Nida Təhlil
Qarabağa QAYIDIŞ və 29 il öncəki XƏYANƏTLƏR: Ağdam necə işğal edildi?
19 iyul 2022-ci il tarixində işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın startı verildi: 29 il öncə öz yurdlarından qaçqın düşən zəngilanlılar yeni salınmış Ağalı kəndinə - evlərinə qayıdırlar və bu, həm də Qarabağa qayıdışın başlanğıcıdır;
Böyük qayıdış 29 il öncə baş verənləri də yada salır. Xatirələr təkcə ona görə canlanmır ki, yurdundan əliyalın, hər şeyini geridə qoyub didərgin düşənlər bu gün evlərinə qələbə ilə qayıdırlar, həm də niyə itirdiyimiz və itirdiklərimizi qazanmaq üçün 30 il mübarizə aparmağımız göz önünə gəlir.
29 il öncə bu günlərdə nələr baş verdi, biz niyə məğlub olduq və bu məğlubiyyəti dəyişmək uğrunda 30 ilimizi sərf etdik: dövlət bütün enerjisini, xalq ömrünün yarısını.
1993-cü il: cəbhədə erməni işğalçılar sürətlə irəliləyir, Bakıda siyasi hakimiyyət uğrunda mübarizə gedirdi.
May ayında AXC-Müsavat hakimiyyəti Ermənistanla “atəşkəs müqaviləsi” imzalamağa çalışır və proseslə bunun mümkün olacağı ümidlərini yaradırdı, hətta Ermənistan qoşunlarını işğal etdikləri Kəlbəcərdən çıxaracaqlarını da deyirdilər.
Bakıda hakimiyyət hesab edirdi ki, ermənilər könüllü şəkildə Kəlbəcəri boşaldacaq, İrəvanda isə nəinki Kəlbəcəri boşaltmaq, Ağdamın da işğalı planları hazırlanırdı.
708-ci briqadasının 2-ci motoatıcı taborunun komandiri Xətai Baxışovun xatirələri:
- Ağdam istiqamətində aktiv döyüş əməliyyatları yox idi, lakin tezliklə bizə Əsgərandan ermənilərin hücuma keçdikləri bildirildi. Briqadamız hücumun qarşısını almaq üçün tədbirlər gördü. Tezliklə bu hücumun manevredici bir həmlə olduğunu anladıq. Ermənilər böyük qüvvələrlə Novruzlu-Mərzili istiqamətində hücuma başladılar. Bu istiqamətdə əsgər sayımız az idi, bu səbəbdən canlı qüvvəni evaukasiya etdik. Hər iki kənd ermənilər tərəfindən tutuldu.
Məlumatlara görə, 708-ci briqadanın komandiri Talıb Məmmədov prezident Elçibəyə ermənilərin “atəşkəs razılaşmasını” pozduqlarını, genişmiqyaslı hücuma başladıqlarını məruzə edir. Elçibəy Ter-Petrosyanla əlaqə saxlayır, erməni prezident hücum etdikləri xəbərlərinin doğru olmadığını iddia edir və Elçibəyi də buna inandırır. Elçibəy bu barədə briqada komandirinə deyəndə T.Məmmədov qəzəblə “erməni tankı gözümün önündə yanır” deyərək dəstəyi asır.
Bunun adı nə idi?
a) səriştəsizlik: AXC-Müsavat hakimiyyəti cəbhədəki komandirə yox, işğalçı Ermənistana inanırdı;
b) ağılsızlıq: təsəvvür edin, düşmən torpaqları işğal edə-edə gəlir və sizin “atəşkəs” təklifinizlə razılaşır, hətta qoşunlarını işğal etdiyi ərazidən çıxaracağı vədini verir; normal məntiq burada düşmənin hiyləsi olduğunu anlamağa imkan verər, buna inanmaq məntiqsizlikdən başqa bir şey deyil; Ter-Petrosyan Elçibəyi aldadırdı, təəssüf ki, o da buna inanırdı;
İşğalçılar AXC-Müsavat hakimiyyətini aldatmış və Ağdamın işğalı üçün böyük qüvvə ilə hücuma keçmişdi.
1993-cü ilin 23 iyuluna – Ağdamın işğalına qədər şəhər uğrunda 43 gün müharibə getdi. Əslində şəhərin işğalına şərait yaradan Bakıda siyasi ambisiyalar uğrunda mübarizə, AXC-Müsavat iqtidarının torpağı yox, hakimiyyətlərini qorumaq məqsədinə xidmət edən addımları idi.
Təkcə iki fakt hər şeyi anlamağa imkan verir.
Birincisi, Ağdamın müdafiəsini təşkil edən hərbi texnika və canlı qüvvənin bir hissəsi hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu: 1993-cü ilin 12 iyununda ermənilər Ağdam istiqamətində geniş hücuma başladılar. Həmin vaxt 12 ədəd D-30 haubitsası, 21 ədəd “Qrad” və canlı qüvvənin bir hissəsi artıq Ağdamdan çıxarılmış, Gəncədə Surət Hüseynova qarşı döyüşə göndərilmişdi. Cəbhədə müharibənin getdiyi vaxt ölkə daxilində də hakimiyyət uğrunda müharibə gedirdi. Ermənilərin hədəfi Azərbaycan torpaqlarını işğal etmək, AXC-Müsavat cütlüyünün hədəfi hakimiyyətlərini qorumaq idi.
İkincisi, düşmən Ağdama genişmiqyaslı hücuma keçdiyi vaxt şəhərin özündə hakimiyyət uğrunda mübarizə gedirdi: 15 iyulda Ağdam tikinti materialları kombinatının rəhbəri Qasım Kərimov bir qrup silahlı şəxslə rayon icra hakimiyyətinin başçısı Nadir İsmayılovu devirərək, İcra Hakimiyyətinin inzibati binasını zəbt etdi, özünü yeni başçısı elan etdi. Hakimiyyət mübarizəsində hərbçilərin də iştirakı ordudakı özbaşınalıqdan, hərc-mərclikdən xəbər verirdi. Ağdamın işğalına günlər qalmış “başçı” olmaq uğrunda mübarizənin aparılması təkcə bu şəhərdə yox, ümumilikdə respublikadakı vəziyyətin açıq nümunəsi idi.
Ağdam işğal olundu və Azərbaycan Ordusu bu istiqamətdə ciddi itkilər verdi. Şəhərin işğalından sonra digər ərazilərin işğalı üçün də Ermənistanın yolu açıldı.
Bütün bunlar AXC-Müsavat hakimiyyətinin Azərbaycana bəxş etdiyi mirasdır.
- İcra başçıları ilə batalyon komandirləri vəzifə davası aparır;
- Düşmən hücum etdiyi vaxt cəbhədəki batalyonlar hakimiyyəti qorumaq məqsədilə ölkə daxilindəki qüvvələrə qarşı yönəldilir;
- Orduda hərc-mərclik hökm sürür, hər əlində silahı olan öz başının dəstəsi ilə birlikdə hərəkət edir;
- Mərkəzi hakimiyyət nə yerlərdə idarəçiliyə, nə də orduya nəzarət edə bilir;
Bu, səriştəsizlik, ağılsızlıq, idarəçilik bacarığının olmaması və N qədər səbəbdən qaynaqlanırdı. Amma və lakin...
Bu qədər səbəb Ağdamın, ümumilikdə torpaqlarımızın işğalına haqq qazandıra bilməz. Bunun adı xəyanətdir.
- Cəbhədəki komandirə yox, Ter-Petrosyana inananda xəyanət edildi;
- Ağdamdakı hərbi qüvvələri S.Hüseynova qarşı mübarizəyə cəlb edəndə xəyanət edildi;
- Ağdama hücum ediləndə şəhərdə “başçı olmaq” uğrunda mübarizə başlayanda xəyanət edildi;
Tarix, yaşananlar və faktlar bu əməlin adının xəyanət olduğunu təsdiq edir.
Bu xəyanətin ağrısını Azərbaycan dövləti, Azərbaycan xalqı 30 il çəkdi. Bu xəyanətlərin nəticəsini düzəltmək, işğala son qoymaq üçün illərlə siyasi-hərbi müstəvidə mübarizə apardıq, şəhidlər verdik. Artıq Ağdam da, işğal altındakı torpaqlar da azaddır, artıq bu torpaqlara qayıdış prosesi başlanıb, o torpaqların azadlığı naminə bütün cəbhədələrdə döyüşən və “biz o torpaqlara qayıdacağıq” vədini həyata keçirən Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Qarabağda əbədi yaşayacağıq. Lakin yanlışları və xəyanətləri də unutmamalıyıq, tarixin təkrarlanmaması üçün...
Asif Nərimanlı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var