Nida Təhlil
İsrail-Azərbaycan münasibətlərini korlamaq istəyənlər: Xain planın detalları
Əvvəllər Qərb mətbuatında Türkiyə və Azərbaycanı mədh etmiş Maykl Rubin xeyli müddətdir ki, səngəri dəyişərək erməni lobbisinin sifarişi ilə əleyhimizə qaralama kampaniyası aparır, xüsusən də II Qarabağ müharibəsindən sonra Azərbaycan əleyhinə müxtəlif amerikan KİV-lərində silsilə yazılarla çıxış edir.
Yazılarda bildirilir ki, Azərbaycan Qərbdə Rusiyanın neft-qaz layihələrinə alternativ, İrana qarşı Qərbin qalası kimi təbliğ olunsa da, reallıqda İranla həmişə yüksək ticari əlaqələr saxlayıb, ona maliyyə yardımı edib, Ukrayna hadisələri zamanı da Kremlin düşərgəsində yer alıb, gələcəkdə Rusiyanı Qərbin sanksiyalarından yayındırmağa kömək edəcək. Erməni lobbisi bu təbliğatdan nəticə hasil etməyəndə Rubinin vasitəsilə ABŞ Dövlət Departamentini hədəfə alır, Azərbaycana hərbi yardım göstərilməsi təşəbbüsünü - 907-cü düzəlişin pozulması, qanunvericiliyə zidd addım kimi qiymətləndirir.
Bu ili aprelində Azərbaycan Prezidenti İlham Əliyev keçmiş Dağlıq Qarabağın “rəsmi”lərinə müraciətində bəyan etmişdi ki, istefa verib geri çəkilsələr, əfv ediləcəklər. Azərbaycan Prezidentinin bu çağırışı ABŞ tərəfindən açıq şəkildə dəstəklənir. Bu isə həm erməniləri, həm də ermənilərə dəstək verən Rubin kimi yazarları özündən çıxarmışdı. O, “Dövlət katibinin eqosu ermənilərin həyatı bahasına başa gələcək” adlı məqalədə qeyd edirdi ki, Entoni Blinken Nobel sülh mükafatı almaq fikrindədir. Ona görə də ermənilərin problemlərinə göz yumur. “Demokratiyanın müdafiəsi naminə” ABŞ Türkiyə və Azərbaycana təzyiq göstərməli, Qarabağ ermənilərinə isə dəstək verməlidir. Rubin iddia edirdi ki, Azərbaycan ermənisiz Qarabağ istəyir. Rubinlə eyni vaxtda Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da ABŞ-ın İlham Əliyevin bu təklifini alqışlamasını ciddi tənqid etmişdi. Beləliklə də, erməni lobbisi Rubinin vasitəsilə ABŞ dövlət katibini şantaj edir, onu Nobel mükafatı almaq naminə Qarabağ ermənilərinin hüquqlarını qorumamaqda suçlayırdı.
Rubin “The JNS Daily Syndicate”də dərc etdirdiyi yeni yazısında yazır ki, yəhudi dövləti həm Azərbaycanın, həm də Ermənistanın dostu olmalıdır. Yazı İsrail müdafiə naziri Yoav Qallantın bu ayın 13-də başa çatmış Bakı səfərinə həsr olunub. Azərbaycan-İsrail əlaqələrinin tarixinə toxunan müəllif yazır ki, onların yaxınlaşmasında İran amili xüsusi rol oynayıb, çünki İran öz qonşuluğunda daha uğurlu və dünyəvi şiə ölkəsi görmək istəmir, İsrailin isə ümumən dövlət kimi mövcudluğunu qəbul etmir. O zaman öz qaz yataqları kəşf edilmədiyindən, “İbrahimi anlaşmaları” imzalanmadığından, Azərbaycan həm də İsrailin əsas enerji təchizatçısı idi. Amma Rubin iddia edir ki, müttəfiq olanda da onların yolları fərqli idi: “Belə ki, ...Azərbaycanda demokratiyaya bəslənən ümidlər yox olub”. Onun fikrincə, artıq geosiyasət də dəyişib. “Azərbaycanda diktatura var idi, amma qərbyönlü idi. Ermənistan Rusiyanın dabanı altında idi. 2018-ci ildə vəziyyət dəyişdi. Ermənilər inqilaba qalxıb demokratiyanı qəbul etdilər. Bu gün onlar Qərbə doğru möhkəm şəkildə yenidən istiqamətlənməyə çalışırlar və Rusiyaya düşmənçilik olmasa da, dərin sinizmlə yanaşırlar”.
Sonra Rubin yuxarıda xatırlatdığımız yazıların tezislərini təkrarlayır - guya Azərbaycan sanksiyalardan yayınmaq və çirkli pulların yuyulması üçün Rusiyaya kömək edir: “Ermənistan bəzi lobbiçilərin iddia etdiyi kimi Rusiyanın marionetkasıdırsa, deməli, qəribədir: o, ABŞ ordusu ilə birgə təlimlər keçirib, Kosovoda NATO-nun başçılıq etdiyi sülhməramlı qüvvələrə qoşulub və öz ərazisində Rusiya hərbi təlimlərini ləğv etməklə Vladimir Putinə qarşı çıxıb”.
Bundan sonra o, Azərbaycanın yəhudilərə dost, Ermənistanın isə antisemit olması haqda deyilənləri inkar etməyə çalışır: ”Azərbaycanlılar çox vaxt özlərinin böyük yəhudi icmasına işarə edirlər. Amma İranda olduğu kimi mühacirətə məhəl qoymayan on illik rəqəmlərdən istifadə edirlər. Mən həm İranda, həm də Azərbaycanda sinaqoqlarda olmuşam. Eyni gərginlik hər ikisinə nüfuz edir. Ermənistanın yəhudi icması isə sıralarına Rusiya və Ukraynadan yəhudilərin qoşulması ilə artır”.
O xatırladır ki, iyun ayı İsrailin keçmiş rabitə naziri Ayyub Kara onu və keçmiş senator, qubernator və səfir Samuel Braunbeki – qatı və barışmaz sionistləri Qrupun mütərəqqi və bəlkə də antisemit üzvləri ilə müqayisə edib, “çünki biz İsrailin Azərbaycana kor-koranə dəstəyinə etiraz etmişdik (Ayub Kara yazmışdı ki, İsrail İranın ən qatı düşmənlərindən biri olan Azərbaycanı gücləndirmək üçün əlavə addımlar atmalıdır. İsrail dövləti kimi Azərbaycan da İran təhlükəsi qarşısında Qərb paytaxtlarında çox ehtiyac duyulan dəstəyi əldə etmək üçün çətin mübarizə aparır (İsraelhayom). “Necə ki, BDS hərəkatı (Boycott, Divestment and Sanctions –boykot, təcrid, sanksiya-İsrailə qarşı beynəlxalq hərəkat) Qərbdə İrandan gələn ekzistensial təhlükə ilə üzləşən İsrailə qarşı sanksiyaların tətbiqinə çalışır, erməni lobbisi də Kapitoli təpəsində Azərbaycan üçün eyni şeyi edir, hətta Tehranda mollalar mülki azərbaycanlıları həbsdə saxlayır. Həm BDS hərəkatı, həm də Kapitoli təpəsində Azərbaycana qarşı bu cür düşmənçiliklər Tehrandakı mollaları həm azərbaycanlıları, həm də israilliləri sıxışdırmağa davam etməyə təşviq edir)”.
Rubinin fikrincə, İsrail nə Azərbaycanla, nə də Ermənistanla münasibətlərdən əl çəkməməlidir, lakin Azərbaycanı qeyd-şərtsiz qəbul etmək daha çox yüksək mənəvi, geosiyasi və strateji baha başa gəlir.
Tanınmış israilli yazar Reyçel Abrahamın israelnationalnews.com saytında Azərbaycan haqda yazdığı məqalə bu iddialara, erməni lobbisinin İsrail-Azərbaycan münasibətlərinə müdaxilə təşəbbüslərinə cavab sayıla bilər. O xatırladır ki, ötən ay Tom Lantos İnsan Haqları Komissiyası ABŞ Konqresində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı panel müzakirəsi keçirib. Həmin panel müzakirəsində konqresmenlər antisemitizmin artmasında suçlanan xristian ölkəsi Ermənistanla uzunmüddətli münaqişədə olan, amma İsrailə dost müsəlman ölkəsi Azərbaycanı tənqid edən kəskin fikirlər səsləndiriblər.
Müəllif sual edir ki, adi amerikalı Azərbaycan haqqında nə qədər bilir və Konqres panel müzakirəsi ilə bağlı fikir bildirmək üçün kifayət qədər məlumatlıdırmı? O bunu öyrənmək üçün əvvəlcə ABŞ-ın ən böyük şəhərlərindən biri olan Çikaqoya gedib. Barak Obama ABŞ prezidenti olmaq üçün karyerasına məhz Çikaqodan başlayıb. Çikaqoda küçədə beş təsadüfi amerikalıdan Azərbaycan haqqında nə düşündüklərini soruşub. Onlardan yalnız ikisinin dumanlı, qeyri-müəyyən təsəvvürləri olduğu aydınlaşıb. R.Abraham deyir ki, sıravi vətəndaşlar Azərbaycan haqqında heç nə bilmirsə, amerikalıların terrorla müharibədə Amerikanın ən böyük müttəfiqlərindən birini müdafiə etmələrini necə gözləmək olar? Müəllif digər şəhərlərdə də oxşar mənzərə ilə qarşılaşıb.
O yazır ki, amerikalıların ətraf aləm haqda məlumatsızlığı ilə bağlı bu təsbitlər statistik olaraq təsdiqlənir. PEW rəy sorğusunun son nəticələrinə görə, amerikalıların yalnız 56%-i Ukraynanın NATO-nun bir hissəsi olmadığını, amerikalıların yalnız 51%-i ABŞ-ın hazırkı dövlət katibinin Entoni Blinken olduğunu, amerikalıların yalnız 48%-i Kabilin paytaxt olduğunu bilir və s. Sıravi amerikalı ətrafdakı dünyanı dərk etmək üçün təhsil almadıqda, onlar məqsədyönlü dezinformasiya üçün asan şikar olurlar. Və beləliklə, İsrailin İslam dünyasındakı ən böyük dostlarından biri olan Azərbaycan boykot təklifləri ilə üzləşir. Onun qənaətincə, Amerika əhalisini ətraf aləmlə bağlı maarifləndirmək üçün daha çox işlər görülməlidir, çünki dünyanın ən böyük fövqəldövlətinin əhalisinin əksəriyyəti başını qumda saxlayaraq siyasi qərarlar qəbul edə bilməməlidir.
Bu günlərdə Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru Uilyam Daroff və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Qüdsdə görüşərək ABŞ yəhudi təşkilatlarının Bakı ilə Qüds arasında əməkdaşlığın gücləndirilməsində oynadığı artan rolu müzakirə ediblər. O, Konfransın sədr müavini Malkolm Hoenlein ilə də görüşüb. Nəşr məlumat verir ki, Avropa Ravvinləri Konfransının yüzlərlə üzvü illik sammiti üçün noyabrın ortalarında Bakıya gələcək. Onlar yerli sinaqoqlara baş çəkəcək və ölkə üzrə müxtəlif yəhudi icmalarının nümayəndələri ilə görüşəcəklər.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Ekologiya07:35
Xəzər dənizi ilə bağlı böyük təhlükə: Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
-
ABŞ07:15
Tramp söz verdi: Baydenin qoyduğu bu QADAĞAnı ləğv edəcək
-
Hadisə01:00
AZAL-ın təyyarəsinin qara qutusu OXUNDU
-
Qoroskop00:10
Günün qoroskopu: Maliyyə məsələlərində diqqətli olun!
-
Hadisə6 Yanvar 23:55
Azərbaycan-İran sərhədində zəlzələ oldu
-
Sağlamlıq6 Yanvar 23:41
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? - VİDEO
-
Dünya6 Yanvar 22:20
Trüdo istefa verdi
-
Sosial6 Yanvar 21:43
Yanvar ayında daha 8 gün iş olmayacaq