Azərbaycanın ŞƏT-də rolu: Bakı qlobal vizyonun qurulmasında iştirak edir
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın ŞƏT-də rolu: Bakı qlobal vizyonun qurulmasında iştirak edir

Azərbaycanın ŞƏT-də rolu: Bakı qlobal vizyonun qurulmasında iştirak edir

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən zirvə görüşündə iştirak edir. ŞƏT-in 25 illik yubileyinə təsadüf edən görüş təkcə təşkilatın gündəliyi və perspektiv addımlarını deyil, eyni zamanda, Avrasiyadakı geosiyasi proseslərin inkişaf istiqamətinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Xüsusilə Çinin artan geosiyasi gücü və ŞƏT-in lokomotivinə çevrilməsi təşkilatın rolunu ön plana çıxarır.

ŞƏT-in mövcud potensialı və vizyonu təşkilatın Avrasiyadakı güc balansına əhəmiyyətli təsirə malik olduğunu deməyə əsas verir.

10 tam hüquqlu üzvü, iki müşahidəçi və 15 dialoq tərəfdaşı olan ŞƏT 36 milyon kvadratkilometr ərazini, 3,4 milyard əhalini özündə birləşdirir. Təşkilatın 10 üzv ölkəsinin ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir. Bu, dünya ÜDM-in təxminən 23,1 faizinə bərabərdir. Üzv ölkələr arasında Çin, Hindistan və Rusiya qlobal oyunçular, İran və Pakistan geosiyasi çəkiyə malik olan oyunçulardır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın ŞƏT-də təmsilçiliyi təşkilatın Mərkəzi Asiya regionunu da əhatə etməsi deməkdir.

Siyasi və iqtisadi baxımdan nəhəng potensiala malik olan ŞƏT-in 2035-ci il İnkişaf Strategiyası təşkilatın Avrasiyanın siyasi-iqtisadi gələcəyindəki rolunun miqyasını göstərir. İnkişaf Strategiyasında təhlükəsizlik, ticarət, iqtisadiyyat və investisiya əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elm və texnologiya, səhiyyə, ətraf mühit və təhsil sahələrində əlaqələrin inkişafı prioritet istiqamətlərdir. Ən önəmli məqamlardan biri ŞƏT-in qlobal güc balansını müəyyənləşdirəcək nəhəng nəqliyyat-lojistik dəhlizləri özündə birləşdirməsi, Çindən Avropaya uzanan marşrutların təşkilatın üzv və tərəfdaş ölkələrinin ərazisindən keçməsidir. Bu, bütövlükdə Avrasiyanın geosiyasi və geoiqtisadi xəritəsini əhatə edir.

ŞƏT-də dialoq tərəfdaşı statusunda təmsilçilik Azərbaycana iki istiqamətdə dividentlər qazandırır.

Siyasi divident: ŞƏT çöxqütbül geosiyasi mənzərədə əsas platformalardan birinə çevrilir və əhatə etdiyi ölkələri yox, bütövlükdə Avrasiyada güc balansının formalaşmasında rol oynayır. ŞƏT-lə əməkdaşlıq Azərbaycana həm üzv və dialoq tərəfdaşı olan ölkələrlə əlaqələrdə, həm də qlobal siyasətdə üstünlüklər qazandırır.

İqtisadi divident: Azərbaycanın önündə ŞƏT-in əhatə etdiyi nəhəng iqtisadi bazar açılır. Söhbət dünya ÜDM-in 23 faizinə bərabər olan 27,4 trilyon dollarlıq bazardan gedir. Təşkilatda təmsilçilik Azərbaycana bu nəhəng bazarın imkanlarından yararlanmaq fürsəti yaradır.

Azərbaycanın ŞƏT üçün əhəmiyyəti nədir?

Əslində məsələyə həm də bu kontekstdə yanaşmaq lazımdır. Çünki ŞƏT-in qlobal güc mərkəzlərindən birinə çevrilməsində tranzit imkanları əsas istiqamətlərdən biridir ki, Avropa bazarı burada önəmli yerə malikdir. Çindən Avropaya uzanan nəqliyyat dəhlizlərinin gələcəyini Azərbaycan həll edir. Bu nəqliyyat şəbəkəsində Şimal və Cənub dəhlizlərinin perspektivi Rusiya və İranın Qərblə qarşıdurması fonunda sual altına düşüb. Əsas diqqət Mərkəzi Asiya-Azərbaycan-Türkiyə coğrafiyasını əhatə edən Orta dəhliz üzərindədir. Orta dəhliz həm də Şimal və Cənub dəhlizlərinin Cənubi Qafqazda birləşməsi – Avropa bazarına çıxması üçün əsas marşruta çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağı olan Azərbaycan bu keçidin açar ölkəsidir. Bu baxımdan, Azərbaycanın ŞƏT-də təmsilçiliyi təşkilatın gələcək siyasi və iqtisadi vizyonunun qurulmasında əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyevin ŞƏT-də yüksək səviyyədə qəbul edilməsi, təşkilat üzv ölkələrin rəsmi Bakı ilə münasibətlərə xüsusilə diqqət yetirməsi də bundan qaynaqlanır.

Prezident İlham Əliyevin ŞƏT-in zirvə görüşündə iştirakının iki mühüm nəticəsi var.

Birincisi, Azərbaycanın siyasi baxımdan çoxtərəfli diplomatiyası dərinləşir, qlobal siyətin Çin mərkəzli inkişafında rolu güclənir, iqtisadi baxımdan, nəhəng bazara çıxış imkanları genişlənir;

İkincisi, ŞƏT-in gələcəyində, eyni zamanda, Avropadan Çinə qədər uzanan Orta dəhliz coğrafiyasında ölkəmizin strateji mövqeləri güclənir.

Müəllif: Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm