Qarabağda erməni ordusunun qaldığı təsdiq edildi - “Qisas 3” əməliyyatı qaçılmazdır
Bizi izləyin

Nida Təhlil

Qarabağda erməni ordusunun qaldığı təsdiq edildi - “Qisas 3” əməliyyatı qaçılmazdır

Ordumuzun həyata keçirdiyi “Qisas 2” əməliyyatı nəticəsində Qarabağda qanunsuz hərbi birləşmələrin məhv edilən 5 üzvünün ikisinin Ermənistana təhvil verilməsi istiqamətində danışıqlar davam edir. Artıq İrəvan da bu hərbçilərin Ermənistan Silahlı Qüvvələrinin hərbçisi olduğunu təsdiq edib. Və bununla Qarabağda Ermənistan ordusunun mövcudluğu Ermənistanın özü tərəfindən etiraf edilir.

10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndində qeyd olunur ki, “Rusiya sülhməramlıları kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Razılaşmadan üç ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan bu öhdəliyini icra etmir, “təhlükəsizlik missiyası” adı ilə Azərbaycan ərazisinə sülhməramlılarını yerləşdirən Rusiya bununla bağlı heç bir praktiki addım atmır. Rusiya bəyan edir ki, bu məsələnin icrası Ermənistandan asılıdır. Rəsmi İrəvan isə öhdəliyini yerinə yetirməmək üçün müxtəlif bəhanələr irəli sürür: gah üçtərəfli bəyanatın müddəalarını təhrif edir, gah erməni silahlı qüvvələrinin hərbçilərinin Qarabağda olmadığını, silahlı dəstələrin separatçıların qondarma “müdafiə ordusu” olduğunu iddia edir, gah da erməni ordusunun hərbçilərinin çıxarıldığı iddiasını ortaya atır. Ermənistanın bununla bağlı sonuncu izahı belə oldu ki, Qarabağa daha hərbi çağırışçı göndərmirlər, sonuncu çağırışçı avqust ayında bölgədən ayrılıb.

“Qisas 2” əməliyyatı nəticəsində məhv edilən erməni hərbçilərin ikisinin Ermənistan silahlı qüvvələrinin üzvü olması faktı, İrəvanın bu faktı təsdiq etməsi və onların cəsədlərinin təhvil verilməsi istiqamətində aparılan danışıqlar İrəvanın bütün iddialarını alt-üst edir:

- Ermənistan Qarabağda – Azərbaycan ərazisində hərbi mövcudluğunu davam etdirir;
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsinə, sülh müqaviləsində maraqlı olduğunu bildirməsinə baxmayaraq, reallıqda hərbi-siyasi təxribatlarını davam etdirir;


Hazırda Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələrin 10 minə yaxın üzvü var. Bu hərbçilərin yarısından çoxu Ermənistan silahlı qüvvələrinin mənsublarıdır. Onların bir qismi müharibə vaxtı Qarabağda qalıb, bir qismi isə müharibədən sonra Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçib. Bu qanunsuz dəstələrin vahid əməliyyat-idarəetmə sistemi, logistikası, silah-sursat və digər təminatı Ermənistan ordusunun Baş Qərargahı tərəfindən həyata keçirilir, maliyyələşmə də Ermənistan büdcəsindən təmin edilir.

“Qisas 2” əməliyyatı bunu ortaya çıxardı və Ermənistanı fakt qarşısında qodu. Bu reallıq fonunda Paşinyanın sülhdə maraqlı olduqlarını deməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməsi yumşaq desək riyakarlıqdır. Ermənistan tərəfi eyni riyakarlığı üçtərəfli bəyanatın bütün müddəaları ilə bağlı sərgiləyir və Azərbycanı razılaşmaya əməl etməməkdə ittiham edir. Halbuki, Azərbaycan indiyə qədər üçtərəfli bəyanatın bütün bəndlərini icra etsə də, Ermənistan ən vacib müddəaları yerinə yetirməkdən imtin edir.

- 4-cü bənd: erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmır;
- 9-cu bənd: Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsinin təmin edilməsi, Zəngəzur dəhlizinin açılması reallaşmayıb;


Üçtərəfli bəyanatda imzası olan Ermənistanın baş naziri bununla bağlı öhdəlik götürüb. Bəyanata imza atan Rusiya prezidenti isə bu öhdəliklərin təmin edilməsinin qarantı olduğunu bildirib. Nə Ermənistan öhdəliyini icra edir, nə də Rusiya üzərinə düşən missiyanı həyata keçirir. Bu halda üçtərəfli bəyanat legitimliyini itirmiş hesab edilə bilər və buna görə məsuliyyət daşıyan tərəflər də Ermənistanla Rusiyadır. Hər iki ölkə indiyə qədər 10 noyabr razılaşmasının legitimliyini itirməsi üçün əlindən gələni edib. Bu baxımdan, artıq legitimliyi sual altında olan bəyanatla bağlı Azərbaycanı nədəsə ittiham etmək absurddur.

Məhv edilən qanunsuz silahlı dəstənin iki üzvünün Ermənistan ordusunun hərbçisi olması faktı bütün bunları bir daha gündəmə gətirdi.

Bundan sonra proseslərin mümkün inkişafı qaçılmaz olacaq.

Ermənistan silahlı qüvvələrinin iki hərbçisinin cəsədinin qarşı tərəfə verilməsi istiqamətində sülhməramlılarla təmaslar davam edir və Azərbaycan humanizm prinsiplərinə əsasən cəsədlərin qaytarılmasını təmin edəcək. Lakin Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirməlidir:

- Qarabağda tam demilitarizasiya həyata keçirilməlidir;
- Qanunsuz silahlı dəstələr – erməni ordusunun mənsubları da, separatçıların terror dəstələri də tərkisilah edilməlidir;
- Qanunsuz hərbi birləşmələr Azərbaycan ərazisindən çıxarılmalıdır;
- Ərazidə yaşayan əhalinin Azərbaycana reinteqrasiyası təmin olunmalı, bu prosesə maneə yaradanlar zərərsizləşdirilməlidir;


Rusiya və Ermənistan bunu etməsə, Azərbaycan öz ərazisində təhlükəsizliyinin təmin edilməsi istiqamətində praktiki addımlarını genişləndirəcək. İşğal dövründə danışıqlar adı ilə prosesi 30 il uzatdılar, lakin sonda Azərbaycan ərazi bütövlüyünü özü təmin etdi. Analoji addım yenidən atıla bilər və bu dəfə ərazimizin silahlı dəstələrdən təmizlənməsi məqsədilə Ordumuzun “Qisas 3” əməliyyatını həyata keçirməsi üçün qısa müddət yetərli olacaq.

Qanunsuz hərbi birləşmələrin fəaliyyəti də bu zərurəti yaradır. Çünki Qarabağda yeni təxribatların hazırlandığı və Rusiya sülhməramlılarının buna səssiz qaldığı, hətta şərait yaratdığına dair məlumatlar var. Yeni təxribatlar olacaqsa, Azərbaycan Ordusunun “Qisas 3” əməliyyatı da qaçılmaz olacaq. Ali Baş Komandan, Prezident İlham Əliyev də Silahlı Qüvvələr Günü münasibətilə çıxışında istənilən təxribata sərt cavab veriləcəyini bəyan etdi.

Azad olunmuş ərazilərə əhalisinin qayıdışı prosesi də qanunsuz silahkı dəstələrin çıxarılmasını və bölgənin tam demilitarizasiyasını tələb edir. Bununla bağlı Rusiya və Ermənistan öhdəliyini yerinə yetirməsə, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə suveren torpaqlarında qalan silahlı dəstələri tam zərərsizləşdirmək əzmindədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm