Nida Təhlil
Zəngəzur dəhlizinə mane olan İran bunu da itirir: Güvəndiyi bu iki ölkədən zərbə aldı
İran mediasında gedən yazılarda Ermənistanın yürütdüyü siyasətdən asılı olmayaraq İranın regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyi vurğulanır (eqtesaddan.ir.)
Yəni Ermənistan Zəngəzur məsələsində Azərbaycana güzəştə getmək istəsə belə İran buna qarşı çıxacaq. Azərbaycan və Türkiyənin hədəflərinin Zəngəzur olması xüsusi vurğulanır. Ermənistanın ABŞ-la birgə təlimlərinin üzərindən ya keçilir, ya da yüngül tənbeh xarakterli tənqidlər səslənir; bunun İrana qarşı deyil, Rusiyaya yönələn mesaj olduğu bildirilir. Halbuki Azərbaycanın işğaldan azad olunmuş ərazilərini Brenda Şafferin ziyarət etməsini belə İran KİV-ləri az qala Casus belli- müharibəyə bəhanə kimi təqdim edirdi.
“İran İternational”-ın da təsbitinə görə, getmiş materiallarda Azərbaycan və Ermənistan arasında yeni gərginlik və eskalasiya mövzusu birinci yerdədir. Bəzi qəzetlər Azərbaycanın hərəkətlərini İran və onun siyasi və iqtisadi gələcəyi üçün böyük təhlükə hesab edir, bəziləri isə İranın Azərbaycanla onun Naxçıvan bölgəsi arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı hay-küyün boş olduğunu, bu dəhlizin İranı və ya onun maraqlarını təhdid etdiyi barədə iddiaların həqiqətə uyğun olmadığını yazırlar..
“Həmmihan” qəzeti İranın şimal-qərb sərhədlərində onun ərazi bütövlüyünə qarşı “sui-qəsd” hazırlandığını yazıb və iddia edib ki, bütün iranlılar Türkiyə, Azərbaycan və İsrail tərəfindən edilən sui-qəsdə hazır olmalıdır. “Hammihan” Daud Dəştaninin iki müəllif yazısında problemi Zəngəzur dəhlizində görür və verdikt də çıxarır :”İran Qafqazın geosiyasətinin dəyişməsinə imkan verməyəcək”.
“Həmmihan” qəzetindəki digər məqalədə Qafqazda İslam rejiminə qarşı deyil, İrana qarşı sui-qəsdin hazırlandığı iddia olunur. Bildirilir ki, Azərbaycan və Türkiyə İsrailin təhriki - İranla Ermənistan arasında quru yolunu kəsməyə qərar versə, onda İranın yeganə variantı İsrailin illərdir planlaşdırdığı planın qarşısını almaq üçün hərbi gücə əl atmaqdır.” İsrail milli münaqişələri qızışdırmaqla İranda təhlükəsizliyi pozmaq istəyir ki, bu da bütün iranlılardan bu qorxulu sui-qəsd qarşısında son dərəcə ayıq-sayıq olmaların tələb edir”.
Radikal mühafizəkar “Kayhan” və “Jahan” qəzetləri isə mümkün müharibə ssenarisini ənənəvi antisemit prizmasından şərh edir, hədəfin Ermənistan deyil, İran olduğu haqda, dönə-dönə elə İranın nisbətən ağıllı ekspertləri, siyasətçiləri, diplomatları tərəfindən təkzib edilmiş “faktları” sıraya düzür.
“İran on-layn” Tehranın Qafqazda avantüranın qarşısını almağa hazır olmasından bəhs edir.
“Jomhuri Eslami” Azərbaycan və Ermənistan arasında müharibə ehtimalının artması ilə əlaqədar İran silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətində olduğunu bildirib və əlavə edib ki, Azərbaycan “İranın ölkələrin sərhədlərini dəyişdirmək planına müqavimət göstərəcəyini” başa düşməlidir.
“Kiosktimes “ qeyd edir ki, əvvəlki Qarabağ müharibəsində Bakının qələbəsi bir tərəfdən İranın Ermənistana çıxışını çətinləşdirdi, digər tərəfdən isə Bakının Zəngəzur dəhlizinin tikintisi əzmini daha da ciddiləşdirdi. Bu, əslində işğal olunmuş ərazilərin istismarında, narkotrafik kimi istifadə olunmasında Ermənistan və İranın birgə maraqlarının etirafıdır.
SEPAH- məxsus “qudsonline” birbaşa ali baş komandan İlham Əliyev əleyhinə dozası qaçırılmış tənqidə keçir. “Əliyev 2003-cü ildən Bakının prezidentidir və bu 20 il ərzində, İran və Rusiyanın dəstəyi ilə sabitlik dövrünü yaşaya bildi. Hətta Ermənistanla son müharibədə İranla Rusiya arasında razılaşmadan sonra Qarabağda Azərbaycana məxsus olan işğal olunmuş əraziləri qaytara bildi. Amma indi o, Azərbaycanın ərazisini genişləndirmək istəyir və Ermənistanın Sünik rayonunu işğal edərək Azərbaycanın əsas torpağı ilə təcrid olunmuş Naxçıvan arasında qalan boşluğu da tutur. Bölgədə Pandoranın qutusuna bənzər bir çox xoşagəlməz hadisələrə səbəb ola biləcək bir hadisədir”-deyə nəşr iddia edir.
SEPAH-ın “karşenasları” (ekspertləri ) hesab edirlər ki, bu İran üçün 3 ciddi təhlükə vəd edir : 1) İran və Avropa arasında quru əlaqələrinin itirilməsi; 2) Türkiyə-Azərbaycan oxunun tamamlanması və Türkiyənin güc qazanması; 3) Sionistlərlə sərhəd təhlükəsi
SEPAH “analitikləri” bu “möhtəşəm” təsbitlərindən sonra xəbərdarlıq etməyi də unutmurlar: “Belədə İranın gələcəkdə mümkün müharibədə İrəvana qoşulması ehtimalı yüksəkdir. Çünki birincisi, “Qafqazda itirilmiş nizam” bu bölgəyə qayıdacaq, ikincisi, İran sərhədləri boyu münaqişələr səngiyəcək. Amma buna qədər Tehran Ankara ilə münasibətləri tənzimləməlidir ki, regionda münaqişə daha da şiddətlənməsin”.
Səfirlər SEPAH-a qarşı
Lakin İranın Ermənistandakı keçmiş səfiri Əli Saqayan Tehran və Bakı arasındakı vəziyyəti “media müharibəsi” adlandırır. Onun fikrincə, bu, müxtəlif qruplardan qaynaqlanır. Psixoloji müharibəyə başlayırlar və onun vasitəsilə İrana təzyiq göstərməyə çalışırlar, amma tərəflər məsələni müharibə həddinə çatdırmayacaqlar.
İranın Bakıdakı sabiq səfiri, hazırda Xamenei dəftərxanasında beynəlxalq siyasət şöbəsinə rəhbərlik edən Möhsün Pakayin isə bildirir ki, “Tehran administrasiyası Azərbaycan-Ermənistan münaqişəsində bitərəf qalmalıdır”. O , xüsusi vurğulayıb ki, Laçın dəhlizi Azərbaycanın suveren ərazisidir və Azərbaycanın bu ərazidə suverenliyini bərqərar etmək hüququ var: “Biz Qafqaz regionunda müharibə təbilini çalmamalıyıq. Biz hamımız sərhədlərə diqqət yetirməklə, bir-birimizin ərazi bütövlüyünə hörmət etməklə bu münaqişəni həll etməyə çalışmalıyıq. Belə qənaətə gəlmək olmaz ki, İran Qafqazda müharibəyə girmək istəyir. İranın belə bir niyyəti yoxdur və ölkə rəsmiləri hər iki ölkə ilə əlaqə saxlayır və bu məsələni sülh yolu ilə həll etməyə çalışırlar”.
İran yeni marşrut təklif edir
Qafqaz məsələləri üzrə ekspert Araş Rəisinejad “Twitter” səhifəsində yazır: “Bakının Qarabağ üzərində suverenliyinə hörmətlə yanaşan İran Zəngəzur dəhlizi əvəzinə Parsabad-Ərdəbil-Təbriz-Maku oxunu təklif etməlidir ki, bu da Parsabad-Mianə və Bazarqan-İğdır dəmir yolunun tikintisini və Ərdəbilin quru limana çevrilməsini tələb edir. İran həmçinin Sünikdən (Zəngəzurdan-C.Q) keçən tranzit yolunun və Təbriz-Yerevan enerji xətlərinin yaradılmasına nəzarət etməlidir. Çünki bu gün yollar və boru kəmərləri sərhədlərdən kənarda müdafiə qalası kimi çıxış edir”. Onun rəyinə görə, Zəngəzur dəhlizi üç İran adasını itirməklə yanaşı, yaxın gələcəkdə İranın ərazi bütövlüyünü pozacaq bir zərbədir.
“Lakin ikinci ssenari “müharibə” ssenarisidir. Bölgədəki vəziyyətdən və son illərdə İsrailin dəstəyi ilə Bakının hərbi qüdrətinin artması səbəbindən üçüncü Qarabağ müharibəsi əvvəlki müharibədən daha qanlı və daha ölümcül olacaq. Bu baxımdan, mümkün müharibənin nəticələri İran üçün daha çox hiss oluna bilər”.
“Etemad” qəzeti bu məsələ ətrafında süni səs-küy yarandığını deyən politoloq Əmir Əhmədianın sözlərini sitat gətirib və vurğulayıb ki, Azərbaycanla Naxçıvan arasında bu dəhliz Ermənistan ərazisindən keçsə belə, bu, İranla Ermənistan arasında rabitənin kəsilməsi deyil. Çünki dəhliz Ermənistanın ərazisindədir və onun beynəlxalq suverenliyi altındadır.
Nəşr İran rejiminin Türkiyə və Azərbaycanın malların daşınması üçün İran ərazisindən istifadə etmək çağırışına da münasibət bildirib. Qeyd edilir ki, Bakı və Ankara belə bir təklifi rədd edir; Çünki Tehran beynəlxalq “FATF” qrupuna qoşulmayıb və əgər İran beynəlxalq səviyyədə öz rolunu oynamaq istəyirsə, ölkələrə tətbiq edilən oyun qaydalarını qəbul etməlidir, “bu qaydaları qəbul etməsək, heç bir rol yoxdur" .
Səudiyyə Ərəbistanı və Hindistan İranı təcrid edir
Qəzetlər ərəb ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının iştirakı ilə Hindistan, Yaxın Şərq və Avropa arasında iqtisadi dəhliz layihəsinə işıq salır. Qeyd edilir ki, layihə "İranın limanlarını təhdid edir" və Tehran belə bir yolun nəticələrini ciddi qəbul etməlidir. Fundamentalist "Xorasan" qəzeti İranın bu dəhlizdə və hətta Çinin üzərində çalışdığı İpək Yolu dəhlizində də əsas uduzan tərəf olduğunu bildirib və Tehranın "dəhlizlərdə rəqabət aparan ölkələrdən geri qaldığını" vurğulayıb.
“Xorasan” qeyd edir ki, bu, İranın beynəlxalq və regional təcridinə səbəb olacaq. Beləliklə, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin reallaşmaması üçün bütün imkanlarını səfərbər edən, layihənin baş tutmamsı üçün uzun müddətdir ki, bizi Hindistanla təhdid edən və Şimal Cənub dəhlizinə də süni maneə yaradan İran, indi faktiki olaraq mühüm bir layihədən kənara qoyulur. Həm də son zamanlar əlaqələrini yenidən yaxşılaşdırdığı Səudiyyə Ərəbistanı və müttəfiqliyi ilə öyündüyü Hindistan tərəfindən.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Sosial07:15Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
-
İnanc06:46Həcc ziyarəti ilə bağlı vacib açıqlama
-
Cənubi Qafqaz05:15Paşinyanın daha bir videosu olay oldu
-
Magazin203:44Keremcem də bu seriala çəkilir - Foto
-
Dünya02:19İsrail Tehrandakı SEPAH qərargahını vurdu
-
Qoroskop01:40Günün ulduz falı: Özünüzü sübut etmək üçün fürsətlər yaranacaq
-
ABŞ00:45Bizə cəmi 4 saat vaxt lazım olacaq - Trampdan İran açıqlaması
-
Region6 Aprel 23:55İranın 10 bəndlik sülh təklifində nələr var?


































