Prezidentin Qazaxıstan səfəri: Bakı və Astana strateji tərəfdaşlığı belə gücləndirir
Bizi izləyin

Nida Təhlil

Prezidentin Qazaxıstan səfəri: Bakı və Astana strateji tərəfdaşlığı belə gücləndirir

Azərbaycan və Qazaxıstan arasında münasibətlər dərin köklərə malikdir. Türkdilli olan hər iki ölkə milli köklərlə yanaşı, dini baxımdan da eynidir. Eyni kökdən gələn hər iki xalqın lideri – Prezident İlham Əliyev və Prezident Kasım Jomart Tokayev ölkələrimiz arasındakı bağların strateji müstəvidə möhkəmlənməsi siyasətini həyata keçirir. Bakı və Astana təkcə ikitərəfli şəkildə yox, müxtəlif təşkilatlarda da birgə təmsil olunur və qarşılıqlı dəstək siyasətindən çıxış edir.

Türk Dövlətləri Təşkilatında yer alan Azərbaycan və Qazaxıstan türk coğrafiyasının birliyi istiqamətində birgə addımlar atır. Bakı və Astananı türk dünyasının həm coğrafi, həm siyasi-iqtisadi potensial baxımından iki əsas mərkəzi hesab etmək olar. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi İslam dünyasının birliyi və inkişafı istiqamətində də birgə işləyir. Bununla yanaşı, Azərbaycan və Qazaxıstan Orta dəhlizin iki əsas habını təşkil etməklə Avrasiyanın nəqliyyat şəbəkəsində də strateji mövqeyə malikdir. Bakı və Astananın mövqeyi, eləcə də birliyi olmadan nə Orta dəhlizin reallaşması mümkün ola bilər, nə də bu dəhlizin keçdiyi coğrafiyadakı türk dövlətlərinin güclü perspektivləri. Azərbaycan və Qazaxıstan liderlərinin intensiv təmasları bu baxımdan mühüm perspektivlər vəd edir.

Prezident İlham Əliyevlə Prezident Kasım-Jomart Tokayev bu ay ərzində üçüncü dəfə görüşdü.

- 6-7 oktyabr tarixində Türk Dövlətləri Təşkilatının Qəbələ zirvəsində bir araya gəldilər;
- Oktyabrın 10-da iki ölkə prezidenti MDB dövlət başçılarının Düşənbədə keçirilən sammiti çərçivəsində görüşdü;
- Və üçüncü görüş Astanada baş tutdu;

İntensiv təmaslar Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyəsinin təzahürüdür. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri, hava limanında şəxsən Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qarşılanması, eləcə də görüşlər zamanı Azərbaycan liderinə "görkəmli lider" kimi müraciət etməsi də həm Azərbaycan liderinin nüfuzunu, həm də ikitərəfli münasibətləri özündə əks etdirən mənzərə idi. Mühüm nəticələrlə yadda qalan səfər ikitərəfli münasibətlərlə yanaşı, regional proseslər fonunda da əhəmiyyətli idi.

Prezidentlərin təkbətək görüşü zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsində iki ölkə liderinin siyasi iradəyə malik olduğu mesajı verildi.

Tokayev bəyan etdi ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir: “Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir”.

İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev isə qeyd etdi ki, müzakirələrdə tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.

Azərbaycan və Qazaxıstanın həm ikitərəfli, həm də regional müstəvidə yeni hədəfləri var.

- İkitərəfli münasibətlərdə əsas prioritetlərdən biri ticarət dövriyyəsinin tezliklə artırılması, eyni zamanda, hərbi müstəvidə əməkdaşlığın gücləndirilməsidir;
- Regional müstəvidə Bakı və Astana Orta dəhliz marşrutunun aktuallığını gücləndirməli, Avrasiyanın nəqliyyat şəbəkəsində önə çıxmalıdır.


Səfər zamanı “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı da bu plana daxildir. İki ölkə Orta dəhlizin səmərəsini və rəqabət qabiliyyətlini artırmaq istiqamətində konkret addımlar və təşəbbüslər irəli sürür.

Prezidentlərin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Ötən il Şuranın Bakıda keçirilən birinci iclasında müzakirə edilən mühüm məsələlərin icrası istiqamətində işlər həyata keçirilib. Astanada keçirilən ikinci iclas həm görülən işlərin müzakirə edilməsi, həm də yeni hədəflərin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Liderlər çıxışlarında ikitərəfli münasibətlərə toxundu, həyata keçirilən və planlaşdırılan layihələrdən bəhs etdi. O cümlədən, Azərbaycan-Ermənistan sülh danışıqları, Vaşinqtonda əldə olunan razılaşmalar müzakirə edildi. Hər iki lider Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, qoyulan hədəflərə çatmaq istiqamətində irəliləyiş üçün heç bir maneənin olmadığını vurğuladı.

Prezidentlərin iştirakı ilə keçirilən sənədlərin mübadilə mərasimi – ikitərəfli sənədlər Azərbaycan və Qazaxıstanın texnologiyadan nəqliyyata, texnologiyadan süni intelektə qədər bütün sferalarda dərin əməkdaşlıq münasibətlərinə malik olduğunun rəsmi təsdiqi hesab oluna bilər. Dövlət başçıları “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı”nı və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı”nı imzaladılar. Daha sonra 11 sənəd mübadilə olundu.

Prezidentlərin mətbuata birgə bəyanatlarından məlum oldu ki, səfər zamanı iki ölkə arasında əhəmiyyətli razılaşmalar əldə olunub.

- Yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması razılaşdırıldıb;
- Müştərəfli müəssisələrin yaradılması planlaşdırılır: transformatorların birgə istehsalı, gəmiqayırma sahəsində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur;
- Sənaye əməkdaşlığının inkişafı üzrə yol xəritəsi hazırlanacaq və Qazaxıstan-Azərbaycan birbaşa investisiyalar fondunun fəaliyyəti aktivləşdiriləcək;
- Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması istiqamətində addımların intensivləşdirilməsi qərara alınıb;
- Trans-Xəzər bərə sisteminin yaradılması gündəmdədir: bunun reallaşması Tran-Xəzər layihəsinin perspektivləri baxımından əhəmiyyətli addımdır;
- Qazaxıstanın enerji resurslarının Azərbaycan tranziti üzrə daşınmasında həcmin artırılması nəzərdə tutulur;
- Xəzərin dibi ilə optik kabelin çəkilməsi layihəsi üzərində iş davam edir, kabel çəkilişinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır;
- Texnologiya – süni intellekt, mədəniyyət və təhsil sahəsində birgə layihələr nəzərdə tutulur;

Tokayev çıxışı zamanı bildirdi ki, səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq, müttəfiqlik ruhunda qardaş xalqlarımızın rifahı naminə gələcək inkişafına qarşılıqlı surətdə hazır olduğumuzu əyani şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər işə düşəcəyi gözləntisindən danışdı və bunun Orta dəhlizin, ümumilikdə Avrasiyanın nəqliyyat şəbəkəsinin inkişafına amühüm töhfə verəcəyini qeyd etdi.

Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq”, - dövlət başçısı diqqətə çatdırdı.

Prezidentin Qazaxıstan səfərində ümumilikdə ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafı, türk dünyasında birliyin təmin edilməsi, o cümlədən, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsində mühüm nəticələr əldə olundu. Tokayevin hava limanında Prezident İlham Əliyevi şəxsən yola salması isə Azərbayca liderinə dərin ehtiramdan qaynaqlanırdı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm