Simonyan Azərbaycana niyə gəlir? - Masadakı iki mühüm məsələ
Bizi izləyin

Nida Təhlil

Simonyan Azərbaycana niyə gəlir? - Masadakı iki mühüm məsələ

Simonyan Azərbaycana niyə gəlir? - Masadakı iki mühüm məsələ

Xəbər verdiyimiz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan gələn ay Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb. O bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə texniki məsələlər, əməkdaşlıq, məhbuslar və gələcək görüşlərin gündəliyi müzakirə olunacaq.

Publika.az məsələ ilə bağlı politoloq Elxan Şahinoğlunun fikirlərini öyrəndi.

Politoloq bildirdi ki, Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə dialoq getdikcə genişlənir. O, son görüşün İrlandiyanın paytaxtı Dublində keçirildiyini, bəzi diplomatların və rəsmilərin görüşərək fikir mübadiləsi apardıqlarını xatırlatdı.

"Artıq qarşılıqlı səfərlər də reallaşıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana səfər edib, həmçinin Alen Simonyan da Azərbaycana səfər planlaşdırır. Bütün bunlar sülh quruculuğunu daha da irəli aparmaq məqsədi daşıyır", - Elxan Şahinoğlu vurğuladı.

Politoloqun sözlərinə görə, sülh quruculuğunun sürətlə inkişaf etməsinə və əməkdaşlıq formatlarının yaradılmasına baxmayaraq, Ermənistanın atmalı olduğu zəruri addımlar var. O, bu addımlardan birincisinin yeni Konstitusiyanın qəbul edilməsi, Azərbaycana ərazi iddiası ilə bağlı bəndin çıxarılması və Sülh Sazişinin imzalanması olduğunu qeyd etdi.

Elxan Şahinoğlu ikinci vacib addımın isə Zəngəzur dəhlizinin Ermənistan ərazisində tikintisinə başlanılması olduğunu vurğuladı. Onun fikrincə, bunlar çox əhəmiyyətli məsələlərdir və Alen Simonyanın Azərbaycana səfəri zamanı Hikmət Hacıyevlə aparacağı müzakirələr məhz bu ciddi mövzuları əhatə edəcək.

Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın da yeni Konstitusiyanın mətninin bu ayın sonuna qədər Ermənistan ictimaiyyətinin müzakirəsinə çıxarılacağını bildirdiyini xatırlatdı. O, bu prosesin sürətləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırdı.

"Gələn il Cənubi Qafqaz üçün həlledici olacaq. Həmin il həm Sülh Sazişi imzalana, həm də Zəngəzur dəhlizinin Ermənistan ərazisində tikintisinə başlanıla bilər. Tikinti prosesi ən azı iki il çəkəcək", - E.Şahinoğlu əlavə etdi.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm