İdeoloji təsir və təriqətçilik: Azərbayanın dünyəvi dövlət modelinə təhlükə
Bizi izləyin

Nida Təhlil

İdeoloji təsir və təriqətçilik: Azərbayanın dünyəvi dövlət modelinə təhlükə

İdeoloji təsir və təriqətçilik: Azərbayanın dünyəvi dövlət modelinə təhlükə

Azərbaycan vicdan və etiqad azadlığının qanunla qorunduğu, dinin dövlətdən ayrı olduğu dünyəvi dövlət modelinə malikdir. Tarix boyu ölkəmiz müxtəlif dinlərin və məzhəblərin mehriban şəraitdə yaşadığı, bu fərqliliyin milli birliyə təsir etmədiyi nadir məkanlardan olub. Azərbaycanda bir insanın etiqadı, inancı onun şəxsi seçim azadlığıdır və milli birliyin formalaşmasında ideoloji fərqliliklər heç vaxt ayırıcı xətt təşkil etməyib. Müstəqilliyimizi bərpa etdikdən sonra yaşadığımız iki müharibədə dinindən, məzhəbindən, etnik kimliyindən asılı olmayaraq, hər kəsin bir bayraq altında birləşməsi, sünni və şiələrin eyni məsciddə vəhdət namazı qılması, İslama və digər dinlərə inananların sülh içində yaşaması bəşəriyyət üçün nümunəvi mənzərədir.

Bu mənzərəni aradan qaldırmaq, milli birliyimizi pozmaq cəhdləri zaman-zaman edilib, yaxud xaricdən gələn ideoloji və təriqət şəbəkələri belə risklər yaradıblar. Bunun sonuncu və ən real nümunəsi Nurçu/FETÖ şəbəkəsi idi. “Gülən camaatı”, yaxud “Xidmət hərəkatı” adlandırılan, ötən əsrin 60-cı illərində Türkiyədə ortaya çıxan bu şəbəkə 1990-cı illərdə Azərbaycanda da fəaliyyətə başladı. Şəbəkənin əsas profili təhsil sektoru idi və ilk baxışdan, apolitik görünürdü. Hərçənd, təhsil sektoru FETÖ üçün ideologiyalarını yaymaq üçün vasitə, çətir rolunu oynayırdı.

Qafqaz Universiteti, “Çağ Öyrətim, “Araz” kursları, Azərbaycan-Türkiyə özəl liseyləri...

FETÖ Azərbaycan təhsil sektorunda kifayət qədər geniş imkanlar əldə etmişdi. Bu sektorun əsas vasitə kimi seçilməsi də təsadüfi deyildi, çünki ideoloji təsirlərini məhz təhsil adı altında yayır, eyni zamanda, özlərinə bağlı kadr hazırlayırdılar. Bu mexanizm FETÖ şəbəkəsinin fəaliyyət göstərdiyi Türkiyə və digər ölkələrdə də eyni qaydada tətbiq olunurdu.

FETÖ-nun fəaliyyətində hər zaman əsas sual belə olub ki, bu şəbəkə Azərbaycana necə “ayaq aça” və möhkəmlənə bildi?

Cavab məlumdur: FETÖ-nün Azərbaycanda fəaliyyəti Türkiyə dövlətinin dəstəyi ilə mümkün olmuşdu. Əslində tək Azərbaycana yox, şəbəkənin fəaliyyət göstərdiyi digər ölkələrə daxil olmasında da Türkiyənin mühüm rolu olub. FETÖ Türkiyə elitasında yüksək səviyyədə qəbul olunur, hətta elitanın bir hissəsini də təşkil edirdi və dost, qardaş ölkədən gələn, bu ölkənin elitası tərəfindən dəstəklənən şəbəkə şübhə oyandırmırdı. 2016-cı ildə dövlət çevrilişinə cəhdən sonra Türkiyədə FETÖ terror təşkilatı elan edildi və bundan sonra Azərbaycanda şəbəkənin fəaliyyəti ciddi şəkildə nəzarətə götürüldü: Qafqaz Universiteti fəaliyyətini dayandırdı, lisey və kursları bağlandı və ya dövlətin nəzarətinə keçdi, eyni zamanda, müxtəlif strukturlara yerləşmiş şəbəkə üzvləri neytrallaşdırıldı.

Lakin bu proses bir həqiqəti də göstərdi: dost ölkədə dəstəklənən hansısa ideoloji şəbəkənin fəaliyyətinə dostluq münasibətlərinə görə imkan vermək milli-ideoloji təhlükəsizliyi ciddi risk altına salır, çünki bu şəbəkə hadisələrin inkişafına, yaxud konyuktur maraqlara görə mənzinlləndiyi ölkədə “təhlükə” elan edildikdə Azərbaycan da bundan zərər görür. FETÖ məsələsi bunun əyani ispatıdır. Vaxtilə Türkiyə elitasının dəstəklədiyi, xüsusi təqdimatla ölkəmizə ayaq açan FETÖ “təhlükə” kimi qəbul edildikdən sonra Azərbaycan şəbəkənin öz ərazisindəki struktrurları ilə üz-üzə qaldı.

Bu, dövlət maraqlarının heç bir xarici siyasi konyukturadan asılı olmamasının nə qədər vacib olduğunu bir daha ön plana çıxarır, ən yaxın dost olan, qardaş hesab etdiyimiz Türkiyədən də.

İdeoloji müdaxilə risklərində Azərbaycan üçün Türkiyədən gələn dalğalar xüsusilə əhəmiyyətlidir. Çünki,

- cəmiyyətimizdə Türkiyəyə böyük yaxınlıq hiss var və bu, milli təhlükəsizliyimizi oradan gələn ideoloji müdaxilələrə daha açıq hala gətirir: xalqımız qardaş ölkədən gələn ideoloji təhlükəni hiss edə bilmir;
- bu ölkədə güclü sosial-iqtisadi və siyasi mövqelərə malik olan camaat və təriqətlərin dövlətə təsir etmək, “paralel dövlət” strukturları yaratmaq imkanı var: nəticədə bu strukturlar Türkiyənin dövlət siyasəti adı altında öz maraqlarının təmin edilməsini həyata keçirirlər.


FETÖ məsələsində bu baş verib. Bu şəbəkə neytrallaşdırılsa da, Türkiyədə “Gülən camaatı”na bənzər camaatlar hələ də fəaliyyət göstərir. O cümlədən, Türkiyədə bəzi dairələrin “Müsəlman qardaşları” hərəkatına və onlarla eyni ideologiyaya mənsub olan şəbəkələrə dəstək verdiyi sirr deyil. O da sirr deyil ki, bu cür hərəkatlar üçün milli dövlətçilik yox, dini-ideoloji yanaşmalar əsasdır. Və dövlət strukturlarına sızmış bu dairələr Türkiyə siyasətinin formalaşmasına ciddi təsir edir, hətta milli maraqlara uyğun olmayan addımların atılmasını həyata keçirirlər. Bu gün Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bu dairələrin rolu aydın görünür. İstisna edilməməlidir ki, bu dairələr müdafiə etdikləri dini-ideoloji cərəyanların FETÖ-nün fəaliyyətində olduğu kimi, Azərbaycana “ayaq açması”na, şəbəkələşməsinə də dəstək verir, yaxud ən azı buna çalışırlar. Bu, Türkiyədəki ideoloji parçalanma və ictimai-siyasi qütbləşmənin Azərbaycanda yaşanması risklərini yarada bilər.

Dünyəvi dövlət olan Azərbaycanda isə bütün dini-ideoloji şəbəkələrin fəaliyyətinə milli təhlükəsizlik prinsipi ilə yanaşılır, istər sünni, istər şiə mənşəli, yaxud qeyri-ənənəvi təriqətlər olsun. Bu yanaşma davamlı olmalıdır, çünki ideoloji ixrac ölkəmizin dünyəvi dövlət modeli və milli birliyi üçün potensial riskdir. Bu riskin haradan, hansı ölkədən gəlməsindən asılı olmayaraq, qarşısı alınmalı, dostluq və strateji münasibətlər ideoloji müstəqilliyimizi və daxili sabitliyin qorunmasına maneə olmamalıdır. Bu məqsədlə təhsil, media, QHT sektoru, eləcə də dini sahədə xarici maliyyələşmə və ideoloji təsirlərə qarşı davamlı monitorinqin aparılması, risklərin müəyyənləşdirilməsi və neytrallaşdırılması vacibdir. FETÖ təcrübəsi bu addımların milli təhlükəsizlik üçün strateji əhəmiyyətini təsdiqlədi. Bu təcrübə bizim üçün həm də strateji müttəfiqimiz olan Türkiyədən Azərbaycana dini-ideoloji ixracın təhlükəsini göstərən dərs hesab oluna bilər. Azərbaycan bu dərsi nəzərə alaraq, Türkiyə də daxil olmaqla bütün ölkələrdən gələn xarici ideoloji hücumlara qarşı daim hazır olmalı, dünyəvi dövlət modelinə əsaslanan müstəqil siyasi xəttini qorumalıdır. Çünki bu gün təhlükəsiz və apolitik görünən dini-ideoloji strukturlar sabah təhdidə çevrilə bilər, FETÖ bunun bariz örnəyidir.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm