Türkiyədə bələdiyyə seçkiləri: 2028-ci il üçün baş məşq, ya yenidən sistem dəyişikliyi?
Bizi izləyin

Nida Təhlil

Türkiyədə bələdiyyə seçkiləri: 2028-ci il üçün baş məşq, ya yenidən sistem dəyişikliyi?

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində nəticələrə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,7% səslə irəlidədir. Ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,5% səslə 2-ci, etnik azlıqların səsinə iddialı DEM Partiyası isə 5,7% ilə 3-cü yerdədir. Seçkidə ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb.

Nəticələr

-Beləliklə, CHP prezident seçkilərində müşahidə etdiyimiz səs yüksəlişini yerli seçkilərdə də təkrarladı- hər iki halda CHP namizədlərinə verilən səslərin mühüm bir hissəsi, CHP-nin ənənəvi elektoral səsləri deyil, anti-Ərdoğan, anti-AKP səsləri-etiraz səsləridir. Amma bu hal təkrarlandıqca, CHP-nin ənənəvi 25 faizlik elektoral göstəricisi dəyişir; artıq ortada 40 faizə yaxınlaşan göstərici var.

-CHP ittifaqdan yayındı, amma keçmiş Millət İttifaqının birgə nəticələrini təkbaşına əldə etdi. Etiraz elektoratı üçün əsas bəlirləyici sima CHP-dir, digərləri ona dəstək deyil, yükdür.

Demək, CHP adı, CHP-nin az-çox istənilən uğurlu siması parlament və prezident seçkilərində yenidən birləşdirici çətir olma və qalib gəlmə gücündədir. CHP bütün anti-Ərdoğan, anti-AKP, geniş mənada isə bütün dünyəvi- anti-Milli Görüş elektoratı birləşdirə biləcək siyasi brendə çevrilib.

CHP-nin yeni sədri Özgür Özəl bu uğuru öz adına yaza bilər, artıq bizdə də “Kılıçdaroğlu getdi, CHP yüksəldi” kimi şərhlər var. Ancaq CHP daxilində Əkrəm İmamoğlu və Mansur Yavaş faktorlarının da yüksəlişi davam etdirir, 4 il sonra Yavaşın 72, Əkrəm İmamoğlunun 56, Özgür Özəlin 53 yaşları olacaq. Güclü 3-lüyün bir partiyada olmasa uğurdur, lakin bir çətir altında olsalar da, onlara səs verən elektorat eyni deyil. Özel hələ ki, yeni parlaq fiqur kimi qalır, onun elektorat tərəfindən ümummilli seçkilərdə hansısa ciddi uğuru yoxdur, yəni 2028-ci il seçkilərində də birləşdirici çətir olub-olmayacağı haqda proqnoz vermək çətindir.

-AKP indi öz təbii həcminə dönüb, iri bələdiyyələri uduzsa da, rayon bələdiyyələrində mövqeyi ciddi dəyişməyib. 2019-cu il seçkiləri ilə müqayisədə 9 faiz itirib (44 faizdən 35,5 faizə eniş). CHP 2019-cu ildəki 30 faizdən indi 37 faizədək səs artırıb. İqtisadi vəziyyətin ürəkaçan olmadığı, monetar siyasətin uğursuz sayıldığı, üstəlik, seçicilərin sima yorğunluğu hiss etdiyi, bir sözlə, populyarlığının ən aşağı vaxtında AKP-nin belə nəticəsi uğurdur. Amma bu, Ərdoğanın, vəd etdiyi kimi, qatıldığı son seçkidirsə, AKP-nin bu nəticəni gələcəkdə də saxlaya biləcəyi sual altındadır. AKP sədri, prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin nəticələrini müsbət dəyərləndirib, bunun AKP üçün də dönüş nöqtəsi olduğunu deyir. Bundan hansı nəticə çıxarılacaq?

Türkiyənin beynəlxalq imici, xüsusən Qərb ictimai rəyindəki imici üçün birmənalı olaraq pozitivdir. Bu, Türkiyədə seçki demokratiyasına nə qədər ciddi yanaşıldığnı bir daha ortaya qoydu. Ötən il prezident seçkilərinin iki turda keçirilməsinin Türkiyənin Qərbdə imicinin necə müsbətə dəyişdirdiyinin şahidiyik, o seçkilərdən sonra Türkiyənin yenidən Qərb müttəfiqləri ilə münasibləri də xeyli yaxşılaşıb. Yerli seçkilərin də eyni effekt verəcəyi şəksizdir. Bəs bundan AKP-nin qazancı nədir? Əgər hakimiyyətin, siyasi irsin davamlılığı və ya güclü parlament müxalifəti olmaq, eləcə də bələdiyyələrdəki heç olmasa indiki nisbətin qorunması istənilirsə, AKP kütləyə yeni cəlbedici fiqurlar təqdim etməlidir. Qərb mediası belə fiqur olaraq daha çox iki şəxsin - hakim ailənin üzvü Səlcuk Bayrakdarın və Hakan Fidanın adlarını çəkir.

-AKP daxilində olmasa da, Milli Görüş xəttində daha bir fiqurun tədricən yüksəlişi diqqət çəkir. Ötən bələdiyyə seçkilərində heç bir səs ala bilməyən Yenidən Rifaf ölkə üzrə 6,5 faiz nəticə əldə edib. Son parlament seçkilərindəki səslərini belə iki dəfə artırıb. Bu o deməkdirmi ki, Milli Görüş elektoratı AKP-yə alternativ formalaşdırır? Bu halda AKP necə davranacaq? Yenidən Rifaha qarşı kampaniya əks effekt verərdi, partiyanın sədri olan Fatih Ərbakan Milli Görüş xəttinin qurucusunun yalnız siyasi deyil, həm də bioloji varisidir. AKP seçiciləri belə Ərbakan soyadına qarşı kampaniyanı anlamaqda çətinlik çəkərdi. Bəs vaxtilə Milli Görüşün alternativ yeni ulduzu sayılan Numan Kurtulmuş kimi onu da AKP-yə cəlb etmək mümkündürümü?

F.Ərbakan uzlaşmaya meyilli şəxsdir, amma həm də iddialıdır, son parlament seçkilərində belə AKP ilə ittifaqın onu xərclədiyini anlamış və prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləməkdən imtina etmişdi. Yeni uzlaşma zərurəti yaransa, onun hansı ağır şərtlər irəli sürəcəyini və bu şərtlərin AKP tərəfindən qəbul edilib-edilməyəcəyini indidən proqnoz etmək çətindir.

-Sağ mərkəzçi (ülküçü-türkçü) xəttə gəlincə, bu xəttin yeni ulduzu Sinan Oğan son parlament və prezident seçkilərindən xeyli məmnun idi. Millətçi səslərin həlledici amilə çevirə bildiyini deyirdi. Amma MHP və İYİ Parti son bələdiyyə seçkilərindəki 7.5 faizlik nəticələrini analoji olaraq 4.5 və 3.5 faizədək itirib. Demək onların itirdiyi səslər də CHP-yə gedib. Yəni CHP sağ mərkəz üçün tədricən birləşdirici çətirə çevrilir. Türk millətçilərindən fərqli olaraq kürd millətçiləri 4.3 faizdən 5.6 faizədək səs artırıb. Cüzidir, amma artımdır. Hələ ki, ilkin dəyərələndirmələrdə Qərb təhlilçiləri türk millətçilərinin deyil, etnik azlıq şüuru ilə səsverməyə gedənlərin səslərinin həlledici ola biləcəyini yazırlar.

-Türkiyədə parlamentar sistemdən prezident üsul idarəsinə keçid, mürəkkəb siyasi sistemi sadələşdirmədi, ölkə həyatında indi bələdiyyələrin-xüsusən iri şəhər bələdiyyələrin rolu artır. Bu, separatizm meyillərini gücləndirə bilərmi? Müxtəlif adlarla siyasi reinkarnasiya edən, separatizmə meyilli siyasi təşəkkül (indiki reinkarnasiyası –DEM) indi yalnız kürd deyil, siryani, zazaki, türkman-ələvi, ərəb, hətta azəri-cəfəri azlıqların yaşadığı vilayətlərdə (Qars və İqdır) uğur qazanır.

İttifaqlar yükdür, hər ittifaqda bir partiya çətirdir, indi milli görüş, ülküçü, kemalist xətlərin hər biri öz daxillərində vahid çətir alında birləşmələri məntiqlidir. PKK-ya yaxın qüvvə bunu bacarır, müxtəlif solçu, yaşılçı qüvvələri də öz çətiri altına yığa bilir.

-Faktiki ikipartiyalı mənzərəyə doğru gedilsə də, etnik azlıq elektoratı, yaşıllar və solçu partiyalar bu mənzərəni dəyişir, bu halda ülküçü-türkçü-sağçı xətt də öz ciddi çətirini ortaya qoymalıdır. O halda Türkiyə siyasi sistemi 2+2 formatına otura bilər.

-“Yenidən qarışıq (parlament-prezidet) sistemə dönüş, yoxsa bələdiyyələrin rolunun hədsiz şişməyə doğru getdiyi prezident sistemi?” dilemması ətrafında da düşünməyə dəyər. Çünki indiki prezidentlik sistemi separatizmi önləmək üçün düşünülsə də, bələdiyyələrin rolunun yüksəlməsi əks effekt verə bilər.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm