Bakının tələbidir: Qarabağda yeni əməliyyat... - Türk general detalları açdı
Bizi izləyin

Nida Təhlil

Bakının tələbidir: Qarabağda yeni əməliyyat... - Türk general detalları açdı

11:56

“Laçın-Xankəndi yolu Azərbaycan tərəfindən tam nəzarətə götürülməlidir. Təxribatlar davam edərsə, Azərbaycanın antiterror əməliyyatlarına başlamaqdan başqa yolu qalmayacaq”.

Bu sözləri Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Karauzun sözlərinə görə, üçtərəfli bəyanata uyğun olaraq Qarabağdakı erməni silahlı qüvvələrinin varlığına son qoyulmalıdır:

“Ermənistanın kapitulyasiya sənədinə imza çəkməsindən 2.5 il keçib. Yəni beş il müddətinə Azərbaycan torpaqlarına gələn Rusiya sülhməramlılarının xidmət müddətinin yarısı keçib. Bu günə qədər üçtərəfli bəyanatın 4-cü bəndində qeyd olunan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması təmin edilməyib. Həmçinin Azərbaycan torpağı olan Qarabağa silah-sursatın daşınmasına, təəssüf ki, Rusiya sülhməramlıları mane olmayıblar. Qarabağ tarix, mədəniyyət, beynəlxalq hüquq baxımından Azərbaycanındır. Heç kim öz sərhədləri daxilindəki torpaqlarda başqa bir silahlı dəstə, terrorçu qruplar istəməz. Bu iki il yarımlıq müddət ərzində Ermənistan məsələni uzatmaq, atəşkəs anlaşmasını sülh müqaviləsinə çevirməmək, Azərbaycanı beynəlxalq hüquqda təkləmək, zaman qazanmaq, buna çalışarkən da bəzən ABŞ-la, bəzən Rusiya ilə, həmçinin Avropa ilə birlikdə hərəkət etmək məqsədi güdüb”.

General qeyd edib ki, Xankəndi-Laçın yolunda üç aydır davam ekoaksiya Ermənistanın və Rusiya sülhməramlılarının əsl niyyətini ortaya çıxardı:

“Aksiyadan sonra silah-sursat daşınmaları əvvəlki kimi rahat həyata keçirilmədi. 2020-ci ilin noyabrından bəri müxtəlif yollar vasitəsilə separatçılara silah daşınıb. Onlardan biri də son təxribatın törədildiyi dağlıq yoldur. Oradan onlar silah-sursat, mina və ya terrorçu ünsürləri daşımaq üçün istifadə edirdilər. Bütün bunları nəzərə alaraq, Azərbaycan tərəfi haqlı olaraq öz torpaqlarında yaşayan ermənilərlə Ermənistan arasındakı bütün fəaliyyətlərə nəzarət etməlidir. Əgər qeyri-qanuni durum varsa, ortadan qaldırılmalıdır”.

Y.Karauz hesab edir ki, yalnız quru yolla deyil, həm də Xocalı aeroportu vasitəsilə Qarabağa daxil olan və oradan çıxan hər şey Azərbaycan tərəfinə Rusiya sülhməramlıları və Rusiya-Turkiyə Birgə Monitorinq Mərkəzi vasitəsilə bildirilməlidir:

“Həm qurudan, həm də havadan Qarabağa gələn personal, məhsul, logistik nə varsa, Azərbaycana hesabat verilməlidir. Bakının səbrini daşıran və Ermənistanı cəsarətləndirən, Rusiya sülhməramlılarının gözü önündə postlar qurmaq və ya Ermənistan sərhədində Avropa İttifaqının missiyasını gətirməklə xoş niyyətdən bəhs edilə bilməz. Azərbaycan həm havadan, həm də qurudan personal və logistik ünsürləri tam nəzarətə götürməlidir. Hətta Xocalıdakı hava limanına nəzarət və yoxlama əməkdaşlarını özü yerləşdirməli, ya da Ağdamdakı ortaq mərkəzdən və ya Rusiya sülhməramlıları əlavə heç nəyə ehtiyac olmadan bütün fəaliyyətləri Azərbaycana məruzə etməlidi”.

General əlavə edib ki, bütün bunlar reallaşmasa, Ermənistanın heç bir əxlaqa və hüquqa sığmayan davranışı və gərginlik davam etdiyi təqdirdə, Azərbaycan antiterror əməliyyatlarına başlayaraq öz torpaqlarını silahlı ünsürlərdən və terrorçu qruplardan təmizləməlidir.

Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olub. Qarşı tərəf Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan cavab atəşi ilə susdurulub.

Rəsmi Bakının Qarabağda erməni təxribatına həm hərbi (Müdafiə Nazirliyi), həm siyasi (Xarici İşlər Nazirliyi) müstəvidə verdiyi münasibətdə Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulması və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması əksini tapıb (10 noyabr bəyanatının 4-cü bəndi). Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatlar daşınması bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm