İrandan Azərbaycan və Ermənistana ərazi iddiası: Bu bölgələri tələb edirlər - FOTO
Bizi izləyin

Nida Təhlil

İrandan Azərbaycan və Ermənistana ərazi iddiası: Bu bölgələri tələb edirlər - FOTO

İranlı türkoloq alim Rəsul İsmailzadə Duzal ölkəsi adından Ermənistana torpaq iddiası irəli sürüb. Bir sıra aparıcı İran KİV-lərində (İran diplomacy, Tahrie və s.) dərc olunmuş yazısında Duzal Ermənistan baş naziri Nikol Paşiniyanın Tavuş vilayəti sakinləri ilə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirir. Yazının əsas qayəsi budur ki, Ermənistan mübahisəli kəndləri Azərbaycana verəcəyi təqdirdə rəsmi Tehran da Zəngəzurun “ilkin sahibinə”, yəni İrana qaytarılmasını tələb etməlidir. Duzal yazır ki, Paşinyan sakinlərlə söhbətində beynəlxalq səviyyədə tanınmış xəritələrin tələblərini, müharibə ehtimalını əsas gətirərək, onları, kəndləri Azərbaycan Respublikasına “təslim etməyə” inandırmağa çalışıb.

Duzal hesab edir ki, regionda sülh prosesinin sürətləndirilməsi zərurətini nəzərə alsaq, dörd kəndin “təslim edilməsi” Qafqazda strateji mövqelərə və kommunikasiyalara təsir göstərəcək və bu, Zəngəzur probleminin Azərbaycanın lehinə həlli üçün müqəddimə olacaq. Lakin problem həllini tapmasa, Zəngəzur “ilkin sahibi” İrana qaytarılmalıdır: “Bu, çətin görünsə də, tarixi əsaslara görə mümkündür. Çünki vaxtilə Zəngəzurdakı yaylaqların əksəriyyətinin mülkiyyət hüququ İranın Culfa şəhristanının Dizmar mahalı kəndlilərinə məxsus olub. Çox da uzaq olmayan keçmişdə dizmarlılar mal-qaralarını bəsləmək üçün Araz çayını keçərək Zəngəzur yaylaqlarına məsələn, “Əlincə və ya İlangöz meşə yaylaqlarına, Kərçivan, Əlidərə və Qafana köçürdülər, bolşevik hakimiyyətindən sonra bu əlaqə qırıldı”.

Göründüyü kimi, Rəsul Duzal faktiki Ermənistana ərazi iddiası irəli sürür, bu zaman da tarixə istinad etməyə çalışır. Həm də o, məqsədinin Zəngəzur dəhlizinə, eləcə də hazırda İranın Şimal-Cənub dəhlizinə alternativ yol kimi nəzərdən keçirdiyi Qazaxın işğal altında olan kəndlərinin qaytarılmasını əngəlləmək olduğunu da gizlətmir. Ancaq görünür, ya Duzalın coğrafi və tarixi bilikləri məhduddur, ya da bilərəkdən təhriflərə yol verir. Əvvələn, Arazdan cənubla şimalın vahid təsərrüfat məkanı kimi əlaqələri bolşeviklərin gəlişindən sonra deyil, Türkmənçay müqaviləsindən sonra qırılıb. İkincisi, mətndə Naxçıvanın Əlincə dağı da dizmarlıların Zəngəzur mülklərindən biri kimi təqdim olunur, “Tahrie” saytında isə yazının başlığı məhz “Əlincə və İlangöz” adlandırılır. İkinci toponim farsca Yalangöz kimi yazıldığından söhbətin Alagöz (İrəvan yaxınlığında dağ və yaylaq adı), yoxsa İlanlı dağından getdiyi tam anlaşılmır. İkinci yer Əlincəyə yaxın olduğundan ehtimal etmək olar ki, Duzal məhz oranı nəzərdə tutur. Xatırladaq ki, istər Əlincə, istərsə İlanlı dağ Naxçıvan MR Culfa rayonunun inzibati ərazisidir. Yəni R. Duzal Naxçıvanın Culfa rayonun ərazisinin yaylaqlarını da Zəngəzurla bərabər İranın tarixi mülkü hesab edir.

Mətndə adı keçən Dizmar mahalı 15 kiçik kənddən ibarətdir. Kəndlərdən biri də Duzal adlanır. Ehtimal ki, Rəsul İsmailzadə də əslən oradan olduğu üçün özünə Duzal soyadı götürüb. O, Azərbaycan Respublikası sakinləri arasında İranı və İran rejimini təbliğ etmək üçün hazırlanan mətnləri tərcümə edib yaymaqla məşğul olan xüsusi qrupun üzvlərindəndir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm