Nida Təhlil
Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri nədir?

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ikitərəfli münasibətlərlə yanaşı, regional proseslər fonunda xüsusilə əhəmiyyətlidir. Astana səfəri Əliyevin bir aydan az müddətdə gərgin diplomatik trafikinin növbəti mərhələsi kimi qəbul edilə bilər.
- Nyu-York səfəri Azərbaycan liderinin BMT tribunasından tarixi çıxışı və ABŞ-ın siyasi-iqtisadi elitası ilə mühüm görüşləri ilə yadda qaldı;
- Kopenhagendə Avropa elitası Əliyevi qlobal siyasətin mühüm oyunçusu kimi qarşıladı;
- Qəbələdə Əliyev türk dünyasını bir araya toplayaraq, coğrafiyanın gələcəyini müzakirə etdi və yeni hədəflər müəyyənləşdirildi: türk dünyasının vahid güc mərkəzi kimi çıxış etməsi və hərbi əməkdaşlığın gücləndirilməsi;
- Əliyevin Düşənbəyə gedişi MDB, daha dəqiq desək, Rusiya üçün geosiyasi rəqabətdə güclü görünmək üçün xüsusilə vacib idi: Vaşinqtondan Pekinə qədər bütün geosiyasi paytaxtlarda dərin ehtiramla qarşılanan Azərbaycan liderinin qlobal nüfuzu bütün oyunçular üçün cəlbedicidir;
- Qəzzanın gələcəyinin müəyyən edildiyi Şarm əl-Şeyxdə İlham Əliyev beynəlxalq birliyin oyunçularından biri, eyni zamanda, Yaxın Şərqdə sülhün qurulmasında əsas iştirakçı kimi qarşılandı;
Əliyevin qlobal siyasi trafiki fonunda Astana səfəri təkcə Azərbaycan-Qazaxıstan münasibətləri ilə məhdudlaşmır. Bu səfəri bir neçə kontekstdə qiymətləndirmək olar.
Birincisi, geosiyasi rəqabətin kəskinləşdiyi dövrdə Azərbaycan böyük oyunçuların hesablaşdığı orta gücün qurulması istiqamətində strategiyanı izləyir.
Əliyev Qəbələ Zirvəsində türk dünyasının vahid güc kimi çıxış etməsinin vacibliyini qeyd etmişdi, çünki dünyanın yeni nizamının qurulması uğrunda gedən mübarizədə “sağ qalmağın”, həm də maraqları nəzərə alınan gücə çevrilməyin yolu budur. Azərbaycan və Qazaxıstan türk dünyasının coğrafi olaraq iki dayaq sütunu rolunu oynayır, bu dayaqlardan birinin zəifləməsi, yaxud dərin inteqrasiyadan geri qalması “domino effekti” yarada, vahid güc mərkəzi strategiyasını sual altına sala bilər.
Astana və Bakının qlobal sistemin gələcəyi ilə bağlı gündəliyi də eynidir:
- BMT-də islahatların aparılması şərti ilə mövcud beynəlxalq təhlükləsizlik sisteminin qorunması;
- BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi (Astana Asiya, Afrika və Latın Amerikası regionu, Bakı Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi böyük platformaların TŞ-də təmsilçiliyinin yaradılmasını təklif edir: Azərbaycan və Qazaxıstan TŞ ilə bağlı təkliflərini müəyyən korrektlərlə birləşdirə, hər iki ölkənin, eyni zamanda, türk dünyasının maraqları kontekstində irəli sürə bilər);
Bu baxımdan, Prezidentin Astana səfəri türk coğrafiyasında vahid güc mərkəzinin perspektivlərinin gücləndirilməsi və orta gücün qurulması hədəfi fonunda xüsusi əhəmiyyət kəsb edir: Əliyev Qəbələdə təqdim etdiyi strategiyanı praktiki müstəvidə həyata keçirir;
İkincisi, Orta dəhlizin perspektivlərinin gücləndirilməsi – Avrasiyanın nəqliyyat şəbəkəsində möhkəmlənmək;
Bakı və Astana Orta dəhlizin iki əsas habını - Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan Cənubi Qafqazda təşkil edir. Orta dəhliz marşrutunda orta gücün qurulmasının iqtisadi perspektivlərində nəqliyyat şəbəkəsinin inkişafı ən vacib istiqamətdir. Əliyevin Qazaxıstan səfərində bu istiqamət üzrə siyasətin davam etdirilməsi – Orta dəhlizin dayanıqlılığını gücləndirmək və Avrasiyanın nəqliyyat şəbəkəsində yerini saxlamaq əsas gündəm mövzularından biri kimi qəbul edilə bilər.
Azərbaycan liderinin Qazaxıstan səfərində zaman baxımından əsas diqqətçəkən məqam isə Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın (Vaşinqton sənədləri) əldə edilməsidir. Dəhliz anlaşması türk dünyasında coğrafi parçalanmanı aradan qaldırmaq perspektivini gücləndirir və bu, möhkəm siyasi və iqtisadi təməllərə malik vahid gücün qurulmasına imkan yaradır. Coğrafi parçalanmanın aradan qalxması perspektivləri fonunda türk dünyasının yeni hədəflərinin müəyyən edildiyi Qəbələ Zirvəsindən sonra Azərbaycan lideri bu strategiyanı tətbiq edir.
Bütün bunların fonunda Əliyevlə Tokayevin gündəmində üç əsas məsələ də var.
1. Xəzərin üzləşdiyi ekoloji fəlakətin aradan qaldırılması;
2. Ermənistanla sülh danışıqlarında Astana platformasının perspektivləri (Əliyevdən sonra Paşinyanın da Qazaxıstana səfəri gözlənilir);
3. AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq: Rusiya Azərbaycanın tələblərini qəbul etsə də, Putin Düşənbədə istintaq prosesini izləyəcəklərini dilə gətirdi; bu, Moskvanın Bakı ilə razılaşsa belə, “arqumentləri”ni gücləndirmək üçün prosesə müdaxilə risklərini yaradır, daha öncə analoji hal baş verib; Azərbaycan Qazaxıstanla istintaq prosesinin üzərindən bir daha keçmək və “saatları yoxlamaq” niyyətindədir.
Asif Nərimanlı
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO
-
Rəsmi xronika14:13
Azərbaycan Ermənistana qarşı bu məhdudiyyətləri aradan qaldırdı
-
Sağlamlıq14:10
Əsrin bəlası deyilmiş: 41 min il əvvəl insanlar xərçəngdən belə qorunurmuş
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?
-
Hadisə11:40
“Bakubus” avtobusu bulvara girdi - VİDEO
-
Nida Xəbər 11:22
Hikmət Hacıyev İlham Əliyevin Astana səfərindən paylaşım etdi - VİDEO