Nida Təhlil
Türkiyə və İran sülh danışıqlarına cəlb edilsin, Rusiya uzaqlaşdırılsın: Qarabağla bağlı yeni plan
Azərbaycan-Ermənistan sülh sazişi ancaq Türkiyə və İranın iştirakı ilə mümkündür. Dağlıq Qarabağda sülhə gedən yol Ankara və Tehrandan, ola bilsin ki, Vaşinqtondan keçir. “The National Interest”də dərc olunmuş təhlildə belə iddia edilir. Yazıda “Dağlıq Qarabağ” uzun müddət mübahisəli qalan ərazi kimi təqdim olunur və iyulun 15-də Brüsseldə danışıqların növbəti raunduna baxmayaraq, Ermənistan və Azərbaycan arasında zorakılıq davam etdiyi qeyd olunur. Xatırladılır ki, Ermənistan baş naziri Nikol Paşinyan gərginliyi sabitləşdirməyə çalışaraq, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyacağına söz verib. Müəllifə görə, Bakı və İrəvan arasında ABŞ-ın ev sahibliyi edəcəyi gələcək sülh danışıqları regionun taleyinin həlli üçün çox vacibdir. Sülh təklifləri birbaşa münaqişə tərəflərin üzərində cəmlənsə də, möhkəm və davamlı sülhüm əldə edilməsi naminə potensial danışıqlar üçün Azərbaycanı dəstəkləyən Türkiyə və Ermənistanı dəstəkləyən İranın cəlb edilməsi zəruri olacaq.
Qeyd olunur ki, Türkiyənin ortaq mədəni və etnik irsi və təsir dairəsini qorumaq üçün Azərbaycanın “Dağlıq Qarabağdakı ərazi iddialarını” dəstəkləyib, İkinci Dağlıq Qarabağ Müharibəsi zamanı onun böyük qələbəsini təmin edən “Bayraktar TB2” PUA-ları da daxil olmaqla infrastruktur və silah yardımı göstərib, bu dəstək Bakını öz iddialarından güzəştə getməməyə təşviq edib. Amma İran ordusu və SEPAH Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirərək Ermənistana dəstək ifadə edib. Müəllif daha sonra İranın təbliğati tezislərini təkrarlayır: Kifayət qədər azərbaycanlı əhalisi olan İran İsrailin Qafqazdakı təsirindən narahatdır. Bakı Cənubi Ermənistan ərazisi ilə Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur quru nəqliyyat dəhlizini inşa etsə, İran Cənubi Qafqazdan daha da təcrid oluna bilər.
Nəşrə görə, regional gücləri gələcək sülh danışıqlarından kənarlaşdırmaq düzgün deyil. Qarşıdan gələn danışıqlar Ermənistan və Türkiyəyə 2022-ci ildə müzakirə olunan əlaqələrin normallaşması istiqamətində konkret addımlar atmaq imkanı yaradır. İran qonşusu ilə sülh əldə etməklə öz azərbaycanlı əhalisini də sakitləşdirə bilər. Türkiyə və İranı barışdırmaq həm də Vaşinqtonun Ankara və Tehranla öz münasibətlərini yaxşılaşdırmaq üçün bir yol ola bilər. ABŞ-Türkiyə münasibətləri 2000-ci illərin əvvəllərindən bəri pisləşib. ABŞ 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İranla əlaqələri dondurulmuş vəziyyətdədir. Dağlıq Qarabağ üzrə əməkdaşlıq vasitəsilə Vaşinqton və Tehran nüvə silahının yayılmaması da daxil olmaqla digər sahələrdə sülh danışıqlarını potensial olaraq canlandıra bilər.
“The National İnterest” daha sonra qeyd edir ki, İran və Qərb arasında diplomatik əməkdaşlıq çətin görünsə də, bütün tərəflərin sülhün daha da möhkəmləndirilməsində açıq maraqları var. Keçmişdə etiraz aksiyaları keçirən azərbaycanlı əhalisi İranın birliyinə problemlər yaradır. ABŞ və Fransa da böyük erməni diaspor icmalarının vətənidir. Amerika və Aİ investorları Azərbaycanın enerji layihələrində kommersiya maraqlarını qoruyurlar. Bu layihələr 2027-ci ilə qədər Brüsselin Azərbaycandan qaz idxalını iki dəfə artırmaq üçün Aİ-Azərbaycan enerji planının uğuru üçün çox vacib olacaq.
Daha sonra davamlı sülhün təmin edilməsi üçün şərtlər açıqlanır: Birincisi, Azərbaycan “Laçın dəhlizinin blokadasını” dayandırmalıdır. Guya blokada 120.000 Qarabağ ermənisinin hərəkət azadlığını məhdudlaşdırıb, onların ərzaq və dərman vasitələrinə çıxışını təhlükə altına alıb. Blokadaya son qoymaq, Ermənistana Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa imkan verən uyğun güzəşt olardı. Erməni əhalisinin müdafiəsi də davamlı sülh üçün mühüm əhəmiyyət kəsb edəcək və İrəvanın potensial etnik təmizləmə ilə bağlı narahatlığını aradan qaldıracaq. Vaşinqton aydın bildirməlidir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməməsi Bakının etibarlı ticarət tərəfdaşı kimi reputasiyasına mənfi təsir göstərəcək.
İran və Türkiyənin eskalasiya praktikasını azaltmaq öhdəliyi Qarabağdakı gərginliyi daha mühüm münaqişəyə çevrilməkdən saxlayacaq. BMT sülhməramlıları bu şərtlərin qorunub saxlanmasının ideal, neytral təminatçılarıdır, çünki Rusiya sülhməramlıları regionda zorakılığın qarşısını almaqda səmərəsiz olublar. ABŞ-dan olan sülhməramlılardan söhbət gedə bilməz, çünki ABŞ-ın Cənubi Qafqazda yeni müharibələr riskini əsaslandıracaq həyati milli maraqları yoxdur.
ABŞ anlamalıdır ki, o, Türkiyə və İranı gələcək Dağlıq Qarabağ sülh danışıqlarına daxil etməklə kifayət qədər fayda əldə edə bilər. Bu, təkcə saysız-hesabsız mühüm məsələlər üzrə açıq dialoq şansı deyil, həm də Dağlıq Qarabağ regionunda davamlı sülhün ən böyük ehtimalını təmin edə bilər.
Təhlil kifayət qədər birtərəflidir. İranın uzun müddətdir ki regional oyunçu kimi özünü təsdiqləmək, Qərblə sövdələşmələr üçün münaqişədən istifadə etmək cəhdləri haqda məlumat vermişdik. Ola bilsin ki, bu təşəbbüslər Qərbdə dəstək qazanır. Hazırda Rusiya və İran münasibətlərində müəyyən sərinlik müşahidə olunmaqdadır. Qərb Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasında Tehranın da xidmətlərindən istifadə etməklə bu sərinliyi daha da inkişaf etdirməyə maraq göstərə bilər. Təhlildə Rusiya sülhməramlıların beynəlxalq sülh missiyası ilə əvəz olunması təklifi də düşündürücüdür. Qərb və Rusiya arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış və indi get- gedə daha çox aşkarlanan ziddiyyət, risklər ehtiva etməklə yanaşı bəzi manevr imkanları da təqdim edir. Hər hansı təklif irəli sürülürsə, buna bir müəllifin və ya nəşrin subyektiv rəyindən çox, yaranmış ziddiyyətlərin növbəti təsbiti kimi baxmaq lazım gəlir. Xatırladaq ki, İran və Türkiyənin danışıqlara tərəf kimi cəlb olunması yeni ideya deyil, hələ 90-cı illərin sonlarında da belə təşəbbüslər var idi.
Hazırladı: Cəmaləddin Quliyev
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu







































.png)