Prezidentin Nyu-York təmasları və Azərbaycanın qlobal nüfuzunun mənzərəsi
Bizi izləyin

Nida Təhlil

Prezidentin Nyu-York təmasları və Azərbaycanın qlobal nüfuzunun mənzərəsi

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edir. Dünyanın ən ali orqanının 80 illik yubileyinə təsadüf edən “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyanın gündəliyi Rusiya-Ukrayna münaqişəsi, Qəzzadakı vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, eləcə də iqlim böhranı kimi mövzulardır. Ali orqanda qlobal problemlər və onların həll yollarının tapılması müzakirə ediləcək.

Baş Asambleyanın sessiyalarında yüzlərlə ölkənin lideri iştirak edir, lakin qlobal təəbbüslərlə çıxış edən və həll yollarının tapılmasına töhfə verən az ölkələr var. Azərbaycan qlobal problemlərin həllində mühüm təkliflər verən, onların həllində birbaşa iştirak edən azsaylı ölkələr sırasındadır. Bu baxımdan, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın maraqlarının güclənməsi ilə yanaşı, həm də qlobal sabitliyə töhfə verəcək hadisə hesab oluna bilər. Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasət kursunda qlobal problemlərin həllinə yönəlik səyləri də bunu deməyə əsas verir.

- Azərbaycan regional münaqişələrin həllində mühüm platforma rolunu oynayır;
- Rusiya-Ukrayna müharibəsində xüsusilə humanitar məsələlərin həllində iştirak edib;
- Qəzza müharibəsinin başlanmasından sonra kəskinləşən Türkiyə-İsrail danışıqlarına ev sahibliyi edib, iki ölkə arasında təmaslar yaradıb;
- Yaxın Şərqdə Suriya vektorlu sülhün və sabitliyin əldə edilməsi istiqamətində addımlar atıb;
- Nəhayət Cənubi Qafqaza gələn sülhün memarı da məhz Azərbaycan – Prezident İlham Əliyevdir;
- Qlobal iqlim problemlərinin həllində ölkəmizin müstəsna rolu var, COP-29 tədbirində əldə olunan nəticələr bunun real nümunəsi idi;
- Ölkəmiz dinlərarası dialoqun qurulmasında əhəmiyyətli platforma rolunu oynayır;
- Dünya koronavirus pandemiyası ilə üzləşəndə Azərbaycan qlobal həmrəyliyin yaradılması, eləcə də birgə mübarizəyə nail olmaq istiqamətində mühüm nəticələr əldə etdi: ölkəmizin təşəbbüsləri BMT tərəfindən praktiki müstəvidə icra edilirdi; bu amil Azərbaycanın qlobal problemlərin həllində potensial oyunçu olduğunu ispatlayıb;

Bütün bunların fonunda BMT-nin 80 illik yubileyinə həsr olunmuş sessiyada Prezident İlham Əliyevin iştirakı və Azərbaycan tərəfindən irəli sürüləcək təşəbbüslər dünyanın gələcəyi baxımından önəmlidir.

Nyu-Yorkda səfərdə olan Azərbaycan lideri artıq bir sıra görüşlər keçirib. Bu görüşlərdə iki məqam xüsusilə diqqət çəkir.

Birincisi, Prezident İlham Əliyevin keçirdiyi, eləcə də sessiya çərçivəsində keçirəcəyi bütün görüşlərin qarşı tərəfin müraciəti əsasında baş tutmasıdır: dünyanın ən böyük maliyyə qurumlarından olan “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” şirkətlərinin rəhbərləri Azərbaycan Prezidenti ilə görüşü də onların müraciəti ilə keçirilib;
İkincisi, bu təmaslar – Prezident İlham Əliyevlə görüşmək üçün edilən müraciətlər Azərbaycanın qlobal nüfuzundan qaynaqlanır;

Belə təmaslar Azərbaycanın mövcud potensialının dünyada tanıdılması və investisiyaların cəlb edilməsində yeni imkanlar açır.

Prezident İlham Əliyevin “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Fləttlə keçirdiyi görüşdə Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

1899-cu ildə yaradılan, baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” şirkətinin aktivlərinin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San-Paulo, Mumbay və Şanxay da daxil olmaqla, dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.

Dövlət başçısının Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşü də Azərbaycana investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib. Əməkdaşlığın davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.

1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir.

Alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qreyin Prezident İlham Əliyevlə görüşü də xarici investisiyaların cəlb edilməsində yeni imkanlar yaradır. Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

1985-ci ildə Nyu-Yorkda təsis olunan “Blackstone” şirkətinin idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır.

Bu şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşmək üçün şəxsən müraciət ediblər. Görüşlərdə aparılan fikir mübadiləsi həm Azərbaycanın iqtisadi potensialının nümayiş etdirilməsi, həm də beynəlxalq investisiyaların cəlb edilməsində yeni perspektivlər açır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm