Nida Təhlil
Ermənistanın hərbi büdcəsi 1 milyard dolları keçəcək - İrəvan kimə qarşı silahlanır?
Ermənistan 44 günlük müharibədəki ağır məğlubiyyətinə rəğmən, yenidən sürətlə silahlanma kursu götürüb.
Publika.az xəbər verir ki, bunun bir təzahürü də baş nazir Nikol Paşinyanın bəzi dövlətlərin Ermənistana silah satmaqdan imtina etməsi ilə bağlı səsləndirdiyi narazılıq sayıla bilər.
“Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Halbuki bunun üçün ilkin sifariş verilmişdi”, - deyə Paşinyan giley edib.
Bu arada məlum olub ki, Hindistan Ermənistana 245 milyon dollar həcmində silah-sursat göndərəcək. Xəbəri “The Economic Times” qəzeti yayıb. Nəşrin məlumatına görə, silah tədarükü iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək. Sazişlərə uyğun olaraq, Hindistan Ermənistana xaricə ilk dəfə satılacaq öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəş sistemləri, həmçinin tank əleyhinə raketlər və sursat partiyası verəcək.
Hərçənd, Hindistan silahları Çin və Rusiya silahlarının keyfiyyətsiz və ucuz surətidir, bir çox meyarlarına görə Pakistanın silahlarından geri qalır. O da məlum olub ki, Ermənistan gələn il üçün öz müdafiə xərclərini 47%-ə çatdırmağı planlaşdırır. Bu o deməkdir ki, cırtdan ölkənin hərbi büdcəsi ilk dəfə 1 milyard dolları keçəcək. Özü də 47% çox yüksək rəqəmdir. Dünyanın heç bir ölkəsi öz ümumi büdcəsinin təxminən yarısını hərbiyə yönəltmir.
Bu, bir daha Ermənistanın sosial yönümlü yox, militarist xarakterli dövlət olduğunu ortaya qoyur. Axı ordu Ermənistanın nəyinə lazım, əgər qonşulardan heç biri ona təhdid yaratmırsa və əgər ordudan yalnız işğalçılıq məqsədi ilə istifadə edirsə, Ermənistanın sərhədlərini xarici dövlət - Rusiya qoruyursa...
Şahin Cəfərli
Siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, Hindistanın Ermənistana silah satmağa qərar verməsi ciddi hadisədir. Lakin onun sözlərinə görə, Hindistan silahları, təbii ki, Ermənistanın Azərbaycan qarşısında hərbi üstünlük qurmasına səbəb ola bilməz: “Hərçənd, kifayət qədər ciddi silah sistemlərindən söhbət gedir və bunu əhəmiyyətsiz saymaq olmaz. Burada məsələnin siyasi tərəfi daha önəmlidir. Hindistan qüdrətli dünya dövlətlərindən biridir və yüksələn gücdür. İndiyə qədər Azərbaycanın xarici siyasətinin fəlsəfəsi bundan ibarət idi ki, bütün güc mərkəzləri ilə mümkün olan ən yaxşı münasibətlər qurulsun, ən azı onların heç biri ilə ciddi problemlərin yaranmasına yol verilməsin, eyni zamanda onların bir-biri ilə, yaxud başqaları ilə konfliktlərində, rəqabətində tərəf tutulmasın, seçim edilməsin. Lakin indi bunun pozulmağa başladığını görürük”.
Onun fikrincə, Qoşulmama Hərəkatında iştirak və oradakı üzv ölkələrin ərazi bütövlüyümüzə birmənalı dəstəyini qazanmaq Azərbaycan hakimiyyətinin mühüm xarici siyasət uğuru kimi təqdim olunurdu: “İndi isə bu təşkilatın ən güclü üzvü və qurucularından biri olan Hindistan Ermənistana mühüm silah sistemləri satmaq qərarına gəlib. Aydındır ki, bu, sadəcə, ticarət deyil, siyasi qərardır. Dehlinin bu qərarı Bakı üçün həyəcan siqnalıdır. BMT-də Hindistan təmsilçisinin Azərbaycanı işğalçılıqda suçlamasını da unutmayaq. ABŞ Senatında Azərbaycana qarşı hazırlanan qətnamə və onun həmmüəlliflərindən birinin nüfuzlu respublikaçı Marko Rubio olması da xoş xəbər sayıla bilməz.
ABŞ-ın Qarabağ məsələsində əvvəldən bəri ədalətli mövqe tutmaması məlum məsələdir, amma Bakı indiyədək orada neqativ addımların qarşısını uğurla ala bilib və Vaşinqtonda həm respublikaçı, həm demokrat çevrələrlə kifayət qədər isti əlaqələr qurub. Amerikalılar da öz növbəsində Azərbaycanın çox mürəkkəb bir regionda yerləşdiyini sürəkli vurğulayaraq Bakının apardığı xarici siyasəti, Rusiyanın inteqrasiya layihələrinə qatılmayaraq müstəqilliyini qorumasını yüksək qiymətləndiriblər. Lakin son aylarda, xüsusən 22 fevralda Moskvada imzalanan Müttəfiqlik Bəyannaməsindən sonra Qərb və Rusiya ilə münasibətlərdə təmin olunan uzun illik balansın da sanki pozulmaqda olduğu nəzərə çarpır".
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Hindistanın Ermənistana 245 milyon dollar dəyərində silah verməsi Dehli üçün xaricə ilk silah satışı, İrəvan üçün dağılmış hərbi arsenalın bərpası baxımından fürsətdir: “Ancaq Dehlinin ilk silah bazarı olaraq Ermənistanı seçməsi müdafiə sənayesi üzrə ixrac imkanının dəyərləndirilməsindən daha böyük hədəfə hesablanıb. Bu addım Hindistanın Cənubi Qafqaza daxil olmaq məqsədi daşıyır. Birincisi, Dehlini Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı narahat edir, xüsusilə bu ittifaqın Kəşmir məsələsində İslamabadın mövqeyini gücləndirməsi baxımdan. İkincisi, ”Üç qardaş"ın təşkil etdiyi ox Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm potensiala malikdir və Dehli bu xəttə qarşı əks-həmlələrə əl atır. Hindistanın əks-həmlələrini Cənubi Qafqazda qurması da strateji əhəmiyyətli Orta Dəhlizin əsas xablarından birinin bura olmasıdır".
Ekspert qeyd edir ki, Hindistan Ermənistanı silahlandırmaqla həm Azərbaycana qarşı müqavimətini gücləndirməyə, həm də bölgədə iştirak imkanlarına nail olmağa çalışır: “Burada Qərb-Ermənistan-İran-Hindistan xəttinin maraqlarının uzlaşması, xüsusilə Zəngəzur dəhlizi məsələsində eyni mövqedə olmaları da diqqət çəkir. Və o ehtimalı da ön plana çıxarır ki, Hindistanın Ermənistanı silahlandırılması prosesinin pərdəarxası iştirakçıları arasında Qərb ölkələri də var”.
Turan Rzayev
Ekspert Turan Rzayev isə bildirir ki, Hindistan müstəqil ölkədir və istədiyi ölkəyə silah sata bilər, lakin silah satdığı ölkənin Ermənistan olması bu ölkənin öz müqəddəslərinə, tarixi şəxslərinə də hörmətsizliyinin göstəricisidir: “Məsələ ondadır ki, ötən il martın 29-da İrəvanda yerləşən Hindistanın siyasi və ideoloji lideri Mahatma Qandi abidəsini yandırmışdı. Özü də bu hadisə erməni millətçiləri tərəfində heykələ qarşı aksiya başladılaraq edilmişdi. Qandinin heykəlinin yandırılmasını səbəb isə erməni milliyyətçilərinin onu ”erməni soyqırımı"nı inkar etməkdə günahlandıraraq Qandini Türkiyəyə simpatiyada ittiham etmələri idi. İkincisi, Azərbaycanın Pakistan ilə münasibətləri və Kəşmir məsələsidir. Aydın məsələsidir ki, son illərdə Pakistanla Azərbaycan arasında münasibətlər sürətlə və çoxşaxəli şəkildə inkişaf edir. İki ölkə arasında imzalanan hərbi siyasi müqavilələr görünür Hindistanı narahat edir. Pakistanın 44 günlük vətən müharibəsindəki mövqeyi və Bakıya açıq dəstək verməsi isə görünür Hindistanı xüsusi ilə ciddi narahat edib. Yeni Dehli görünür Bakının Kəşmir münaqişəsində mövqeyinin dəyişməsindən ehtiyat edir. Halbuki Azərbaycan hər zaman Kəşmir münaqişəsinin beynəlxalq hüquq əsasında dinc yolla həllini dəstəkləyib". ("Yeni Müsavat")
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar