Geosiyasi savaş və ya Moskvanın Ermənistan planı - Sülh, yoxsa müharibə?
Bizi izləyin

Nida Təhlil

Geosiyasi savaş və ya Moskvanın Ermənistan planı - Sülh, yoxsa müharibə?

Geosiyasi savaş və ya Moskvanın Ermənistan planı - Sülh, yoxsa müharibə?

Ermənistanda qarşıdan gələn seçkilər adi siyasi rəqabət çərçivəsini çoxdan aşaraq qlobal güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi mübarizə meydanına çevrilib. Qərblə Rusiya arasında təsir uğrunda gizli qarşıdurma artıq açıq müstəviyə keçməkdədir. Bu proses təkcə Ermənistanın daxili siyasi gələcəyini deyil, həm də Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturasını ciddi şəkildə sual altına alır. Seçkilərin nəticəsi regionda sabitlik və ya yeni gərginlik dalğasının başlanğıcı ola bilər.

Publika.az mövzu ilə bağlı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədova suallar ünvanlayıb.

Prosesləri yaxından izləyən politoloq mövzunu bütün detalları ilə şərh etdi. Bildirdi ki, Ermənistanda keçiriləcək seçkilər faktiki olaraq geosiyasi xarakter alıb. Belə ki, seçki prosesində iştirak edən siyasi qüvvələr şərti olaraq Qərbyönümlü və Rusiyayönümlü düşərgələrə bölünüb.

Politoloq bildirdi ki, mövcud hakimiyyətin Qərb tərəfindən dəstəkləndiyi müşahidə olunur, Rusiya isə açıq şəkildə müxalif qüvvələrin yanında yer alır. Onun sözlərinə görə, bu çərçivədə hər iki tərəf müxtəlif təsir alətlərindən istifadə edir.

Diaspor, pullar və həbslər: Moskvanın seçki mexanizmi necə işləyir?

Mərkəz direktoru qeyd etdi ki, xüsusilə Rusiya Ermənistana təsir imkanlarını genişləndirmək məqsədilə öz ərazisində yaşayan erməni diasporunu səfərbər edib: “Diasporun maliyyə, insan və təşkilati resursları seçki prosesi kontekstində Ermənistan istiqamətində yönləndirilir. Artıq Rusiyadan daxil olan maliyyə vəsaitləri ilə bağlı seçkiqabağı rüşvət ittihamı üzrə bir neçə cinayət işi açılıb. Həmin işlər çərçivəsində Rusiyayönümlü partiyaların seçki siyahısında yer alan bəzi funksionerlərə qarşı həbslərin həyata keçirildiyi bildirilir”.

Ekspert vurğuladı ki, buna baxmayaraq, Ermənistanın Rusiya ilə eyni gömrük ittifaqında olması nağd vəsaitlərin ölkəyə daxil olmasına nəzarəti xeyli çətinləşdirir.

Müharibə və sülhün siyasi alətə çevrildiyi ölkə

F.Məmmədov diqqətə çatdırdı ki, Ermənistanda nə hakimiyyət, nə də müxalifət açıq şəkildə hərbi revanşizm ritorikasından istifadə edir: “Müharibə mövzusu cəmiyyət üçün həssas olaraq qalır və siyasi aktorlar bu məsələyə ehtiyatla yanaşır. Bu kontekstdə baş nazir hakim partiyanı "sülh tərəfdarı", əsas müxalif qüvvələri isə "müharibə tərəfdarı" kimi təqdim etsə də, müxalifət nümayəndələri birbaşa müharibə çağırışları ilə çıxış etmirlər. Çünki belə ritorika Ermənistan cəmiyyətində ciddi reytinq itkisinə səbəb ola bilər”.

Politoloqun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında müəyyən sülh gündəliyi formalaşıb: “Bu gündəlik həm imzalanmış sənədləri, həm də şifahi razılaşmaları əhatə edir. Ermənistan müxalifəti əsasən imzalanmış sənədlərə yenidən baxılmasını təklif edir, həmçinin ikitərəfli prosesdə qarant institutunun yaradılması ideyası ilə çıxış edir və bu rolda Rusiya Federasiyasını görür. Bundan əlavə, Qarabağ ermənilərinin mədəni irs hüquqlarının və regiona qayıdış imkanlarının təsbit edilməsi kimi təkliflər irəli sürülür”.

O hesab edir ki, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə mövcud sülh prosesi ilkin mərhələdə dayandırıla bilər: “Şifahi razılaşmaların qüvvədən düşməsi və imzalanmış sənədlərə yenidən baxılması təşəbbüsləri ümumilikdə sülh prosesinin pozulmasına gətirib çıxara bilər. Bu isə regionda yeni gərginlik və potensial münaqişə riskini artıran amillərdən biridir”.

Radikalların belə çəkindiyi cəmiyyət: qorxu siyasi davranışı dəyişir

Fərhad Məmmədov əlavə etdi ki, hətta radikal mövqeyi ilə seçilən “Daşnaksütyun” partiyası belə son aksiyalarda əvvəlki illərdən fərqli davranış sərgiləyib: “Belə ki, aprelin 24-də keçirilən tədbirlər zamanı Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağının yandırılmaması diqqət çəkib. Bu hal onunla izah olunur ki, mövcud şəraitdə belə addım hərbi revanşizm kimi qiymətləndirilə və cəmiyyət tərəfindən mənfi qarşılanaraq həmin siyasi qüvvələrin reytinqinə zərbə vura bilər”.

Politoloq yekunda bildirdi ki, mövcud vəziyyət Ermənistanda cəmiyyətin müharibə ehtimalına qarşı son dərəcə həssas və ehtiyatlı yanaşdığını göstərir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm