“Çətir diplomatiyası”: Əliyev Putinin planını necə pozdu?
Bizi izləyin

Nida Təhlil

“Çətir diplomatiyası”: Əliyev Putinin planını necə pozdu?

Soçidə yağışlı havanın olması, sanki simvolik idi, çünki çətirə mütləq ehtiyac olacaqdı və bu, həm də mübaliğə ilə desək, kimin hansı “çətirin altında” olduğunu görmək baxımından fürsət idi.

Putin ilk olaraq Paşinyanı qəbul etdi. Görüşün keçirildiyi “Rus” sanatoriyasının qarşısına gələn erməni baş nazir çətirsiz idi və sanki bu məqamı gözləyən Putin onu öz çətirinin altına alaraq fotoobyektlərə poz verdi.

Paşinyanı yağışdan qorumaq məqsədi daşıyan bu gediş, həm də siyasi mesaj idi. Və bu, İrəvanın Moskva qarşısında mərkəzdənqaçma siyasəti fonunda təsadüfi deyil.

Hazırda Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ciddi alternativ kimi çıxış etməyə başlayıb: Avropa İttifaqı və ATƏT monitorinq missiyasının Ermənistana gəlməsi və Azərbaycanla sərhəddə işə başlaması 44 günlük müharibədən sonra bölgədə Moskvaya qarşı “arxadan zərbə” idi və bunu “müttəfiqi” İrəvan endirib; Rusiyanın Ukraynada Qərblə müharibə apardığı vaxt Ermənistanın bu gedişi Kremldə xoş qarşılanmasa da, Putin “evdən qaçan qızı” xatırladan Paşinyanı, görünür diplomatik yolla geri qaytarmağa çalışır;

Erməni baş nazirin başına tutduğu çətir də özündə iki mesajı birləşdirir:

- Paşinyana “səni yağışdan da, göydən başına düşə biləcək istənilən “daşdan” da yalnız mən qoruya bilərəm” deyir;
- Qərbə “Ermənistanı yoldan çıxarmağa çalışsanız da, mənim çətirim altındadır” deyir;

Paşinyanı “evə qaytaran” Putin, Azərbaycan liderini qarşılamaq üçün “Rus”un kandarına çıxır. Göydən Ukrayna torpaqlarına qarışan rus qanı yox, yağış yağır və Putin, bəlkə də buna görə Soçi səmasına minnətdar olmalı idi, ən azı özünü rahat hiss etməsi baxımından. Və yağışa da minnətdarlıq edə bilərdi, bəlkə də etmişdi də, “çətir gedişi” edə bildiyi üçün.

Budur, Əliyev yaxınlaşır, Putin çox istəyərdi Azərbaycan Prezidentini də “öz çətirinin altına” alsın. Amma istəyi baş tutmadı. Təkcə ona görə yox ki, Putinin əli Əliyevin başına çətir tutmağa çatmayacaqdı, həm də Bakıdan gələn qonağın öz çətiri vardı. Və bu çətir Putinin çətirindən rəngi ilə fərqlənirdi.

Azərbaycan lideri incə siyasi gediş etmişdi:

- “Mən heç kimin çətirinin altında deyiləm” mesajını verir;
- Çətir götürmək zərurəti yaranarsa, öz çətirim islanmaqdan qoruya biləcək gücdədir;

Beləliklə, Putinin “çətir diplomatiyası” Əliyevə işləmədi. Və Azərbaycan lideri Soçi görüşündə Paşinyanın da, Putinin də oyununu pozaraq, öz gündəliyini diktə etdi. Nə Qarabağın masada müzakirəsinə imkan verdi, nə də Azərbaycan suverenliyinə qarşı hansısa məsələnin. Öz çətirinin altında getdiyi Soçidən Azərbaycan adına növbəti diplomatik qələbə ilə qayıtdı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm