Qarabağa gedən diplomatlar İrəvanın hədəfində - Paşinyanın revanşizm planı üzə çıxır
Bizi izləyin

Nida Təhlil

Qarabağa gedən diplomatlar İrəvanın hədəfində - Paşinyanın revanşizm planı üzə çıxır

Qarabağa gedən diplomatlar İrəvanın hədəfində - Paşinyanın revanşizm planı üzə çıxır

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə təşkil olunan səfəri Ermənistan mediasında ittihamlar və qondarma iddialarla müşahidə olunan geniş müzakirələrə səbəb oldu. 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın diplomatın səfəri Qarabağ və Şərqi Zəngəzuru ənənəvi ziyarətin davamıdır. 2020-ci ildən sonra mütəmadi olaraq belə səfərlər təşkil olunur, diplomatlar azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, tarixi-mədəni abidələrlə tanış edilir.

Diplomatların azad edilmiş ərazilərə səfərləri Ermənistan mediasında hər zaman qeyri-adekvat formada təqdim edilib, lakin sayca 22-ci olan budəfəki səfər ətrafındakı geniş rezonans kampaniya xarakterli olması baxımından xüsusi diqqət çəkir. Ermənistanın demək olar ki, bütün siyasi-informasiya resurslarının – deputatların, diasporun, hətta sülhdən bəhs edən hakimiyyətə yaxın medianın belə kampaniyaya qoşulması bunu aydın şəkildə göstərir.

“Azadlıq radiosu”nun erməni xidməti (Azatutyun) səfəri “erməni mədəni irsinin dağıdılması” iddiaları ilə yayımlayıb.

“Yerevan Today” saytı diplomatların səfərini “işğal olunmuş ərazilərə səfər” kimi təqdim edib, bununla Azərbaycana qarşı ərazi iddialarını davam etdirib. Həmçinin, Şuşada guya “erməni qəbiristanlığının dağıdıldığı” yalanını da tirajlayıb.

“Panorama.am” saytı bir qədər də irəli gedərək, diplomatların “işğal olunmuş Artsaxa” səfər etdiyini yazıb.

“168.am”, “Hraparak”, “Sputnik Armenia” və digər media resursları da eyni xora qoşulub.

Kampaniyada Qarabağ və Şərqi Zəngəzur “işğal olunmuş erməni əraziləri” adlandırılır, diplomatların bu bölgələrə səfəri “işğalı legitimləşdirmək” kimi göstərilir, “erməni mədəni irsinin dağıdıldığı”, Qarabağda “etnik təmizləmə” aparıldığı iddia edilir və diplomatların buna göz yumduğu təbliğatı aparılır.

Kampaniyada əsas diqqətçəkən məqam 150-ə yaxın diplomatın arasında üçünün – ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon, Fransa səfiri Sofi Laqut və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun xüsusilə hədəfə alınmasıdır.

“Panorama.am” və “News.am” Aİ-nin xüsusi nümayəndəsinin diplomatlar arasında olmasına diqqət çəkir, avropalı diplomatın “işğal olunmuş Artsaxa səfər etdiyini” yazır.

“Yerevan Today” diplomatlara qarşı açıq mətnlə ittiham irəli sürür, onlara “siz etnik təmizləmə məkanının turizm marşrutuna çevrilməsinə imkan verməməlisiniz” çağırışı edir. ABŞ, Fransa və Aİ diplomatlarını tənqid edərək, artıq de-fakto və de-yure mövcud olmayan Minsk qrupunun “həmsədrlik institutunu” yenidən gündəmə gətirir.

“News.am” erməni tarixçi Armen Ayvazyanın bu üç diplomata qarşı “İqlim? Fransa Senatının Artsaxın tanınması haqqında qətnaməsi nəyə dəyərdi?” sərlövhəsi ilə hücum xarakterli açıqlamasını tirajlayıb. Erməni tarixçi diplomatları “ermənilərdən boşaldılmış Şuşada sevinən” adlandırır, guya “işğal edilmiş erməni əraziləri”ni legitimləşdirməkdə ittiham edir. Fransa səfirinin səfərini isə Fransa Senatının Qarabağla bağlı qondarma qətnaməsinə zidd addım adlandırır. Ayvazyanın açıqlaması müxtəlif media resursları tərəfindən də tirajlanıb. “Armat media” Maqdalena Qrononu xüsusilə hədəfə alıb. “Yerevan Today” ABŞ və Fransa diplomatlarını “Azərbaycan təbliğatının iştirakçıları” adlandırıb.

Hər üç diplomatı “Azərbaycan təbliğatında iştirakda”, “ermənilərə qarşı etnik təmizləməni unutmaqda”, “erməni mədəni irsinin silinməsinə susmaqda” və “Ermənistanı müdafiə edən əvvəlki mövqelərindən imtina etmək”də ittiham edirlər. Məqsəd Azərbaycanda akkreditasiya olunmuş diplomatları hədəfə çevirməklə onları azad olunmuş ərazilərə səfərdən çəkindirmək, beynəlxalq müstəvidə Qarabağ, qondarma “etnik təmizləmə”, “erməni irsinin dağıdılması” və s. qondarma iddiaları gündəmə gətirməkdir.

İlk baxışda belə təəssürat yaranır ki, kampaniya Ermənistandakı revanşist qüvvələr və diaspor tərəfindən həyata keçirilir. Bu məqam, eləcə də müxtəlif ekspertlər, siyasətçilər, deputatların və xaricdəki ermənipərəst dairələrin ayrı-ayrılıqda qoşulması da kampaniyanın rəsmi xarakter daşımadığı fikrini önə çıxarır. Hərçənd, kampaniyanın arxasında Ermənistan hakimiyyətinin dayandığını, sifarişin birbaşa Nikol Paşinyan tərəfindən verildiyini deməyə əsas verən iki detal diqqətdən yayınmır.

Birincisi, Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən və rəsmi informasiya resursları diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı qondarma iddialar tirajlayıb.

Rəsmi “Armenpress” agentliyi Gəncəsər Monastr Kompleksinin (Qandzasar kimi təqdim edirlər) erməni abidəsi olduğunu iddiasını irəli sürür, diplomatları səfər zamanı abidənin alban mədəni irsinə aid edilməsi qarşısında susmaqda ittiham edir. Paşinyan hakimiyyətinin qatı müdafiəçisi olan “1in.am” saytı isə səfərə iki məqalə həsr edib.

İttiham və yalanlarla dolu olan məqalələrin birində diplomatların Gəncəsər monastrını ziyarət etməsindən bəhs olunur, abidənin Qafqaz Albaniyasının xristian irsi məxsus olmadığı iddia edilir. Diplomatlar isə Azərbaycanın tarixlə bağlı təbliğatında iştirakda ittiham olunur. Məqalədə həmçinin, Qarabağda “erməni irsinin dağıdılması” iddiaları əks olunur, Xankəndi isə “Stepanakert” adlandırılır. Saytın digər məqaləsində Alban mədəni-tarixi irsindən bəhs edilir, guya Rusiyanın “Qarabağdakı erməni irsinin albanlaşmasına yardım etdiyi” iddiaları səsləndirilir. Bunun fonunda həmin abidələri ziyarət edən xarici diplomatlar hədəfə alınır.

İkincisi, Ermənistanda hakimiyyət və revanşist qüvvələr sülh prosesi ilə bağlı fərqli mövqe sərgiləsə də, hər iki tərəf diplomatların səfərinə dair eyni iddia və ittihamları irəli sürür.

Bu məqamlar kapaniyanın məhz Paşinyan hakimiyyəti tərəfindən aparıldığı fikrini gücləndirir. Ermənistan hakimiyyəti bir tərəfdən sülhdən bəhs edir, digər tərəfdən Qarabağın “artsax” adlandırılması, “etnik təmizləmə” və “erməni irsinin dağıdılması” iddiaları ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxır, həmçinin, daxili işlərimizə müdaxiləyə cəhd edirlər. Bu, rəsmi İrəvanın sülhlə bağlı riyakar siyasətinin bariz nümunəsidir. Bütün bunlar erməni revanşizminin hakimiyyət də daxil olmaqla Ermənistanın ictimai-siyasi sferasına hakim olduğunu təsdiqləyir.

Ermənistanda revanşizmin miqyasını təsdiq edən bu mənzərə Azərbaycanın sülh prosesinin yekunlaşması üçün konstitusiya dəyişikliyi tələbində nə qədər haqlı olduğunu da təsdiq edir. Çünki Ermənistan Azərbaycana qarşı mövcud konstitusiyasından imtina etmədən yekun sülh sazişi imzalanarsa, regional sülh daim risk altında olacaq. Diplomatların səfərinə qarşı Ermənistan mediasında Paşinyan hakimiyyəti tərəfindən aparılan revanşist kampaniya bunu sübut edir. Və bu, Ermənistan konstitusiyasının dəyişdirilmədən yekun sülh sazişinin imzalanmasının təhlükəli olduğu reallığını da ön plana çıxarır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm