Məktəb mədrəsə deyil, öz qaydaları var - Musa Quliyev
Bizi izləyin

Nida Təhlil

Məktəb mədrəsə deyil, öz qaydaları var - Musa Quliyev

Məktəb mədrəsə deyil, öz qaydaları var - Musa Quliyev

Dövlət ümumtəhsil məktəblərində vahid geyim formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı ictimai müzakirələrə səbəb olub. Qərarın əsas məqsədi məktəbdə təhsil prosesinin dünyəvi prinsiplər əsasında təşkil edilməsi, müəllim və şagirdlər üçün vahid geyim qaydalarının müəyyənləşdirilməsidir. Müzakirələr zamanı məsələni dini müstəvidə dəyərləndirənlər, xüsusilə hicabla bağlı fikirlər səsləndirənlər də var. Bəs vahid geyim formasının tətbiqi hansı zərurətdən irəli gəlir və məktəbin dünyəvi təhsil missiyası bu məsələdə hansı əhəmiyyət daşıyır?

Mövzu ilə bağlı fikirlərini Publika.az ilə bölüşən millət vəkili Musa Quliyev bildirdi ki, Nazirlər Kabinetinin qərarı Azərbaycan Konstitusiyasına, “Təhsil haqqında” qanuna, “Uşaq hüquqları haqqında” qanuna və digər qanunlara tamamilə uyğundur.

Onun sözlərinə görə, burada əsas məqsəd məktəbdə təhsil prosesinin dünyəviliyini təmin etməkdir.

Deputat qeyd etdi ki, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir və dövlət vətəndaşların təhsil hüququna Konstitusiya ilə təminat verir. Həmin təminatların həyata keçirilməsi üçün müəyyən normalar müəyyənləşdirilir. Bu normalar istər qanunlarla, istər Nazirlər Kabinetinin qərarları ilə, istərsə də Təhsil Nazirliyinin kollegiya qərarları və əmrləri ilə daim yenilənir, müasirləşir və daha da təkmilləşdirilir.

Musa Quliyev vurğuladı ki, həm müəllimlərin, yəni təhsil verənlərin, həm də şagirdlərin, yəni təhsil alanların vahid geyim formasına keçməsi ilə bağlı qərar tamamilə hüquqidir, qanunauyğundur və təhsil prosesinin dünyəvi əsaslar üzərində həyata keçirilməsinə xidmət edir.

Deputatın sözlərinə görə, burada bir neçə mühüm məqam var. İlk növbədə, geyim məktəbdə təhsil almağı və ya təhsil verməyi çətinləşdirməməli, diqqəti yayındırmamalıdır. Vahid geyim forması olmalı, şagirdlərin bir-birindən geyimlərinə görə fərqlənməsi doğru hesab edilməməlidir. Bu yanaşma məktəbin tərbiyə və mənəviyyat baxımından, eləcə də vətəndaş yetişdirmək və gələcək nəslin tərbiyəsində mühüm rol oynamaq baxımından əhəmiyyətlidir.

Musa Quliyev bildirdi ki, sosial şəbəkələrdə və müxtəlif saytlarda məsələni dini müstəviyə gətirən, hicabın qadağan edilməsi ilə bağlı müddəalar irəli sürənlər var. Lakin onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarında bu məsələlərin heç biri yer almır:

“Digər tərəfdən, hər kəs anlamalıdır ki, məktəb mədrəsə deyil, məktəb mollaxana deyil. Məktəbin öz tələbləri, öz normaları və öz qaydaları var. Məsələn, mollaxanaya başıaçıq getməyə, daxil olmağa icazə verməzlər, məscidə isə heç kəsin ayaqqabı ilə girməsinə icazə verməzlər. Yəni hər yerin öz geyim forması və qaydaları var. O cümlədən, dünyəvi məktəblərin də öz qaydaları mövcuddur və hər kəs bu qaydalara riayət etməlidir”.

O qeyd etdi ki, Azərbaycanda din dövlətdən ayrıdır və dövlət dini ayinlərin yerinə yetirilməsi, dini ehtiyacların ödənilməsi üçün hər kəsə şərait yaradır. Bununla belə, məktəb tamamilə fərqli missiya daşıyır. Deputatın sözlərinə görə, məktəb, ilk növbədə, təhsil və tərbiyə verən, vətəndaş yetişdirən müəssisədir.

Musa Quliyev diqqətə çatdırdı ki, Azərbaycanda onlarla xalqın nümayəndələri, çoxsaylı etnik qruplar və müxtəlif dini konfessiyaların mənsubları yaşayır. Onun fikrincə, onların hər biri öz dini və ya milli geyimi ilə məktəbə gələrsə, bu, məktəbin ümumi görünüşünə təsir göstərə bilər. Buna görə də qərarı anlayışla qarşılamaq lazımdır. Deputat hesab edir ki, heç kəs düşünməməlidir ki, Azərbaycanda insanlara dini baxışlarına görə məhdudiyyət qoyulur.

Deputat, həmçinin bildirdi ki, 18 yaşına qədər uşaqlara dünyəvi təhsil və tərbiyə verilməsində həm valideynlər, həm məktəb, həm də dövlət öz təsirini göstərməlidir. Onun sözlərinə görə, 18 yaşından sonra insan öz seçimini özü edə bilər:

“Bu mənada hesab edirəm ki, uşaqların hər hansı dini tədbirlərə qoşulması, dini təmrinlərin yerinə yetirilməsi onların uşaq hüquqlarının pozulması deməkdir”.

Millət vəkili əlavə etdi ki, Azərbaycanı yad ideologiyaların təsirindən, eləcə də sonradan həmin ideologiyaları yayaraq ölkədə müəyyən siyasi iddialarla çıxış etmək istəyən qüvvələrin təsirindən qorumaq üçün daim təbliğat və maarifləndirmə işi aparılmalıdır. O vurğuladı ki, milli dövlətçilik ideologiyası bütün müəssisələrdə, xüsusilə də təhsil müəssisələrində təbliğ edilməli və vətəndaşlara çatdırılmalıdır.

Musa Quliyevin sözlərinə görə, Azərbaycan dünyəvi, sivil dövlətdir və bütün davranışlar, o cümlədən məktəbdəki davranışlar da dünyəvi və sivil dövlətin norma və qaydalarına uyğun olmalıdır.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm