Nida Təhlil
Ya təslim olacaqlar, ya da... - İranda gözlənilən üç ssenari və SEPAH-ın planı
İranda hərbi obyektlərin, lojistik və kommunikasiya əlaqələrinin, hərbi-siyasi liderlərin, enerji infrastruktunun hava zərbələri ilə sıradan çıxarılmasının rejimin tamamilə məğlub olması və devrilməsini şərtləndirəcəyi sual altındadır. Hətta Xameyninin ölümü belə rejimin bitməsi deyil, əksinə SEPAH-ın sərt qanadının idarəçiliyi ələ alması və müharibəni davam etdirməsi gözləntisi böyükdür.
Mümkün ssenarilərdən biri müharibənin gedişində rejimin danışıqlar masasına gəlməsi və şərtləri qəbul etməsidir ki, Tramp Administrasiyası qısa müddətdə nəticənin/uğurun əldə edilməsi naminə buna razı olsa belə, İsrail qarşı çıxacaq. Çünki mövcud sistem qalması regional problemlərin davam etməsi deməkdir.
İran rejiminin dəyişməsi bir neçə halda mümkün görünür.
Birincisi, xalqın silahlı üsyanıdır;
Trampın da, Netanyahunun da çağırışları göstərir ki, Təl-Əviv və Vaşinqtonda buna ümid edirlər. Hava zərbələri ilə hərbi-siyasi kontingentin gücü sıradan çıxarılır və xalq hərəkətə keçərək, hakimiyyəti nəzarətə götürür. Lakin iki məqam bu ssenaridə şübhələrə yol açır.
1. Xalq hərəkatında liderin olmaması;
2. Silahlı SEPAH və Bəsicə qarşı dirənişin çətinliyi;
İstisna deyil ki, xalq üsyanının silahlı şəkildə baş verməsi planlaşdırılır, yanvar etirazlarında etirazçıların kütləvi qətli də “əliyalın mübarizə”nin effektini azaldıb. Silahlı üsyan isə İranda daxili toqquşmalar riskini aktuallaşdırır.
İkincisi, ordunun və təhlükəsizlik qüvvələrinin xalqın tərəfinə keçməsidir;
Bununla bağlı müəyyən çağırışlar var və planlar arasında belə bir ssenarinin olduğu da istisna edilməməlidir. Hərçənd, İranın əsas hərbi gücü SEPAH-dır və digər təhlükəsizlik qüvvələrinin bütün resurslara nəzarət edən bu birləşməyə qarşı çıxacağı ehtimalı zəifdir, digər tərəfdən, vaxtilə şahçıların çoxluq təşkil etdiyi orduda vəziyyət dəyişib. Zəif ehtimal olsa belə, hadisələrin inkişafında SEPAH-ın özü həm İranın bütövlüyünü saxlamaq, həm də idarəçilikdə mövqelərini qorumaq naminə “libasını dəyişərək” xalqın tərəfinə keçə bilər.
Üçüncüsü, İranda quru əməliyyatının başlanmasıdır;
ABŞ və İsrailin quru qoşunlardan istifadə edəcəyi ehtimalı azdır, xüsusilə İran dərinliklərində SEPAH-la döyüşməyin çətinliyi fonunda. Quru əməliyyatlar İrana qarşı beynəlxalq koalisiyanın yaradılması, müxtəlif ölkələrin birlikdə müdaxiləsi halında mümkün variantlardan biri kimi görünür. Ən real variantlardan biri isə İran daxilində rejim qüvvələrinə qarşı quru hücumlarını kürd silahlılarının həyata keçirməsidir. 2003-cü il İraq müharibəsində kürdlər eyni missiyanı icra edərək, muxtariyyətlərinin rəsmiləşməsi ilə mükafatlandırıldılar. İranda da kürlərin ABŞ və İsrailin dəstəyi ilə hücuma keçməsi istisna edilməməlidir. Bu ssenari İranın bölünməsi, yaxud ən azı federallaşması (mərkəzi hakimiyyətin zəif olduğu sistem) perspektivlərini yaradır.
Asif Nərimanlı
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir






































