Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar
Bizi izləyin

Nida Təhlil

Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar

Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü baş tutub. Görüşdə müzakirə edilən məsələlərlə bağlı hər iki tərəfin rəsmi açıqlamasının analogiyası tərəflər arasında gündəliklə bağlı dərin fikir ayrılığının olmadığını deməyə əsas verir.

- Vaşinqton razılaşmalarının əhəmiyyəti vurğulanıb.

Bu, təkcə tərəflərin sülh gündəliyini davam etdirməsi yox, eyni zamanda, qeyri-Qərb cəbhəsi olan ŞƏT çərçivəsində görüşdə də Vaşinqton anlaşmasına sadiqliklə bağlı ABŞ-a mesajın verilməsi hesab oluna bilər.

- Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit və ticarət əlaqələrinin qurulması, həmçinin, iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi müzakirə edilib.

Ticarət əlaqələrinin genişlənməsi sülh prosesinin inkişafına töhfə versə də, mövcud vəziyyətdə Azərbaycan Rusiyanın iqtisadi təzyiqi ilə üzləşən Ermənistan üçün alternativ imkanlardan biridir. Bu, Bakıya İrəvan üzərində təsir imkanlarını genişləndirmək imkanı yaradır.

- Sərhədin delimitasiyası üzrə komissiyaların işini davam etdirməsi razılaşdırılıb.

Delimitasiya prosesi anklavların – Sədərəyin Kərki və Qazaxın Bərxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin qaytarılmasını nəzərdə tutur. Nikol Paşinyan bu yaxınlarda anklavların Ermənistana məxsus olmadığını bildirmişdi. Əlavə etmişdi ki, Cermuk (İstisu), Vayots Dzor (Dərəlyəz) və Tavuşda da sərhəd xəttinin xəritələrə uyğun gəlmədiyi ərazilər var. İstisna deyil ki, delimitasiya komissiyaları Tavuş istiqamətində razılaşdırılmış sərhəd xəttinin “şimaldan cənuba” prinsipi əsasında davam etdirəcək. Bu, sərhəd bölgəsində müəyyən ərazilərin Azərbaycana qaytarılması ilə nəticələnə bilər.

- Liderlər TRIPP layihəsi – Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı praktiki addımları müzakirə ediblər.

Vaşinqton anlaşmasından sonra dəhlizin açılmasının praktiki mərhələsi gündəmdədir və Bakı sülh prosesinin tərkib hissəsi kimi gördüyü bu məsələnin icrasını nəzarətdə saxlayır. Rəsmi açıqlamada detallar qeyd olunmasa da, Əliyevlə Paşinyan Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin nə vaxt başlayacağını üzərində danışıqlar apardığı istisna deyil.

Tərəflər etimad mühitinin yaradılması məqsədilə parlament və vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin, o cümlədən, birbaşa ikitərəfli təmasların davam etdirilməsini razılaşdırıb. Görüş sülh prosesinin tamamlanması istiqamətində növbəti addımlardan biri kimi qiymətləndirilə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm