Post-Xamenei dövrü: İranın dini lideri kim ola bilər?
Bizi izləyin

Nida Təhlil

Post-Xamenei dövrü: İranın dini lideri kim ola bilər?

Xamenei öldü, indi əsas məsələ post-Xamenei İranında nələrin baş verəcəyidir: rejimə nəzarət edəcək əsas qüvvənin SEPAH olduğu bəllidir, bəs, yeni lider kim olacaq?

İstisna deyil ki, Xamenei Xomeyni təcrübəsindən istifadə edərək, rejimin davamlılığını təmin etmək məqsədilə ölümündən öncə mümkün varisini təyin edib. 88 nəfərdən ibarət Ekspertlər Məclisində seçiləcək varisin kimliyi sirr kimi saxlanılsa da, daha öncə mediaya sızan məlumatlar fonunda müəyyən təxminlər irəli sürmək olar.

Müctəba Xamenei: SEPAH-da ciddi dayaqları olan Xameneinin oğlunun adı əvvəldən namizədlər arasında çəkilir, lakin onun idarəçilik təcrübəsi və dini iyerarxiya pilləsindəki mövqeyinə şübhə ilə yanaşılır. İran tərəfi rəsmi şəkildə təsdiqləməsə də, son hücumda Müctəbanın öldürüldüyü haqda da məlumatlar var.

Həsən Xomeyni: Ruhullah Xomeyninin nəvəsi namizədlərdən biri kimi qiymətləndirilir, onun da SEPAH daxilində dayaqlarının olması şanslarını artırır. Həsən Xomeyninin İran Hərbi Hava Qüvvələrinin komandirlərinin inqilabdan sonra ənənəvi xarakter daşıyan görüşündə Xameneini əvəz etməsi diqqəti onun üzərinə çəkdi.

Müctəba və Həsənin namizədliyi həm də Xomeyni-Xamenei irsinin - soyadının davam etdirilməsi baxımından da mümkün variantlardandır. Xomeyninin ölümündən öncə daha real namizəd olan Rəfsəncanini yox, Xameneini varis seçməsində “soyad bənzərliyinin” də müəyyən rol oynadığı deyilirdi. Eyni ssenari yenidən tətbiq edilə bilər, hərçənd, rejim daxilində Müctəba və Həsəni “monarxiyanın davam etməsi” kimi qəbul edənlər də var.

Yeni dini lider olacaq potensial namizədlər arasında digər adlar da çəkilir:

- Xameneinin ofisində əsas məsləhətçi olan Höccətülislam Möhsün Qumi;
- Ekspertlər Məclisinin üzvü Ayətullah Möhsün Ərəki;
- Məhkəmə sisteminin rəhbəri Ayətullah Qulamhüseyn Möhsüni-Ejei;
- Qum şəhərinin imamcüməsi Ayətullah Seyid Haşim Hüseyni Buşehri;
- Keşikçilər Şurasının və Ekspertlər Məclisinin üzvü Ayətullah Əlirza Ərəfi;


Bu namizədlər arasında ən nüfuzlu olanı Əlirza Ərəfidir. Xameneinin ölümündən sonra müvəqqəti dini lider təyin olunan Ərəfinin Ekspertlər Məclisində də seçilmə şansı yüksək qiymətləndirilir.

Namizədlər arasında parlamentin sədri Məhəmməd Bəqir Qalibaf, Xameneinin müşaviri Əli Şamxani və Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin də adı hallanırdı. Qalibafın şansları yüksək qiymətləndirilmir, Əli Şamxani öldürüldü, Laricani isə hazırda Xameneinin vəsiyyətinə uyğun keçid hökumətin qurulması prosesinə nəzarət edir. Və bu prosesdə əsas hədəflərdən biri olması rejimin davamlılığının onun üzərindən qurulması ehtimalını zəiflədir.

Post-Xamenei İranında həlledici qüvvə SEPAH-dır və keşikçilər korpusu təkcə rejimi yox, həm də rejim daxilindəki mövqelərini qorumağa çalışacaq. Bu baxımdan, SEPAH üçün ruhani missiyası daşıyan şəxsin – Qumi, Ərəki, Möhsüni-Ejei, Buşehri, Əlirza Ərəfi kimi, namizədliyi daha məqbul görünür.

Rejimin davamlılığının mümkün olub-olmaması ABŞ-İsrail hücumlarının mümkün nəticələrindən asılıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm