İranda seçki: Azərbaycanlı həkim gəlir - O, rejimi “sağalda” bilər?
Bizi izləyin

Nida Təhlil

İranda seçki: Azərbaycanlı həkim gəlir - O, rejimi “sağalda” bilər?

İran Konstitusiyasının Keşikçiləri Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün altı iddiaçının namizədliyini təsdiqləyib. Şura namizədliyini irəli sürənlərin əksəriyyətini qeydə almaqdan imtina edib. O cümlədən keçmiş prezident Mahmud Əhmədinejad, parlamentin keçmiş sədri Əli Laricani və keçmiş vitse-prezident Eshaq Cahangiri namizədlər siyahısına düşməyiblər.

Seçkiyə buraxılanlar bunlardır: Parlamentin indiki spikeri Məhəmməd Baqir Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, keçmiş daxili işlər naziri Mustafa Purmohammadi, Şəhidlər və Qazilər Fondunun rəhbəri Əmir Hüseyn Qazizadə Haşimi, Tehran meri Əli Rza Zəkani, keçmiş səhiyyə naziri Məsud Pezeşkian.

Seçkilərə buraxılan namizədlər arasında nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etmiş Səid Cəlili İranın ali dini lideri Ayətullah Xameneiyə yaxın ultra-mühafizəkar kimi tanınır. Seçkilərin favoriti sayıla biləcək daha iki mühafizəkar -Əmir Hüseyn Qazizadə Haşimi və Məhəmməd Bağer Qalibafdır.

70 yaşlı deputat Məsud Pezeşkian islahatçılara aid edilən yeganə namizəddir.

Ölkənin baş prokuroru Mohammad Mohadi Azad diskvalifikasiyalarla bağlı deyib: “Adlar açıqlananda bəzi insanlar əsəbiləşə bilər, lakin biz əminik ki, onlar sakit qalacaqlar, namizədlər isə qanuni hakimiyyətin qərarlarına tabe olmalıdırlar”.

Sabiq prezident Mahmud Əhmədinejadın namizədliyini dəstəkləyəcəyini bəyan etmiş İslam İnqilabının Sabitlik Cəbhəsinin baş katibi Sadegh Tahabi “Fars” xəbər agentliyinə deyib ki, cəbhəçilər müşahidələr və “ehtimal edilən” namizədlərlə görüşlərdən sonra namizədlərdən birini dəstəkləmək üçün “yekun nəticəni” elan edəcəklər. 2010-cu ildə yaradılmış Sabitlik Cəbhəsinin yaradıcılarının əksəriyyəti Mahmud Əhmədinejad hökumətinin nazirləridir, Məhəmməd Təqi Misbah Yəzdinin fikir və mülahizələrinə yaxındırlar və fundamentalist hesab olunurlar. Bəzi ehtimallara görə, onların müdafiə edəcəyi namizədin Qalibaf olacağı daha çox gözləniləndir. Hərçənd Qalibafa və ailə üzvlərinə qarşı ötən ildən bəri ciddi qaralama kampaniyası aparılır. Onun Türkiyədə biznesi olması, oğlunun Kanadaya mühacirət etməsi haqda xəbərlər yayılırdı.

Mustafa Purməhəmmədinin namizədliyinin təsdiqlənməsi gözlənilməz olub. O, ilk dəfə Ekspertlər Məclisinə keçirilən seçkilərdə diskvalifikasiya edilmiş, lakin bir qədər səs-küydən sonra Keşikçilər Şurası sonrakı araşdırmada onu təsdiqləmişdi.

M.Purməhəmmədi İbrahim Rəisi ilə eyni vaxtda edam heyətində olublar. Amma İbrahim Rəisi ilə bundan kənarda bir bağlantısı yoxdur. O, fundamentalist mühafizəkar namizəd hesab edilir.

Pezeşkian və Purməhəmmədi əvvəllər prezident seçkilərində iştirak etməyib. Təəccüb doğuran digər məqam İbrahim Rəisi hökumətinin nazirlərinin, xüsusən də yollar naziri Mehrdad Bazarpaşın, eləcə də mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmailinin namizədliklərinin məqsədə müvafiq hesab edilməməsidir. Beləliklə, Rəisi yaxın çevrə arasında parçalanma olmayacaq, onlar Məşhəd klanının əsas yeganə namizədi olan Səid Cəlilini dəstəkləmək üçün sövq edilirlər. Ali Təhlükəsizlik şurasının katibi Əli Şəmxani də təsdiqlənməyənlər sırasındadır. Amma o, tvitində yazıb ki, ölkənin fərqli siyasi cərəyanları arasında ciddi və etik rəqabət bütün sosial təbəqələrin iştirakına və hakimiyyət formalaşdırmağa imkan verəcək. Bununla da seçkiyə buraxılan namizədlərin hər hansı birinin qələbəsini məqbul saydığını ifadə edib.

İslahatçı namizəd Məsud Pezeşkian həm də seçkidə azərbaycanlı (türk) səslərinə əsas iddiaçı sayılır. Xatəmi hakimiyyəti illərində səhiyyə naziri işləyib. Pezeşkian Təbriz seçki dairəsini parlamentdə beşinci dəfə təmsil edib. Builki parlament seçkilərində onun kvalifikasiyası (məqsədəmüvafiq namizəd olması) rədd edilmiş və sonra təsdiq edilmişdi.

Təbriz universitetində tibb təhsili almış Pezeşkian 2008-ci ildə parlamentdə etirazçıları müdafiə edən çıxışından sonra adı daha çox məşhurlaşıb. Hökumətin etirazçılara qarşı amansız və qanlı repressiyaları ilə bitən 2008-ci il prezident seçkilərindən sonrada etirazçılara münasibəti kəskin tənqid etmişdi. Pezeşkian orta təhsilin azərbaycanca olmasını, hicab aksiyaları zamanı etirazçı qadınları dəstəkləyən çıxışları ilə yadda qalıb.

Pezeşkian istənilən spektrdə islahatçılar tərəfindən dəstəklənə bilər və güman edilir ki, azərbaycanlı və digər türkdilli iranlılar arasında güclü dəstəyə malikdir. Qərbi Azərbaycan vilayətinin kürdlər çoxluq təşkil edən Soyuqbulaq (Mahabad) şəhərində doğulub, atasının azərbaycanlı, anasının kürd olduğu deyilir. İnqilabdan sonra cənab Pezeşkian ümumi cərrahiyyə və ürək cərrahiyyəsi üzrə ixtisaslaşmış və hicri-şəmsi 1373-1379-cu illərdə Təbriz Tibb Elmləri Universitetinin rektoru olub.

Səhiyyə naziri olarkən parlamentdə onun istefası tələbi qaldırılmışdı. Mahmud Əhmədinejad prezident seçildikdən sonra iki il dövlət qulluğundan kənarda qalan Pezeşkian 2006-cı ildə Təbrizdən deputat seçilib

Parlamentin 10-cu çağırışında islahatçıların “Omid” (Ümid) fraksiyasını təmsil edib, siyasi debatlarda islahatçıların adından konkret mövqe tutmasa da, 158 səslə parlament sədrinin birinci müavini olub. Bu postda olarkən o, uyuşdurucu asılılığıını müalicə etmək üçün tibbi məqsədlər naminə uyuşdurucu satışının dövlətin özü tərəfindən təmin olunmasını təklif etmişdi.

Pezeşkian və ailəsi indiyədək İslam Respublikasındakı bir çox vəzifəlilərdən, o cümlədən indi prezidentliyə namizədlərdən fərqli olaraq korrupsiyaya bulaşmayıblar.

2013-cü ildə prezidentliyə namizədliyini açıqlasa da, daha sonra Əkbər Haşimi Rəfsəncaninin qeydə alınması səbəbindən namizədliyini geri götürüb.

O, həmçinin prezident seçkiləri üçün 2021-ci ildə namizədliyini irəli sürüb, lakin Mühafizə Şurası onun məqsədəmüvafiqliyini təsdiq etməyib.

İslahat Cəbhəsi daha əvvəl Abbas Axundi, Məsud Pezeşkian və İshaq Cahangiri islahatçıların qəbul etdiyi namizədlər kimi göstərmişdi və bu ikisini sıradan çıxarmaqla, Pezeşkian qarşıdan gələn seçkilərdə islahatçıların yeganə variantı olacaq.

İslahatçılara yaxın KİV-lər artıq Pezeşkianı dəstəkləmək üçün səfərbər olublar. “Cahan Sanat” qəzetində “ İrana həkim gəlir”, “Şərq” qəzetində “1+5” başlıqlı yazılarda seçkilər ərəfəsində ikiqütblü atmosfer yaratmağa çalışırlar. Ona qarşı əks kampaniyaya da start verilib. “X” sosial şəbəkəsi Pezeşkianın ifadələrinin bir neçə videosunu, o cümlədən onun dediyi kəsimi yenidən yayımladı: “Sabah prezident olsam, ölkəni düzəldə biləcəyim fikrini başınızdan çıxarın”.

Beləliklə, seçkilərin əsas rəqabətinin mühafizəkar qanad arasında olacağı haqda ilkin ehtimallara korrektə etmək lazım gəlir. Bütün islahatçılar Pezeşkiana dəstək versələr, o Cəlili və ya Qalibafa ciddi rəqib ola biləcək. Belə rəqabət, ciddi seçki kampaniyası olması haqda görüntü yaratmağa imkan verərdi. Rejimin ictimai legitimliyinin mübahisələndirildiyi, İran xalqının rejimin seçki institutuna etimad bəsləmədiyi haqda Qərbdən və sistem müxalifətindən gələn tənqidlər fonunda isə indi belə görüntüyə ciddi ehtiyac var.

Rejimin əleyhdarları və İran seçkilərini boykot etməyə üstünlük verənlər isə bu namizədlərdən heç birini öz seçimləri hesab etmir və “sarı it çaqqalın qardaşıdır” deyirlər.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm