış olacaq və bu, Ermənistan üzərində tam qələbənin rəsmiləşməsi olacaq sülh sazişinin imzalanması prosesini yaxınlaşdıra bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm