Xəzərin sahilində vahid regional məkan: Azərbaycanın “C6” strategiyası
Bizi izləyin

Nida Təhlil

Xəzərin sahilində vahid regional məkan: Azərbaycanın “C6” strategiyası

Xəzərin sahilində vahid regional məkan: Azərbaycanın “C6” strategiyası

Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət Görüşü Cənubi Qafqaz-Mərkəzi Asiya regionu arasında əlaqələrin inkişafı və hər iki bölgənin Avrasiyanın gələcəyində oynadığı rol baxımından xüsusi əhəmiyyət daşıyır.

Cənubi Qafqaz yeni inkişaf mərhələsindədir, xüsusilə Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsi regionun önündə yeni perspektivlər açıb. Mərkəzi Asiya da son dövrlər beynəlxalq siyasətdə və iqtisadiyyatda mövqelərini gücləndirir. Bu iki region ölkəsində bağların qurulmasında Azərbaycan açar rolunu oynayır.

1. Azərbaycan Cənubi Qafqazın lideridir və bu regionla münasibətlərin mümkünlüyü böyük ölçüdə Bakıdan keçir;

2. Regionun əsas nəqliyyat arteriyaları Azərbaycan üzərindən keçir. Mərkəzi Asiyaya çıxış üçün Bakının qapısını döymək lazımdır.

3. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tarixi, etnik və mədəni bağlara malik olması Bakını iki region arasındakı münasibətlərdə lokomotivə çevirib.

Bu baxımdan, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında yalnız coğrafi körpü deyil, eyni zamanda siyasi, iqtisadi və institusional əlaqələrin qurulmasında mühüm tərəfdaş rolunda çıxış edir.

“C5”dən “C6”ya: Regional əməkdaşlıq formatı

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qoşulması ilk növbədə siyasi baxımdan əhəmiyyətlidir. Əvvəllər Mərkəzi Asiyanın beş dövlətini bir araya gətirən formatın Azərbaycanın iştirakı ilə genişlənməsi regionun artıq yalnız coğrafi anlayış kimi deyil, daha geniş iqtisadi və siyasi məkan kimi nəzərdən keçirilməsinə imkan yaradır. Azərbaycanın 2025-ci ildə bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi münasibətlərə yeni keyfiyyət qazandırıb. Bu baxımdan, “C6” ifadəsi yalnız iştirakçı dövlətlərin sayının artmasını ifadə etmir. Burada daha mühüm məsələ yeni əməkdaşlıq fəlsəfəsinin formalaşmasıdır.

Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqu daha da gücləndirə bilər ki, bu, gələcəkdə iqtisadi, investisiya, rəqəmsal texnologiyalar, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına zəmin yaradacaq.

Azərbaycanın Mərkəzi Asiyada iqtisadi maraqları

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri qarşılıqlı iqtisadi maraqların genişlənməsidir. Mərkəzi Asiya ölkələri Azərbaycan üçün yeni bazarlar, investisiya imkanları və iqtisadi tərəfdaşlıq istiqamətləri deməkdir. Azərbaycan isə bu ölkələr üçün Cənubi Qafqaz və Avropa bazarlarına çıxış imkanlarını genişləndirən mühüm tərəfdaşlardan biridir.

Xəzər: ayıran yox, birləşdirən məkan

Azərbaycanla Mərkəzi Asiya arasındakı münasibətlərdə Xəzər dənizinin ayrıca əhəmiyyəti var. Əvvəllər Xəzər daha çox iki sahili ayıran coğrafi məkan kimi qəbul edilirdisə, yeni regional reallıqlarda onun birləşdirici funksiyası ön plana çıxır. Azərbaycan və Türkmənistan arasında münasibətlərin son illərdə sürətlə inkişaf etməsi də bu baxımdan diqqətəlayiqdir. Prezident İlham Əliyev 8-ci Məşvərət Görüşündə Azərbaycan-Türkmənistan münasibətlərinin intensivləşdiyini vurğulayıb və ötən ildən bəri beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini bildirib.

Xəzərin iki sahilində yerləşən dövlətlərin siyasi dialoqunun güclənməsi gələcəkdə iqtisadi əlaqələrin də daha geniş xarakter almasına imkan verir. Bu əməkdaşlığın əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Xəzər hövzəsinin enerji, logistika, turizm, ekologiya və dəniz iqtisadiyyatı baxımından birgə inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur.

Yeni mərhələnin əsas istiqamətlərindən biri investisiyadır. Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin gələcək inkişafında investisiya əməkdaşlığı xüsusi yer tuta bilər. Mərkəzi Asiya dövlətləri iqtisadiyyatlarını şaxələndirməyə və xarici investisiyalar üçün yeni imkanlar yaratmağa çalışırlar. Azərbaycan isə enerji, nəqliyyat, tikinti, logistika və digər sahələrdə topladığı təcrübəni regional layihələrə yönəltmək imkanına malikdir. Bu, dövlətlərarası münasibətləri real iqtisadi layihələrə çevirən amildir.

Rəqəmsal əməkdaşlıq və yaşıl enerji

Münasibətlərin gələcəyində ənənəvi enerji və nəqliyyat layihələri qədər rəqəmsal texnologiyalar da əhəmiyyətlidir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin rəqəmsal iqtisadiyyat, süni intellekt, kibertəhlükəsizlik, elektron hökumət və rəqəmsal logistika sahələrində əməkdaşlığı yeni regional platformaların yaranmasına gətirib çıxara bilər. Xüsusilə rəqəmsal gömrük sistemlərinin, elektron sənədləşmənin və vahid logistika məlumat platformalarının inkişaf etdirilməsi regionlararası ticarətin sürətinə və səmərəliliyinə ciddi təsir göstərə bilər.

Bu baxımdan Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin gələcək modeli yalnız fiziki yolların deyil, rəqəmsal bağlantıların da qurulmasını tələb edir.

Digər mühüm istiqamət enerji keçidi və iqlim siyasətidir. Mərkəzi Asiya böyük günəş və külək enerjisi potensialına malikdir. Azərbaycan da Xəzər dənizinin külək potensialından istifadə etməklə yaşıl enerji sahəsində regional təşəbbüsləri genişləndirir. Bu iki istiqamətin bir-birini tamamlaması gələcəkdə yeni enerji əməkdaşlığı modelinin formalaşmasına imkan verə bilər.

Yaşıl enerji məsələsi eyni zamanda Azərbaycanın COP29-dan sonra formalaşdırdığı iqlim diplomatiyasının regional müstəvidə davam etdirilməsi baxımından da əhəmiyyətlidir. Burada söhbət yalnız enerji ixracından getmir. Bərpaolunan enerji, enerji səmərəliliyi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişikliklərinə uyğunlaşma kimi məsələlər ortaq regional gündəlik yarada bilər.

Yeni regional arxitekturanın formalaşması

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı daha böyük regional prosesin bir hissəsidir. Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, əvvəllər ayrı-ayrı istiqamətlərdə inkişaf edən siyasi, iqtisadi, enerji və humanitar əlaqələr tədricən vahid regional əməkdaşlıq məntiqində birləşir.

Azərbaycanın iştirakı bu baxımdan, Mərkəzi Asiyanın Cənubi Qafqazla əlaqələrinin möhkəmlənməsinə yeni impuls verir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin dərinləşməsi ölkəmizin Avrasiya məkanında çoxşaxəli tərəfdaşlıq şəbəkəsini də genişləndirir. Burada əsas məsələ hansısa dövlətə və ya geosiyasi bloka alternativ yaratmaq deyil. Daha çox müxtəlif iqtisadi və siyasi mərkəzlərlə əməkdaşlığı paralel şəkildə inkişaf etdirə bilən çevik regional modelin formalaşdırılmasıdır. Bu yanaşma Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakteri ilə də uyğunluq təşkil edir.

Münasibətlərin perspektivi

Azərbaycan və Mərkəzi Asiya arasında münasibətlərdə artıq siyasi dialoqun qurulması mərhələsi uğurla tamamlanıb. Perspektivdə əsas məsələ münasibətlərin iqtisadi, texnoloji və sosial nəticələrə çevrilməsidir. Bu baxımdan, “C6” formatı əhəmiyyətlidir. Bu formatda Azərbaycan yalnız Mərkəzi Asiya ilə Avropa arasında yerləşən ölkə kimi deyil, müxtəlif regional iqtisadi sistemləri bir-birinə bağlayan və onların arasında əməkdaşlığı təşviq edən dövlət kimi çıxış edə bilər.

Türkmənbaşı görüşünün əsas əhəmiyyətini də bu kontekstdə qiymətləndirə bilərik.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm