İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq?
Bizi izləyin

Nida Təhlil

İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq?

“Qurumlarınızı ələ keçirin, kömək yoldadır” çağırışı ilə İran xalqını üsyana dəvət edən ABŞ prezidenti Donald Tramp bununla müdaxilənin anonsunu verdi və yaxın günlərdə, yaxud saatlarda zərbələrin endiriləcəyi gözləntisi aktualdır.

Mümkün müdaxilə (seçimlər arasında hərbi hücumla yanaşı, kiberhücum və rejimi etirazlar qarşısında çətin vəziyyətə salacaq, yaxud zorakılıqdan çəkindirə biləcək addımlar da daxildir) hadisələrin inkişafına dair suallar yaradır.

- Hücum rejimin devrilməsi ilə nəticələnəcəkmi?
- ABŞ-ın İran planında hansı variantlar var?


Müdaxilə ssenarisində əsas hədəflər İranın hərbi infrastrukturu – SEPAH, Bəsic kimi etirazçılara divan tutan təhlükəsizlik qüvvələri və hərbi rəhbərlik ola bilər. Və bu hədəflərin vurulması hava hücumları ilə həyata keçiriləcək. Lakin bunun rejimin devrilməsi ilə nəticələcəyini demək çətindir.

1. Rejimin devrilməsi qurudan müdaxilə ilə mümkündür ki, bu gündəmdə deyil: məqsəd işğal etmək yox, hibrid müharibə taktikası ilə inqilab etməkdir; qurudan müdaxilə ssenarisində İranın dərinliklərində rejim qüvvələri ilə döyüşmək çətindir;
2. Etirazçılar klassik “rəngli inqilab” taktikası ilə dövlət binalarını nəzarətə götürür, ABŞ havadan zərbələrlə rejimə bağlı təhlükəsizlik qüvvələrinin prosesə müdaxiləsinin qarşısını alır: Trampın etirazçılara “qurumlarınızı ələ keçirin” çağırışı Vaşinqtonun bu variantı nəzərdən keçirdiyini deməyə əsas verir;


Hərçənd, İran “ərəb baharı”nı yaşayan region ölkələrindən xeyli fərqlidir: bu ölkədə hakimiyyət bir nəfərə - dini rəhbərə tabe olsa da, “tək adam” məntiqi ilə işləmir və təpədəki fiqurun taxtdan salınması rejimin təslim olması ilə nəticələnəcəyini demək çətindir; rejimin dayaqları – SEPAH, Bəsic və digər silahlı qruplar/qurumlar vahid cəbhədən çıxış edir;

Bu baxımdan, etirazçıların dövlət qurumlarını ələ keçirməsi asan olmayacaq və silahlı rejimin qanlı reaksiyası ilə qarşılaşacaq, amma mümkünsüz də görünmür, çünki etirazların miqyası və iştirakçıların sayı Xameneinin qüvvələrinin potensial imkanları xaricinə çıxarsa, rejim nəzarəti itirə bilər. ABŞ-ın hücumu bu məqamda həlledici olacaq: təhlükəsizlik qüvvələrinə və hərbi rəhbərliyə endiriləcək zərbələr rejimin mövcud potensialını azalda, diqqətini yayındıra, “vahid cəbhəni” dağıda, nəticə etibarilə etirazçıların hakimiyyəti nəzarətə götürməsi yolunu aça bilər. Bu ssenaridə liderin kimliyi – koordinasiya edəcək qüvvə məsələsi açıq sual olaraq qalır.

Bunun fonunda ABŞ-ın İranın gələcəyi ilə bağlı planları da qeyri-müəyyən görünür. Vaşinqton rejimin devrilməsini istəyir, yoxsa?

İran və ABŞ arasında təmasların olduğu rəsmi şəkildə təsdiqlənib, Tramp isə üsyan çağırışında qeyd edir ki, “İran rəsmiləri ilə bütün görüşləri ləğv edib, etirazçıların öldürülməsi davam etdiyi müddətdə heç bir görüş baş tutmayacaq”.

Bu məqam ABŞ-ın İranla bağlı planına dair müəyyən təxminlər yaradır: Tehran etirazçıların istəklərini yerinə yetirir, demokratik müstəvidə addımlar atır, eləcə də nüvə proqramı ilə bağlı bütün tələbləri qəbul edir, əvəzində rejim qalır;

İstisna deyil ki, bu Vaşinqtonda A planı kimi masadadır, əks təqdirdə, İranla təmasların davam etdirilməsi üçün şərt irəli sürülməzdi. B planı – rejimin devrilməsi, yeni hakimiyyətin və sistemin qurulması variantı da mövcuddur, lakin bunun uzunmüddətli və qanlı proses olacağı aydın görünür.

A və B planı arasındakı seçim – hansının işləyəcəyi İran rejiminin qərarından asılı olacaq. Lakin etirazlarda ilkin nəticənin əldə edildiyini deyə bilərik: rejimin əvvəlki gücünü qaytarması, “mütləq hakimiyyəti” bərpa etməsi, mövcud sistem davam etsə belə, İranın əvvəlki ölkə olacağı qeyri-mümkün görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm