Nida Təhlil
Aqrar sektorla bağlı yeni model: Subsidiya islahatı və texnoloji transformasiya
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı, subsidiya mexanizminin təkmilləşdirilməsi, buğda istehsalı və aqrar sahədə texnoloji yeniliklərin tətbiqi məsələləri geniş müzakirə olunub.
Dövlət başçısı bildirib ki, subsidiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var və bu yanaşma məhsul növləri, regionlar üzrə diferensiallaşdırılmalıdır.
Müşavirədə həmçinin kənd təsərrüfatında peyk texnologiyaları, rəqəmsal monitorinq və innovativ idarəetmə alətlərindən istifadə məsələləri vurğulanıb.
Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, kənd təsərrüfatı bütün dünyada dövlət dəstəyi alan strateji sahədir.
Dünyanın bütün ölkələrində tətbiq olun mexanizm
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi səbəbindən aqrar sektorun subsidiyalaşdırılması geniş yayılıb: “Avropa İttifaqı büdcəsinin təxminən 55 faizi kənd təsərrüfatına yönəldilir. Ona görə də subsidiyalaşma mexanizmi demək olar ki, bütün ölkələrdə tətbiq olunur”.
Vüqar Bayramov qeyd etdi ki, əsas məsələ subsidiya həcmi ilə istehsal arasında düzgün əlaqənin qurulmasıdır və məqsəd istehsalı birbaşa dəstəkləməkdir.
Subsidiya islahatı və istehsalın stimullaşdırılması
Deputat vurğuladı ki, Prezident İlham Əliyev də müşavirədə subsidiya mexanizminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, bu mexanizm məhsul növlərinə, bölgələrə görə fərqləndirilə bilər və eyni zamanda istehsal həcminə uyğun subsidiya verilməsi məqsədəuyğundur.
"Bu yanaşma xüsusilə idxaldan asılı olan məhsulların istehsalını artırmağa imkan verə bilər", - deyə millət vəkili qeyd etdi.

Strategiyanın əsasında buğda məhsuldarlığını artırmaq durur
Müsahibimizə görə, buğda Azərbaycan üçün strateji məhsuldur və ölkənin özünü təmin etmə potensialı mövcuddur.
Onun sözlərinə görə, bu, əkin sahələrinin azaldılması hesabına yox, məhsuldarlığın artırılması hesabına həyata keçirilməlidir: “Hazırda istehsal etdiyimiz buğda ilə idxal arasında paralellik var ki, bu da asılılığın azaldılması zərurətini göstərir”.
Vüqar Bayramov əlavə etdi ki, yüksək keyfiyyətli buğda istehsalının artırılması strateji əhəmiyyət daşıyır.
Özəl sektor və regional inkişaf
Deputat aqrar sektorda özəl sektorun rolunun artırılmasının vacibliyini də qeyd edib.
Onun sözlərinə görə, prosedurların sadələşdirilməsi və investisiya mühitinin yaxşılaşdırılması daha çox sərmayə cəlbinə imkan yarada bilər.
Vüqar Bayramov bildirdi ki, aqrar sektorun inkişafı regionların iqtisadi aktivliyini artıracaq və kənddən şəhərə miqrasiyanın qarşısını ala bilər.
Texnologiya: kosmos xidmətləri və ağıllı idarəetmə
Deputat aqrar sahədə müasir texnologiyaların tətbiqini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, kosmos xidmətləri, peyk imkanları və ağıllı idarəetmə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edir: “Bu istiqamətdə işlərin genişləndirilməsi idxaldan asılılığın azaldılmasına və istehsalın artmasına gətirib çıxara bilər”.
Vüqar Bayramov əlavə etdi ki, bu texnologiyalar artıq praktik olaraq tətbiq olunmağa başlayıb və genişləndirilməsi prioritetdir.
"Aqrar sektorun inkişafı üçün subsidiya mexanizminin təkmilləşdirilməsi, özəl sektorun gücləndirilməsi və müasir texnologiyaların tətbiqi paralel şəkildə həyata keçirilməlidir", - deyə millət vəkili fikrini yekunlaşdırdı.
Müəllif: Adəm Abbaslı
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır






































