İlham Əliyevin Şuşada qaladığı Novruz tonqalı – Arzunun gerçəyə döndüyü an
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevin Şuşada qaladığı Novruz tonqalı – Arzunun gerçəyə döndüyü an

Gələn il Novruz bayramını Şuşada qeyd edək!

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə nəticələnən I Qarabağ müharibəsindən sonra hər il bu arzunu bir-birinə və özünə etməyən azərbaycanlı yox idi. Hər kəs hər baharam bayramında bu diləyi edir və hər növbəti ilə ümidlə yanaşırdı.

Torpaqlarımız azad olunacaq, bir gün Şuşada Novruz tonqalı qalayacağıq. İllər ötdükcə ümidlərin öləziməsini, inamın azalmasını da müşahidə edirdik. Bir insan ömrü üçün 30 il uzun müddətdir. 30 ildə Şuşada bayram tonqalı qalamaq arzusu ilə neçə insan dünyadan köçdü, neçə insan bu arzu ilə doğuldu.

Dövlətin torpaqlarımızın azad edilməsi hədəfi, bu istiqamətdə həyata keçirdiyi strategiya dəyişmədi. Prezident İlham Əliyev işğala son qoyulacağı, üçrəngli bayrağımızın o torpaqlarda dalğalanacağı, Novruz tonqalının Şuşada yandırılacağı vədini vermişdi və bu müqəddəs amala nail olmaq üçün lazım olan hər şeyi etdi:

- İşğalla bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına nail olundu: erməni diasporu/lobbisinin yalan maşınının qarşısı alındı;
- Ordu quruculuğunda əhəmiyyətli işlər görüldü və təkcə Cənubi Qafqazın yox, dünyanın ən öndə gedən Silahlı Qüvvələri yaradıldı;
- Vətənpərvər ruhda gəncliyin yetişməsi üçün lazımı işlər görüldü;
- Milli birliyin güclənməsi, iqtidar-xalq tandeminin güclənməsi məqsədilə mühüm addımlar atıldı;
- Və ən əsası işğalçı Ermənistanın havadarlarının dəstəyi sıradan çıxarıldı, işğalçı ölkə müharibədə Azərbaycanın qarşısında tək qaldı;

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan tarixinin dəyişdiyi, evə qayıdış təqvimidir. Düşmənin 4 ilə işğal etdiyi ərazilər Azərbaycan Ordusu tərəfindən cəmi 44 günə azad edildi.

Tarixi Zəfər 30 ildir ürəyimizdə qışın bitmədiyi bahararın yenidən başlanması idi. Biz qalib gəldik.

Və bu illər ərzində bir-birimizə, həm də özümüzə arzuladığımız “Novruz bayramını Şuşada qeyd edək” diləyimiz gerçək oldu.

Bunu Ali Baş Komandan İlham Əliyev gerçəkləşdirdi;
Bunu İlham Əliyevin qurduğu ordu reallığa çevirdi.
Bunu İlham Əliyevin yetişdirdiyi gənclik həyata keçirdi.

Ötən il 28 ildən sonra Şuşada ilk Novruz tonqalının qalanması zəfərimizin ən əhəmiyyətli simvollarındandır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qaladığı bu tonqal xalqımızın 30 ilə yaxın üzərinə çökən işğal ağırlığının odda yanması, bizim üçün gerçək baharaın gəlməsi idi. Şuşada üçrəngli bayrağımızın dalğalanacağına illər öncə söz verən Prezident İlham Əliyevin bu tonqalı qalaması Azərbaycan liderinin milli maraqlar və dövlət naminə əzmkarlığının, mübarizəsinin simvolu idi.

İlham Əliyevin Şuşada 28 ildən sonra qalanan ilk tonqalın başında çıxışı Azərbaycan tarixinin ən unudulmaz səhifələrdəndir.

“2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”, - Prezident İlham Əliyev bildirirdi və bəyan edirdi ki, “Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”.

Baharın gəlişini qarşıladığımız bu günlərdə 28 illik ağrılı işğal dövrünü, 44 günlük müharibəni, Zəfəri və Şuşada ilk Novruz tonqalının qalanmasını xatırlamamaq olmur. Bu, artıq arzu deyil, gerçəkdir və bundan sonra bu gerçəyi heç bir qüvvə dəyişdirə bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm