Nida Təhlil
Qərbi Azərbaycan və Qarabağdan 20 Yanvar qırğınına uzanan qanlı plan
1990-cı ilin qanlı yanvar günü. 33 il öncə Azərbaycan tarixinə faciə, həm də qəhrəmanlıq salnaməsi olaraq yazılan bu təqvimə gedən yol Qarabağdan və Qərbi Azərbaycandan başlanmışdı.
1987-ci ildən etibarən Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə erməni separatizmi baş qaldırdı. Buna paralel olaraq, 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası başlandı 250 min azərbaycanlı öz yurdundan qaçqın düşdü. 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi.
Azərbaycan xalqı baş verənlərə səssiz qalmadı, etirazlar başlandı. 20 Yanvar faciəsi məhz xalqın əzmini qırmaq, azərbaycanlıların deportasiyası və Qarabağın işğalına qarşı etirazını susdurmaq məqsədi daşıyırdı. SSRİ-nin hər iki mənada ləkəli başı Qorbaçov deportasiyanı dəstəkləyir, Qarabağda erməni separatizmini körükləyir, yanan ocağın üzərinə yağ tökürdü.
Bu, o tarix idi ki, Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılmış, Azərbaycan faktiki başsız qalmışdı. Ermənilərin planı da bu idi: Azərbaycanı müdafiə edəcək və nə Qarabağın işğalına, nə də 20 yanvar qırğınına imkan verməyəcək əsas şəxsi – Heydər Əliyevi kənarlaşdırmaq, işğala gedən yolu təmizləmək. Bu mərkli planda Qorbaçov böyük rol oynadı.
Qanlı Yanvarın icraçısı olan SSRİ müdafiə naziri marşal Dmirti Yazov Qorbaçovun erməni separatizminə dəstəyini belə xatırlayırdı:
“Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: “Siz artsax haqqında danışırsınız?”. Ermənilər Qarabağı “artsax” adlandırır. Bu, onlarına xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”. Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Qorbaçov məni, Kryuçkovu və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş Girenko və Primakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər”.
Ermənistandan azərbaycanlılar kütləvi şəkildə deportasiya olunur, Qarabağda erməni separatizmi şiddətlənir və qarşıdurma qızışırdı. SSRİ rəhbərliyi ilə bunun qarşısını almaq əvəzinə, qarşıdurmanı daha da qızışdırırdı. İllər sonra ortaya çıxan faktlar Qarabağın işğal edilməsi və 20 Yanvar qırğınının arxasında SSRİ-nin başında dayanan Qorbaçovla yanaşı, ABŞ-dakı erməni diasporu/lobbisinin də olduğu bəlli olacaqdı.
19 yanvar, 1990-cı il, Bakıya hücumdan bir gün öncə: Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir. Pell bildirir ki, Sovet rəhbərliyi “Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.
“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, – Pell Şevardnadzeyə belə deyirdi.
Həmin görüşdən bir gün sonra Qorbaçov “azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu yeritdi.
SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıda dinc əhaliyə qarşı hərbi cinayət törətdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Qorbaçov Bakıda dinc əhalini qətlə yetirəndə ermənilər Qarabağın işğalına hazırlaşırdı və bu işdə erməni diasporu/lobbisi də ciddi siyasi dəstək verirdi. 20 Yanvar qırğınından üç ay sonra – martın 18-də ABŞ Konqresinin bir qrup üzvünün Qorbaçova ünvanladığı müraciət bunun sübutudur. Konqresmenlər azərbaycanlıların Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirlər.
Məktubda Qorbaçova xitabən bildirilirdi: “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.
Bu müraciət 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində iştirak edənlərin coğrafi miqyasını da əks etdirir. Müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsini Şevarnadzedən tələb edən Kleyborn Pell, senatorlar Pit Uilson, Pol Seymak, Lerri Breksler, o cümlədən, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri də var idi.
20 Yanvar Azərbaycan tarixinin dönüş nöqtəsi hesab oluna bilər. Bəli, bu ümumxalq hüzn günüdür, yüzlərlə şəhid vermişik, yüzlərlə insan yaralanıb. Lakin bu, həm də Azərbaycan milli kimliyinin formalaşmasında mühüm rol oynadı, dövlət müstəqilliyinin bərpa edilməsində əhəmiyyətli hadisə oldu. İnsanlar əliyalın tankın önünə çıxır, qorxmadan, çəkinmədən haqq səslərini çatdırırdılar.
Bu prosesdə ümumilli lider Heydər Əliyevin xalqın yanında olması müstəqilliyimizin bərpasına gedən yolda əhəmiyyətli rol oynadı. Heydər Əliyev artıq heç bir vəzifəyə malik deyildi, amma onun xalqı üçün mübarizə əzmi sönməmişdi. Qanlı Yanvar qırğınına Moskvada ilk sərt reaksiya verən və Kommunist Partiyasının biletini hər kəsin gözü önündə atan, beləliklə, milli mübarizəni alovlandıran da Heydər Əliyev oldu.
Faciədən dərhal sonra – yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət törətdiyini bəyan etdi.
“...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”, - Heydər Əliyev bildirmişdi.
“Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam”.
Heydər Əliyev məqalələrinin birində 20 Yanvar faciəsinin sifarişçisi Mixail Qorbaçovu və icraçısı olan SSRİ müdafiə naziri Dmitri Yazovu açıq şəkildə tənqid edirdi və sona qədər də onları bağışlamadı.
Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “...Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.
20 Yanvar hadisəsi ilə Azərbaycanda milli kimlik oyanışı baş verdi və tezliklə dövlət müstəqilliyi bərpa edildi. Ermənilər və havadarları isə məkrli planlarını yerinə yetirə, Azərbaycan torpaqlarını işğal edə bildilər. Bu, həm də o dövrün zəif hakimiyyəti, ölkədə yaşanan vətəndaş qarşıdurmasının nəticəsi idi.
20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı:
- 1990-cı il martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı;
- Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi;
- Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı;
- Xocalı soyqırımı 613 nəfərin öldürülməsi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir;
- Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır.
20 Yanvar hadisəsi dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində gələcəyə hesablanmış strateji fəaliyyətə başladı. 2003-cü ildən sonra bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Qarabağa, zəfərə gedən yolu daha əzmkarlıqla inşa etməyə başladı.
Və 30 il sonra böyük Zəfərlə işğal edilmiş torpaqlarımız azad edildi. Artıq qalib ölkəyik və Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlara qayıdış strategiyası həyata keçirilir: Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək.
Və öz torpaqlarını işğaldan azad edən, Böyük Qayıdışa başlayan Azərbaycan xalqı Qərbi Azərbaycana da qayıdacaq. Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib. Torpaqlarımızda işğala son qoyulacağını deyən və bunu həyata keçirən Azərbaycan liderinin “Qərbi Azərbaycana qayıdacağıq” sözləri də gələcəyi proqnozlaşdırmağa imkan verir. Qarabağa qayıdan azərbaycanlılar Qərbi Azərbaycana, öz tarixi torpaqlarına da qayıdacaq.
Asif Nərimanlı
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...