Azərbaycan artıq beynəlxalq diplomatiya paytaxtlarından biridir - Aydın Mirzəzadə
Bizi izləyin

Nida Təhlil

Azərbaycan artıq beynəlxalq diplomatiya paytaxtlarından biridir - Aydın Mirzəzadə

Azərbaycan artıq beynəlxalq diplomatiya paytaxtlarından biridir - Aydın Mirzəzadə

Bakıda keçirilən Bakı Enerji Həftəsində Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti, beynəlxalq enerji təhlükəsizliyində rolu, yeni nəqliyyat marşrutları və regional əməkdaşlıq perspektivləri ilə bağlı mühüm mesajlar səsləndirib. Dövlət başçısı çıxışında ölkəmizin enerji resurslarının dünya bazarlarına çatdırılması istiqamətində əldə etdiyi nailiyyətləri, yaşıl enerji layihələrini və Azərbaycanın geosiyasi əhəmiyyətini xüsusi vurğulayıb.

Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirdi ki, müasir dövrdə enerji təhlükəsizliyi beynəlxalq siyasətin əsas amillərindən biri hesab olunur və Azərbaycan bu prosesdə fəal iştirak edən ölkələr sırasındadır.

Enerji siyasətinin təməlini Heydər Əliyev qoyub

Deputat qeyd etdi ki, Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar uzun illər ərzində formalaşdırılmış strateji siyasətin nəticəsidir.

Onun sözlərinə görə, ölkəmiz bir tərəfdən zəngin enerji ehtiyatlarına malikdir, digər tərəfdən isə həmin resursların dünya bazarlarına çıxarılması üçün etibarlı sistem qurmağı bacarıb:

“Bizim qədim zamanlardan gələn enerji ehtiyatlarından istifadə etmək təcrübəmiz var. Digər tərəfdən isə müstəqilliyimizi bərpa etdikdən sonra enerji resurslarımızı xarici bazara çıxarmaq üzrə milli maraqlarımıza cavab verən bir sistem qura bilmişik”.

Aydın Mirzəzadə vurğuladı ki, bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub.

“Onun vaxtilə təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, sonradan isə bu xəttin cənab Prezidentimiz tərəfindən davam etdirilməsi Azərbaycana çox böyük uğurlar gətirib. Bu, həm beynəlxalq birlikdə tərəfdaşlarımızın çox olmasına, həm də əldə edilən maliyyə imkanlarının daxili problemlərin həllinə yönəldilməsində böyük rol oynayıb”.

Deputatın fikrincə, Azərbaycan təkcə enerji məsələlərində deyil, digər istiqamətlərdə də etibarlı tərəfdaş kimi tanınır:

“Azərbaycan tək enerji məsələləri üzrə deyil, digər sahələr üzrə də həmişə çox etibarlı tərəfdaş kimi çıxış edib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın ixracında qeyri-neft sektorunun həcmi günü-gündən artmaqdadır. Eyni zamanda, daxili iqtisadiyyatımızın özündə də qeyri-neft sektorunun payı durmadan yüksəlir”.

Azərbaycanın beynəlxalq nüfuzu güclənir

Millət vəkili bildirdi ki, ölkələrin beynəlxalq nüfuzu yalnız ixrac potensialı ilə ölçülmür. Onun sözlərinə görə, dövlətin etibarlılığı, beynəlxalq hüquqa hörmətlə yanaşması və tərəfdaşlarla münasibətlərdə məsuliyyətli davranması da mühüm amillərdəndir:

“Beynəlxalq birlikdə təkcə xarici bazara məhsul çıxarmaqla nüfuz qazanılmır. Ümumilikdə ölkənin etibarlılığı, beynəlxalq hüquqa riayət etməsi və digər ölkələrlə əməkdaşlıqda mümkün kömək imkanlarını həyata keçirməsi kimi faktorlar da nəzərə alınır”.

Deputat qeyd etdi ki, daxili siyasətdə əldə edilən uğurlar da Azərbaycanın mövqeyini gücləndirib:

“Daxili siyasətin uğuru, insan hüquqlarının və demokratiyanın qorunması da vacib məsələlərdən hesab olunur. Hesab edirəm ki, Azərbaycan təkcə enerji imkanları ilə deyil, ümumilikdə dövlətçilik fəaliyyəti ilə bu gün beynəlxalq birlikdə yüksək nüfuz qazana bilib”.

Aydın Mirzəzadə vurğuladı ki, ölkənin iqtisadi və demoqrafik göstəriciləri də regionda xüsusi çəkiyə malik olmasına şərait yaradır:

“Ərazimizin böyüklüyü, əhalimizin 10 milyondan çox olması, Azərbaycan xalqının tarixən öz iqtisadi həyatını qurmaq bacarığı regionda həm iqtisadi, həm də siyasi çəkimizin yüksək olmasına təsir edir”.

Onun sözlərinə görə, qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti də Azərbaycanın dostlarının sayının artmasına səbəb olub:

“Bu gün Azərbaycan regionda sülhün təminatçısı rolunda çıxış edir. Bir çox iqtisadi və siyasi layihələrin təşəbbüskarıdır. Azərbaycan artıq beynəlxalq diplomatiya paytaxtlarından birinə çevrilib”.

Elektrik enerjisi ixracı yeni imkanlar yaradır

Deputat qeyd etdi ki, Azərbaycanın enerji siyasətində yeni istiqamətlərdən biri də elektrik enerjisi ixracıdır. Onun sözlərinə görə, hazırda Cənubi Avropanın bir sıra ölkələri Azərbaycandan elektrik enerjisi alır və bu göstərici artmaqda davam edir:

“Bu gün iqtisadiyyatımızın inkişaf edən sahələrindən biri də elektrik enerjisi istehsalıdır. Cənubi Avropanın dörd ölkəsi Azərbaycandan elektrik enerjisi alır və bu həcm günü-gündən artmaqdadır. Buna görə də ötürülmə xətlərinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Qara dəniz enerji kabeli layihəsi bu gün həm Azərbaycanın, həm də bu layihədə maraqlı olan ölkələrin diqqət mərkəzindədir”.

Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişə bilər

Millət vəkili hesab edir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Dedi ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasına xidmət etməklə yanaşı, Şərqlə Qərb arasında etibarlı nəqliyyat dəhlizi rolunu oynayacaq:

“Zəngəzur dəhlizi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində rol oynayır, Azərbaycanın əsas hissəsi ilə tarixi ərazimizdən ayrı düşmüş Naxçıvan bölgəsi arasında əlaqələrin yaranmasına kömək edir. Digər tərəfdən isə Zəngəzur dəhlizi Şərqlə Qərb arasında çox etibarlı bir koridor kimi görünür”.

Onun sözlərinə görə, Ermənistan tərəfindən zaman-zaman layihəyə konstruktiv yanaşma ilə bağlı çağırışlar səslənir. Ümid edirəm ki, bu çağırışlar sözdə qalmayacaq və qısa zamanda Zəngəzur dəhlizi istifadəyə veriləcək, çünki layihənin həyata keçirilməsi hər iki ölkə üçün ciddi iqtisadi üstünlüklər yaradacaq.

Deputat sonda bildirdi ki, Azərbaycanın təşəbbüsləri yenə də böyük maraq doğurur və bunların həyata keçirilməsi imkanları və perspektivləri çox real görünür.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm