Subsidiya verilir, nəticə yoxdur - Prezidentin aqrar islahat mesajları kimlərə siqnaldır?
Bizi izləyin

Nida Təhlil

Subsidiya verilir, nəticə yoxdur - Prezidentin aqrar islahat mesajları kimlərə siqnaldır?

Subsidiya verilir, nəticə yoxdur - Prezidentin aqrar islahat mesajları kimlərə siqnaldır?

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sektorun inkişafı, subsidiya mexanizmləri, su təminatı, iqlim dəyişiklikləri, məhsuldarlıq və ərzaq təhlükəsizliyi geniş müzakirə olunub. Dövlət başçısı çıxışında kənd təsərrüfatında son illərdə müşahidə olunan durğunluqdan narahatlığını ifadə edərək yeni Dövlət Proqramının hazırlanmasının vacibliyini vurğulayıb.

Müşavirədə həmçinin buğda üzrə özünütəminat göstəriciləri, idxaldan asılılıq, torpaqların səmərəli istifadəsi, rəqəmsallaşma, süni intellekt və kənddən şəhərə miqrasiyanın qarşısının alınması kimi mühüm məsələlər diqqətə çatdırılıb.

Publika.az mövzu ilə bağlı iqtisadiyyat üzrə ekspert Razi Abasbəyliyə müraciət edib. Mütəxəssis bəzi məqamlara aydınlıq gətirdi.

Razi Abasbəyli bildirdi ki, əlbəttə, cənab Prezidentin qeyd etdiyi məqamlar vacibdir. Azərbaycanda aqrar sektora nə qədər subsidiya ayrılsa da, gözlənilən tədarük göstəriciləri üzrə müsbət nəticələr əldə olunmur.

Ekspert qeyd etdi ki, burada bir neçə vacib məqamlar var və birinci olaraq iqlim şəraitinin dəyişməsi önə çəkilib. O bildirdi ki, son beş ilin iqlim göstəriciləri bir daha sübut edir ki, Azərbaycanda iqlim dəyişiklikləri baş verir, lakin fermerlər bu dəyişikliklərə hazır deyil:

"Birinci növbədə aqrar sektorda, xüsusilə də əkinçilikdə iqlimlə bağlı düzgün proqramlaşdırma və proqnozlaşdırma həyata keçirilməlidir və hansı bitkilərin əkilməsi, hansı mövsüm üzrə, aylar üzrə həm toxum səpinin dövrü, həm də bitkinin tədarük dövrü düzgün müəyyən edilməlidir. Faktdır ki, iqlim dəyişiklikləri Azərbaycanda kənd təsərrüfatı göstəricilərinin aşağı düşməsinə səbəb olub".

Müsahibimiz ikinci faktor kimi aqrar sektorda su təminatı məsələsini qeyd etdi və bildirdi ki, hələ də ölkəmizdə əkin sahələrinin suvarılması və şoranlaşmış torpaqların yuyulması üçün lazım olan müasir texnologiyalardan istifadə edilmir: "Yalnız torpaq kanallar vasitəsilə su ötürülməsi həyata keçirilir ki, bu da ciddi su itkilərinə və nəzərdə tutulmuş əkin sahələrinin yetərli səviyyədə suvarılmamasına səbəb olur, nəticə etibarilə də tədarük göstəriciləri aşağı düşür.

Razi Abasbəyli həmçinin əkin sahələrinin düzgün proqnozlaşdırılmamasına diqqət çəkərək bildirdi ki, hansı ərazilərdə hansı bitkilərin əkilməsi vacib planlamadır və bu planlaşdırmanın həyata keçirilməsində fermerlərə dəstək verilməlidir.

Ekspert subsidiyaların təyinatı ilə bağlı da narahatlıqların olduğunu qeyd edərək bildirib: "Subsidiyaların təyinatı üzrə verilməməsi ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarında müvafiq araşdırmalar və cəza tədbirləri reallaşdırılır. Lakin təəssüf ki, bu gün də Azərbaycanda verilən subsidiyalar müvafiq olaraq təyinat üzrə istifadə olunmur və məhz bunun da nəticəsində statistik göstəricilərlə faktiki tədarük göstəriciləri arasında ciddi fərqlər yaranır".

Dəmyə əkin sahələrinin artırılması mümkündür

Müsahibimiz qeyd etdi ki, ərzaq buğdası təminatı ilə bağlı Azərbaycanda dəmyə taxıl və arpa əkin sahələrinin həcmini artırmaq mümkündür. O bildirdi ki, son illərdə Azərbaycan ərazisinə düşən yağıntıların miqdarının yüksək olması xüsusilə Şamaxı, Ağsu və digər dağlıq və dağətəyi regionlarda, ən vacibi isə Qarabağ və Şərqi Zəngəzurda taxıl, buğda və arpa əkin sahələrinin artırılmasına imkan verir.

"Məhz dəmyə üsulu ilə əkilən əkin sahələrində statistik göstəricilərə görə tədarük 7%-ə qədər artıb. Düzgün planlaşdırma həyata keçirilərsə, ərzaqlıq buğdanın və ümumiyyətlə dənli bitkilərin tədarükündə hava şəraitini düzgün qiymətləndirməklə müsbət nəticələr əldə etmək mümkündür", - deyə Razi Abasbəyli vurğuladı.

Aqrar sektor vahid konsepsiya kimi işləməlidir

Mütəxəssis qeyd etdi ki, Azərbaycanda aqrar sektorun inkişafına investisiyaların yatırılması dünya praktikasında əsasən xarici investisiyalar formasında geniş yayılmır, burada daha çox dövlət tərəfindən həyata keçirilən subsidiya siyasəti ön plandadır.

O əlavə etdi ki, bu siyasət yalnız torpaqların əkilməsi və becərilməsi və ya gübrə təminatı ilə məhdudlaşmamalıdır, tədarük dövründən sonrakı mərhələdə də mexanizmlər qurulmalıdır. Bildirdi ki, əkilən məhsulların dövlət sifarişi ilə alınması və ya dövlət zəmanəti ilə birbaşa tarladan bazarlara çıxarılması üçün zəncir qurulmalıdır.

Razi Abasbəyliyə görə, bu şəbəkə dövlət zəmanəti ilə həyata keçirilərsə, həm məhsullara real bazar qiyməti formalaşar, həm də satış imkanları genişlənər və nəticə etibarilə növbəti illərdə əkin sahələrindən gəlirlər artar, bu da insanların marağını daha da artırar.

O əlavə etdi ki, aqrar sektor yalnız subsidiya, investisiya, gübrə təminatı və ya torpaq analizləri deyil, bunların hamısının birlikdə işlədiyi vahid konsepsiyadır və bu zəncirin hər hansı halqasında problem yaranarsa, ümumi nəticəyə təsir edir.

Ekspertin sözlərinə görə, cənab Prezidentin vurğuladığı məqamlar məhz konseptual yanaşmadır və bu yanaşma aqrar sektorun inkişafında geriləmənin və gözlənilən nəticələrin alınmamasının göstəricisidir. O bildirdi ki, bu çıxışdan sonra hökumət və müvafiq qurumların konkret addımlar atacağı gözlənilir.

İnvestisiyalara ciddi nəzarət vacibdir

Ekspert bildirdi ki, investisiyaların effektivliyi məsələsi xüsusi diqqət tələb edir və su təminatı kimi sahələrdə ayrılan vəsaitlərin taleyinə ciddi nəzarət edilməlidir.

"Su xətlərinin çəkilməsi, kanalların modernləşdirilməsi və damcı suvarma sistemlərinin tətbiqi kimi layihələrdə investisiyaların ünvanlı istifadəsi təmin olunmalıdır.

Bu konsepsiya dövlət başçısının rəhbərliyi altında bütün hökumət strukturlarının iştirak edəcəyi ümumi bir yanaşmadır və kifayət qədər vacib və həssas məsələdir.

Post-pandemiya dövründə dünyada ərzaq təhlükəsizliyi əsas prioritetə çevrilib. Əgər dövlətlər öz daxili imkanları hesabına ərzaq təminatını təmin edə bilirlərsə, daha güclü sayılırlar. Azərbaycanın da belə potensialı var və mövcud göstəriciləri 20-25%-ə qədər artırmaq mümkündür", - deyə Razi Abasbəyli fikrini yekunlaşdırdı.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm