Goranboydakı partlayış Polşada necə göründü? - Azərbaycana qarşı hibrid hücumun şifrələri
Bizi izləyin

Nida Təhlil

Goranboydakı partlayış Polşada necə göründü? - Azərbaycana qarşı hibrid hücumun şifrələri

Goranboydakı partlayış Polşada necə göründü? - Azərbaycana qarşı hibrid hücumun şifrələri

Polşada yerləşən “Nexta” kanalının Goranboyda baş verən partlayışla bağlı irəli sürdüyü iddialar açıq suallar yaradır. Sursat anbarında baş verən partlayışla bağlı rəsmi açıqlamalar verilib, təfərrüat bəllidir və beynəlxalq təcrübə göstərir ki, bu cür hadisələrdən heç bir ölkə sığortalanmayıb. Lakin “Nexta” kanalı hadisəni siyasiləşdirməyə, partlayışı dövlətlərarası münasibətlər fonunda təqdim etməyə çalışır, xarici amillərlə bağlı iddialar irəli sürür.

Sual yaranır: Polşada fəaliyyət göstərən bir kanalın Goranboyda baş vermiş partlayışı siyasi münasibətlər kontekstində təqdim etmək cəhdinin məqsədi nədir?

Media Agentliyi “Nexta”nın iddialarının Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. Qərb mediasında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması bunu təsdiq edir. Ənənəvi hal alan kampaniyada iki amil xüsusilə diqqət çəkir.

1. Azərbaycanda məişət zəminində baş vermiş hadisələr siyasiləşdirilir, sıradan insidentlər şişirdilərək kampaniyaya çevrilir;
2. İctimai rəyi manipulyasiya etməyə hesablanmış informasiyalar birtərəfli qaydada yayılır, Qərb mediasının tez-tez bəhs etdiyi məlumatın dəqiqləşdirilməsi, qarşı tərəfin mövqeyinin yayımlanması kimi etik prinsiplərə əməl edilmir.


Təsadüfi deyil, çünki məqsəd Azərbaycanla bağlı çirkli informasiya mühiti yaratmaq, qarayaxma kampaniyası aprmaqdır. Son dövlər Böyük Britaniyanın “The Independent”, “The Guardian” nəşrləri və “BBC”də, ABŞ-ın CNN kanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda Azərbaycanla bağlı yalan informasiyaların tirajlanması, əsassız iddialarla ittihamların irəli sürülməsi hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Bu xora qoşulan “Nexta”nın iddiaları da regionda qonşuluq münasibətlərinin möhkəmlənməsinin qarşısını almaq, ölkələrarası əlaqələrə zərər vurmaqdır.

Azərbaycanla bağlı xırda hadisələri şişirdərək siyasiləşdirən və çirkli informasiya axını yaradan Qərb mediasının ikili standart yanaşması artıq klassikləşib, bu, Ermənistana münasibətdə də özünü açıq büruzə verir. Ermənistanda hakimiyyətin siyasi opponentlərinə qarşı repressiv addımları adi hala çevrilib, Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işlərinin açılması bunun son nümunəsidir. Rəsmi İrəvan bu repressiyanı gizlətməyə belə ehtiyac görmür, baş nazir Nikol Paşinyan hələ seçki kampaniyası dövründə müxalifət liderlərinin həbs ediləcəyini açıq şəkildə elan etmişdi və seçkidən sonra bunu həyata keçirir. Qərb mediası isə nəinki bu ölkədə baş verənləri görməzdən gəlir, hətta Ermənistan hakimiyyətinin “demokratik” obrazını yaradır. Çünki bu ölkədə Qərbin siyasi maraqları mövcuddur və lazım olanda “azadlıq”, “plüralizm” kimi dəyərlərdən bəhs edən Qərb mediası siyasi maraqları naminə susur, yaxud ictimai rəyi yönləndirir.

Gözümüzün önündə baş verən bu yanaşma Qərb mediasının siyasi maraqların həyata keçirilməsində alətlərdən biri olduğunu təsdiq edir. Azərbaycanla bağlı çirkli informasiya kampaniyasının aparılması da siyasi sifarişin icra edilməsidir. Bu kontekstdə Qərb mediasının etibarlı mənbə olmadığı, yayılan informasiyaların manipulyativ xarakter daşıdığı bir daha aydın olur. “Nexta” kanalının Goranboydakı partlayışla bağlı iddiaları da növbəti manipulyasiya cəhdidir. Hərçənd, burada iki nəticə də çıxır.

Birincisi, Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasına “Nexta”nın timsalında yeni resurs da cəlb edilib.
İkincisi, Polşa hibrid informasiya kampaniyasında əsas platforma kimi istifadə olunur: “Nexta”dan bir neçə gün öncə bu ölkənin TVP telekanalında ölkəmizlə bağlı qərəzli məlumatların tirajlanması da bu fikri gücləndirir.


Bu iki nəticəni gücləndirən əlavə detallar da mövcuddur. “Nexta” 2015-ci ildə belaruslu bloger Stepan Putila tərfindən yaradılıb, ilk olaraq, “Youtube” platformasında əsasən musiqi və satirik videolar yayımlayan kanal kimi fəaliyyət göstərib. Belarusda 2015-ci il seçkilərindən sonra Stepan Putila Polşaya köçərək, fəaliyyətini burada davam etdirdi. 2018-ci ildə “Telegram”a keçən “Nexta” siyasi informasiyalar tirajlamağa başladı. Kanal populyarlıq qazandıqdan sonra Qərbin donor təşkilatları və Belarus müxalifəti tərəfindən dəstəkləndi. Kanalın əsas fəaliyyət istiqaməti Belarusla bağlıdır. Belarusda 2020-ci il seçkiləri ərəfəsində kanal bu ölkə ilə bağlı əsas informasiya resursuna çevrilib.

Polşada fəaliyyət göstərən və əsas fəaliyyəti Belarusla bağlı olan “Nexta”nın Azərbaycana qarşı hibrid informasiya kampaniyasına qoşulması təsadüfi deyil. İstisna deyil ki, bu, kanalı dəstəkləyən Qərbdəki donor təşkilatlarının göstərişi ilə olub. Bu, Azərbaycana qarşı kampaniyanı icra edən resursların genişləndirilməsi ilə yanaşı, Polşanın post-sovet məkanına informasiya hücumunda mərkəz rolunu oynamasından da irəli gəlir.

Mərkəz kimi Polşanın seçilməsində təkcə coğrafi amil əhəmiyyətli deyil, həm də tarixi səbəbləri var. Hələ ötən əsrin əvvəllərində - 1918-39-cu illərdə Polşa SSRİ-ni daxildən parçalamağa hesablanmış, mühacirələrin cəlb olunduğu məxfi “Prometey” əməliyyatının həyata keçirildiyi məkan kimi istifadə olunurdu. Bu əməliyyat-strategiya uğurlu olmasa da, Polşa Qərbin Şərqə doğru siyasi ekspedisiyalarında platforma rolunu doğrulda bildi və “qırmızı imperiya”nın dağılmasından sonra post-sovet məkanına liberal dəyərlərin ixracı, informasiya axınının təşkilində mərkəz kimi istifadə edilir.

Son dövrlər Azərbaycana qarşı hibrid informasiya kampaniyasının xüsusilə Polşadan edilməsində Cənubi Qafqazdakı siyasi proseslərin də təsiri var. Cənubi Qafqazla bağlı informasiya siyasəti əsasən Gürcüstan üzərindən həyata keçirilirdi, Qərbin donor təşkilatlarının dəstəyi ilə fəaliyyət göstərən media resursları da bu ölkədə mənzillənmişdi. Gürcüstan hakimiyyətinin milli təhlükəsizliyi gücləndirmək siyasətindən sonra bu ölkənin platforma kimi istifadə edilməsi imkanları məhdudlaşıb. Görünür, Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı informasiya kampaniyaları Polşaya köçürülüb. Bu ölkədə fəaliyyət göstərən media resurslarının ölkəmizə qarşı hibrid informasiya hücumunda aktivləşməsi bundan qaynaqlanır.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm