Türk generaldan Qarabağdakı ermənilərə xəbərdarlıq: ya Bakını seçin, ya da...
Bizi izləyin

Nida Təhlil

Türk generaldan Qarabağdakı ermənilərə xəbərdarlıq: ya Bakını seçin, ya da...

Qarabağda Azərbaycana inteqrasiya etmək istəyən ermənilərin sayı artır. Ancaq separatçı rejim Azərbaycana inteqrasiya etmək istəyən erməniləri təhdid edir. Bakı Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya Azərbaycana inteqrasiya edəcəklər, ya da daha sərt addımlar atılacaq. Qondarma “müşavir” David Babayanın “bu, ermənilər üçün intihar deməkdir” sözləri də inteqrasiya tərəfdarı olanları cəzalandıracaqlarına dair xəbərdarlıq kimi qəbul edilir.

Bu vəziyyətdə Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyini qorumaq üçün hansı addım ata bilər? Bakı separatçılara qarşı əməliyyat başlada, həmçinin erməni əhalisinin separatçıların təhdidi altında olduğu məsələsini beynəlxalq müstəvidə müzakirəyə çıxarmağı nəzərdən keçirilə bilərmi?

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Publika.az-a deyib ki, separatçıların Azərbaycana inteqrasiya olmaq istəyən və Azərbaycan bayrağı altında azad şəkildə yaşamaq istəyən insanlara qarşı təhdidləri beynəlxalq hüquq baxımından cinayətdir:

“Separatçı rejimin Azərbaycana inteqrasiya etmək istəyən ermənilərə “müraciəti” əslində təhdid olmaqla yanaşı, həm də öz millətinə qarşı həyata keçirdiyi qanundankənar fəaliyyətdir. Bu, beynəlxalq hüquqa ziddir. Bu müddətdə Bakı Qarabağda yaşayan və Azərbaycana inteqrasiya etmək istəyən insanların qanuni haqlarını zəmanət altına alacaq və onlara yaşamaq üçün yüksək səviyyəli imkanlar tanıyacaq addımlar ata bilər. Hazırkı müddətdə həmin şəxslərlə bağlı hansısa fəaliyyətin icra edilməsi o qədər də mümkün görünmür. Yəni bu müddətdə Qarabağdakı ermənilərin təhdid olunmasına, onlara təzyiq göstərilməsinə qarşı hansısa əməliyyatın başladılması erkən ola bilər. Əsas əməliyyatlar hazırda terror fəaliyyəti ilə məşğul olan, Qarabağa qanunsuz silah daşıyan separatçılara qarşı həyata keçirilməlidir”.

Y.Karauz qeyd edib ki, Bakı inteqrasiya etmək və Azərbaycan vətəndaşları ilə birgə yaşamaq istəyən ermənilərə həyat təhlükəsizliyi, ifadə azadlığı, iş imkanları, təhlükəsiz, sərbəst və dinc yaşamanın təminatını verilə bilər:

“Qarabağda yaşayan ermənilərin başqa seçimləri yoxdur, onlar zamanla Azərbaycana inteqrasiya olunacaqlar. Onlar yaxşı düşünsünlər: orada başqalarının siyasi əməlləri üçün ac-susuz, yoxsulluq içərisində yaşamaq daha yaxşıdır, yoxsa Azərbaycan vətəndaşı olaraq mədəni, sosial, iqtisadi rifah içərisində yaşamaq. Bunun seçimini etmələri lazımdır. Terrorçular, separatçılar isə birmənalı olaraq sıradan çıxarılmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında Qarabağdakı erməni əhali ilə bağlı zaman-zaman fikirlər səsləndirib. “Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”, - dövlət başçısı qeyd edib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm