“İşkalı” çoxdur, ağa - Xameneiyə varis seçkiləri hansı problemlərlə üzləşir?
Bizi izləyin

Nida Təhlil

“İşkalı” çoxdur, ağa - Xameneiyə varis seçkiləri hansı problemlərlə üzləşir?

İranda Ekspertlər Məclisinə (Üləmalar Məclisi-Məclise xuberagane rəhbəri) seçkilər gözlənilir. Üləmalar Məclisindəki 88 ruhani səkkiz ildən bir ictimaiyyət tərəfindən seçilir. Üləmalar Məclisinə seçki martın 1-də parlament seçkiləri ilə paralel keçiriləcək.

Sözügedən qurumun əsas səlahiyyətlərindən biri də mövcud ali dini rəhbər dünyasını dəyişəcəyi və ya vəzifəsini icra edə bilməyəcəyi təqdirdə onu vəzifədən uzaqlaşdırıb posta yeni şəxsin seçilməsidir. Ona görə də hesab edilir ki, hazırkı ali dini rəhbərə - 85 yaşlı Seyid Əli Xameniyə varis seçəcək tərkibin müəyyən edilməsi indiki seçkilərin nəticələrindən asılıdır, varis də ehtimal ki, yeni üzvlərdən biri olacaq. Odur ki, dini rejim dilemma qarşısındadır: bir tərəfdən seçkilərdə seçici fəallığının yüksək olmasına can atır - çünki bu, seçiləcək yeni rəhbərin legitimliyinə şübhələrin qarşısını bəri başdan almış olardı; ikinci tərəfdən isə arzuolunmaz iddiaçıların Məclisə düşməsini əngəlləyir ki, onların postxamenei dövrü üçün ali dini rəhbər olma iddiaları da bəri başdan əngəllənsin. Amma seçki intriqasının olmaması, yeni üzvlərin seçki şousu adı ilə faktiki təyin edilməsi onsuz da aşağı olan seçici fəallığını bir az da aşağı salır. Ki, bu da öz növbəsində yeni üzvlərin və gələcək yeni rəhbərin də legitimlik problemi ilə üzləşməsi deməkdir.

İrandakı teokratik rejim on illərlə seçkiyə qatılma səviyyəsini öz legitimliyinin sübutu kimi göstərməyə çalışıb. Üstəlik, Qərb mediasında, xüsusən Məhəmməd Xatəmi hakimiyyəti zamanı İran reseptli-icazəli olsa da, sistemdaxili demokratiya və seçki təsisatının mövcudluğu ilə Orta Şərqin digər ölkələrindən fərqlənən bir vahə kimi təqdim olunurdu. Ancaq son illər baş qaldıran etirazlar fonunda artan antihökumət ovqatı hakimiyyətin legitimliyinə ciddi ziyan vurub. Son prezident və parlament seçkilərində seçici fəallığı hədsiz dərəcədə az olub. Ona görə də martın 1-də keçiriləcək seçkilər ərəfəsində iştirak faizinin yenə aşağı olacağından ehtiyatlanan hökumət xalqı səsverməyə çağırır.

Londonda fəaliyyət göstərən "Chatham House" beyin mərkəzinin proqram direktoru Sənəm Vəkil deyir ki, dini rejim legitimlik böhranı yaşayır. Onun sözlərinə görə, hökumət "artıq qutulara saxta bülleten doldurmadan bunu gizlədə bilmir". S.Vəkil deyir ki, hakim teokratlarla İranın gənc əhalisi arasında get-gedə dərinləşən uçurumu, habelə dövlətin davam etməkdə olan repressiyalarını və iqtisadiyyatı bərbad yönəltməsini nəzərə alsaq, bu həftə rekord aşağı səsvermə səviyyəsinin qeydə alınması hökuməti təəccübləndirə bilməz (“Azadlıq radiosu” ).

Beynəlxalq Böhran Qrupu İran Layihəsinin direktoru Əli Vaezsə deyir ki, "rejim artıq İran xalqının çoxundan əlini üzdüyü bir mərhələyə gəlib çıxıb, o çoxluq da öz növbəsində rejimdən əlini üzüb. Rəhbərliyi ancaq ali liderin hakimiyyətinin rahat ötürülməsi maraqlandırır: bu, sistemin legitimliyi bahasına başa gəlsə də".

Hökumət xalqı səsverməyə çağırsa da, demokratik təsisatlara kəskin məhdudiyyət qoyub, bir çox islahatçı və mötədil namizəd sıradan çıxarılıb. Qərb mediası iddia edir ki, bu tendensiya 2021-ci ildə, Ali Dini Lider Ayətullah Əli Xameneinin yaxın müttəfiqi ultramühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən sonra başlayıb. O zamandan bəri İranda ifrat mühafizəkarlar hakimiyyətin hər üç qanadında – prezidentlik, parlament və məhkəmə sistemində üstündür. Belə dominantlıq özlüyündə varis planının ağrısız icrasını təmin etmək üçündür. Üləmalar Məclisinə seçkilərdə də Rəisiyə yaxın şəxslərin çoxluğu təmin edilərsə, onu İranın gələcək ali dini rəhbəri kimi bəri başdan təbrik də etmək olar. Ekspertlər Məclisinə 144 namizəddən 105-nin ifrat mühafizəkarlar tərəfindən dəstəkləndiyi, 39 nəfərinsə müstəqil namizəd olduğu bildirilir. Hərçənd SEPAH-ın başqa sürprizləri də istisna deyil. "Aydındır ki, sistem heç nəyi təsadüfün ixtiyarına buraxmaq istəmir", - Vaez deyir. O, Xameneinin varisini onun ofisinin və güclü İslam İnqilab Keşikçiləri Korpusundan (SEPAH) ibarət "dərin dövlət"in seçəcəyini də söyləyir.

Ruhani önündə əngəl

Keçmiş prezident, mötədil siyasətçi Həsən Ruhaninin seçkilərdə namizəd olmasına imkan verilməyib. Ruhanini seçkiyə buraxmamaq qərarını Konstitusiyanı Mühafizə Şurası verib. Bu şuranın üzvlərini isə Ali dini lider ya birbaşa, ya dolayısı ilə təyin edir. 2013-2021-ci illərdə prezident olmuş Ruhani 2000-ci ildən Məclisin üzvüdür. Ruhani ilə bağlı xəbərdən bir gün qabaq mühafizəkar deputat Nəsrullah Pejmanfar keçmiş prezidentin ABŞ-a münasibəti ilə bağlı tənqidləri bir daha dilə gətirib. O, hətta keçmiş prezidentin "qara" sənədlərini ifşa etməklə hədələyib (“Azadlıq” radiosu). Mahmud Əhmədinejadın keçmiş yaxın müttəfiqi Abdolreza Davari yazır ki, Mühafizə Şurası heç vaxt seçki təşkil etmir, seçkiləri diktə edir”.

Ruhani ilə bağlı maraqlı bir məlumat da İran mediasına sızıb. 2013-cü il prezident seçkilərində Mühafizə Şurasının üzvü Abbas Əli Kədxudai Həsən Ruhanidən Əkbər Haşimi Rəfsəncaninin diskvalifikasiyası barədə məlumat verməsini istəyib. Ruhani zarafatla deyib: "Mən ona cənab Haşiminin diskvalifikasiyasını deməliyəm, mənim diskvalifikasiyam barədə mənə kim xəbər verəcək?" (BBC).

Ruhani yaydığı bəyanatda diskvalifikasiyasını “siyasi motivlərlə” əlaqələndirib və yazıb ki, bu adamlar “inqilabın və ölkənin sahibi deyillər, ölkənin maraqlarını müəyyən etmək, vicdanlıları diskvalifikasiya etmək səlahiyyətinə malik deyillər. Mən 25 ildir ekspertlərin üzvüyəm, niyə 25 ildən sonra qeydiyyatdan keçməyim?”

Xatirələrinin bir hissəsində Həsən Ruhani ondan şiə mərceyi-təqlidi Kazem Şəriətmədariyə qarşı nitq söyləməsi tələb olunduğunuı xatırlayır. Lakin onun fikrincə, Ayətullah Şəriətmədari “problem”ə çevrilsə də, “onunla açıq şəkildə məşğul olmaq məsləhət görülməzdi, çünki onunla qarşıdurma ruhanilərin sıralarında parçalanmaya səbəb olacaq və gücümüzü qıracaqdı”.

İran-İraq müharibəsi zamanı Ruhani müxtəlif vəzifələrdə, o cümlədən Ali Müdafiə Şurasının üzvü, Xatəmül-Ənbiya düşərgəsinin qərargah rəisi, Əkbər Haşimi Rəfsəncani ilə birlikdə baş komandanın müavini olub. İnqilabdan sonra beş dəfə parlament nümayəndəsi, milli təhlükəsizlik müşaviri olub.

Müşahidəçilər 2022-ci ilin sonlarında başlamış hicab etirazlarının qarşıdakı seçkilərdə seçici fəallığına ciddi təsir göstərəcəyini bildirirlər. Atlantika Şurasının aparıcı qeyri-rezident tədqiqatçısı Holli Daqres deyir ki, mötədil və islahatçıların builki seçkilərdə iştirakına imkan verilsəydi də, fərq yaratmazdı. Çünki iranlıların çoxu onları problemin, yəni İslam respublikasının uzantısı kimi görür. Və bu belədir, çünki onlar bu sistemin bir hissəsidirlər".

Onun dediklərini hökumətin məxfi keçirdiyi və hələ də ictimaiyyətə açıqlanmayan Milli İran Dəyərləri və Münasibətləri sorğusu da təsdiqləyir. Sorğuya görə, respondentlərin 73 faizi dinin siyasətdən ayrılmasını istəyir. Əlamətdar olan həm də odur ki, İran xalqı hökumətin ideologiyasından çox uzaqdır və dünyəvi orduya açıq meyil edir. Sorğu təsadüfi seçilmiş 15 878 nəfərlə üzbəüz müsahibə yolu ilə aparılıb. Bu insanlar yaşı 18-dən yuxarı olan və ölkənin 31 vilayətində (əyalət paytaxtları, digər şəhərlər və kənd yerləri daxil olmaqla) yaşayırdılar. Sorğunun nəticələri göstərir ki, Rəisinin doğulub böyüdüyü və indi də namizəd olduğu vilayət ən ateist zonadır ... Əlborz vilayətində respondentlərin 58,8%-i hicab taxmağı problemsiz hesab etdiyi halda, Cənubi Xorasan əyalətində bu nisbət cəmi 14,7% təşkil edib. Sonuncu əyalətdə daha 58,4% hicabın əleyhinə olduğunu bildirib (BBC fars xidməti).

“Radiofarda” xəbər verir ki, Cənubi Xorasan əyalətinin seçki qərargahının katibinin Ekspertlər Məclisinin seçki dairəsində İ.Rəisinin bütün rəqiblərinin sıradan çıxarılması ilə bağlı açıqlamalarından sonra Mühafizə Şurasının nümayəndəsi bu məsələni üstüörtülü şəkildə təsdiqləyib. O bildirib ki, Nəzarət Şurasının açıqladığı nəticələrə əsasən, Cənubi Xorasanda Üləmalar Məclisinə seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçən 5 nəfərdən yalnız İ.Rəisinin namizədliyi təsdiqlənib. Əgər vilayətdə bir namizədlə quruma seçki keçirilirsə, seçkidə qalib gəlmək üçün ona yalnız bir səs lazımdır. Yəni Rəisinin “xübəra”(ekspert) seçilməsi üçün bəri başdan saxtakarlığa gedilib.

Seçkidə Barak Obama kölgəsi və azərbaycanlı səsləri

Görünür, bu günlər türk-azərbaycanlı seçicilərin səsləri də taleyüklükdür. Xamenei seçkiqabağı Azərbaycan vilayətlərinə səfər edib, Urmiyada bir kitab mağazasında kitab satıcısı ilə azərbaycanca söhbət edib, kitabın dilinin Azərbaycan türkcəsində yox, Türkiyə türkcəsində olmasına etiraz edib; satıcı ona izah edir ki, bu Bakı ləhcəsindədir, Türkiyə yox və s. Əvvəlcədən səhnələşdirilmiş bu mükamilə İran KİV-lərində geniş tirajlanır, Xameneinin Azərbaycan türkcəsinə qayğısı kimi təbliğ olunur. Təbrizdə çıxışında isə o, hamını seçkiyə qatılmağa səsləyir ( janoubia.com)

Xamenei Şərqi Azərbaycan (Təbriz) vilayətinin bir qrup sakininə illik müraciətində deyib ki, “Dünyada hegemon cəbhənin İran seçkilərinə qarşı olmasını nəzərə alsaq, seçkilər “vacib milli hadisədir. Amerika xalqın seçkilərdə fəal iştirakına qarşı çıxır. Keçmiş Amerika prezidenti iranlılardan əvvəlki seçkilərdə iştirak etməmələrini xahiş etdi, lakin o bununla bilmədən bizə kömək etdi, çünki xalq ona qarşı çıxdı və sistemi inadla dəstəklədi. Bu səbəbdən amerikalılar artıq açıq çağırış etmirlər, əksinə xalqı ruhdan salmaq və səsvermədə iştirak etməmək üçün müxtəlif üsullardan istifadə edirlər”.

Yəni anlaşıldığı qədər heç bir xarici qüvvə seçki ilə bağlı mənfi çağırış etməyib, seçkini boykota çağıran aşağıda bəhs edəcəyimiz materailardan da göründüyü kimi, rejimin öz bətnində yetişən müxalif cəbhədir. Bu isə Xamenei və ətrafını daha da qıcıqlandırır, rejim daxili müxalifəti dünyanın hegemon güclərinə, əvvəlki terminləri ilə desək “Şeytane-Bozorg”-a bağlamaq üçün fantom xarici təhlükə uydururlar.

Ərdəbil imamcüməsi Həsən Ameli də cümə xütblərində azərbaycanlı seçiciləri seçkilərdə fəal olmağa səsləyir. O iddia edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasının yeganə yolunun İsraillə region ölkələrinin əməkdaşlığında olduğunu deyib. Bunu İran seçkilərinə nə dəxli olduğu başa düşülməsə də, Ameliyə görə, bu çıxış 2008-ci il seçkilərindən əvvəl Barak Obamanın İran seçicilərini boykota çağırması ilə eyni məzmundadır.

Lakin islahatyönlü "Hammihan" qəzeti bu çağırışların seçkiyə getmək istəməyənlərin fikrini dəyişə bilməyəcəyini yazıb. Nəşrə görə, buna səbəb 2022-ci il etirazlarında rejimin “xalqın səsini eşitməməsidir.

Seçici apatiyası, boykot çağırışı

2020-ci ildən bəri ölkədə üçüncü dəfədir ümummilli seçki keçirilir. Ruhani seçici fəallığını artırmaq üçün hakimiyyəti müxtəlif siyasi keçmişləri olan namizədləri seçkiyə buraxmağa çağırıb. Keçmiş prezident aylardır seçici apatiyası ilə bağlı xəbərdarlıq səsləndirir, bunu ictimai məyusluq, sərt xətt tərəfdarlarının məqsədli strategiyası ilə izah edir.2020-ci ilin parlament və 2021-ci ilin prezident seçkilərində 1979-cu ilin islam inqilabından bəri rekord az seçici iştirakçılığı qeydə alınıb. İranın daxili işlər naziri Əhmədi Vahidi və hərbi qərargah rəisi Məhəmməd Baqiri daha əvvəl ayrı-ayrı bəyanatlarında bildiriblər ki, “düşmən seçkilərdə iştirak nisbətinin 60%-dən az olmasını istəyir”.

Görünən budur ki, seçici apatiyası yalnız Ekspertlər Məclisinə seçki ilə bağlı deyil, parlament seçkilərinin eyni vaxta salınması da fəallığa mənfi təsir edə bilər. Tanınmış siyasi fəal-islahatçı Səid Həcarian “Etemad” qəzetinə müsahibəsində bildirib ki, seçkilərdə iştirak etməyəcək və seçkiləri boykot etməyi cinayət hesab etmir: “Seçkilərlə küçə arasında çoxlu seçimlər, o cümlədən vətəndaş itaətsizliyi var. Vətəndaş itaətsizliyinin yüngül formaları hökuməti özünə gətirə bilər, çünki indiki siyasi qərarlar rasional deyil”. Həcarian İran seçkilərini təsnifatını da verib :

-Birinci növ, “qeyri-rəsmi seçkilər”dir; Təsadüfi seçkilərdə sistem daxilində qüvvələr arasında rəqabət var. ...

-İkinci növ, adi seçkilərdən daha aşağı miqyaslı bir sıradır və mən onları “psevdoseçkilər” adlandırıram. Bu tip seçkilər daha effektivdir və biz bunu parlament seçkilərində tez-tez görürük. Psevdoseçkilərin əsas müddəası ondan ibarətdir ki, seçki pəncərəsi var, bəzi bitərəf qüvvələr var, amma pəncərənin arxasında nüfuzlu insayderlər var. VI Parlamentdən sonra bir neçə belə parlament gördük. Yəni biz nisbətən fərqli insanları görürük, amma təsiredici güc yoxdur.

-Üçüncü növ seçkilər ciddi nəzarət vasitəsi kimidir. Bu vəziyyətdə seçkilər gedir, amma deyirlər ki, kim iştirak etməsə, həbs olunacaq. Bu vəziyyətin bariz nümunəsi Şimali Koreyadır. Bu o deməkdir ki, Şimali Koreyanın lideri cənab Kim Çen Ina səs verməyən hər kəs mühakimə olunacaq, cəzalandırılacaq və hətta qanı töküləcək. İranda belə bir vəziyyət hələ reallaşmayıb.

-Dördüncü növ, “sadiqlik seçkiləridir. Bu seçkilərdə padşah və ya onun canişini kimi “seçim mövzusu” ailə və ya digər qapalı mexanizmlər çərçivəsində müəyyən edilir və xalq gəlib biət etməyə məcburdur. Yezidlərin vəziyyəti belədir, həmçinin Taliban və İŞİD-in hakimiyyətdə olduqları ərazilərdə belədir”.

Bu arada İranın 300-dən çox siyasi, mədəni və ictimai xadimi qarşıdan gələn seçkiləri "xalqın ümumi suverenliyinə zidd və planlaşdırılan" kimi xarakterizə edən və "onlarda iştirak etməyəcəyimizi və buna boyun əyməyəcəyimizi" bəyan edən bəyanat imzalayıblar”.

“İranfərda” Teleqram kanalında yayımlanan bəyanatda deyilir: “Növbəti parlament seçkiləri əvvəlkilərlə müqayisədə daha acınacaqlı vəziyyətdə keçiriləcək”.

Bəyanat müəllifləri “nəyin bahasına olursa olsun” seçki keçirilməsini “uğursuz siyasət” kimi qiymətləndiriblər. Onların fikrincə, “məqsədəuyğunluq adlandırlan ələmə tendensiyası əslində istibdadın davam etdirilməsinə gətirib çıxarır: “Seçki institutu əsl dirçəliş olmasa, real iştirak olmayacaq, rəsmi siyasi arena qurumuş Urmiya gölündən yaxşı aqibətlə üzləşməyəcək!”

Hətta əvvəllər Əli Xamneyiyə yaxın mühafizəkar fikirdə olan Mahmud Əhmədinejad və Əli Laricani kimi siyasətçilər də heç bir seçki fəaliyyəti keçirməyəcəklərini bəyan ediblər.

Bu arada İ. Rəisi öz komandası daxilində “etibarsızları” uzaqlaşdırmağa başlayıb. İLNA xəbər verir ki, onun əmri ilə 90-a yaxın yuxarı ranqlı məmur “komponent olmadıqları” üçün işdən azad ediliblər.

*İşkalı yoxdur”-Dilimizin cənub dialektlərində “problem yoxdur”, “çətinlik yoxdur” mənasında işlənir. Ötən ilin sonlarında İbrahim Rəisi bir qrup iş adamı ilə görüşündə bir neçə dəfə bu ifadəni təkrarlamış, görüşün həmin hissəsini əks etdirən videogörüntülər İran sosial mediasında geniş yayılmışdı.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm