Avropa təhlükədə: İranın “azərbaycanlı şəbəkəsi” Berlində hərəkətə keçdi - VİDEO
Bizi izləyin

Nida Təhlil

Avropa təhlükədə: İranın “azərbaycanlı şəbəkəsi” Berlində hərəkətə keçdi - VİDEO

Avropa təhlükədə: İranın “azərbaycanlı şəbəkəsi” Berlində hərəkətə keçdi - VİDEO

“Müsəlman Birliyi Hərəkatı”nın Avropa nümayəndəliyi Azərbaycanda “hicab qadağası” iddiası ilə oktyabrın 18-də Berlində aksiya keçirməyə hazırlaşır. Almaniyaya sığınan və “MBH-nin Avropa nümayəndəliyi” adı altında fəaliyyət göstərən bu şəxslərin İranın Avropadakı proksi şəbəkəsi olaraq fəaliyyət göstərdiyi sirr deyil.

“Müsəlman Birliyi Hərəkatı” 2015-ci ildə İranın dini-klerikal dairələrinin təsir agenti olan Qum təhsilli Tale Bağırzadə tərəfindən Azərbaycanda konstitusiya quruluşunu güc yolu ilə devirmək məqsədilə yaradılıb. Bu, İranın Azərbaycanda “Hizbullah modeli”nin tətbiq edilməsi planı idi. Nardaranda silahlı hücuma keçərək, konstitusiya quruluşunu dəyişdirməyə cəhd etsələr də, Azərbaycan dövləti bunun qarşısını aldı. Gəncədə həyata keçirmək istədikləri ikinci cəhdləri də baş tutmadı. Bundan sonra MBH üzvləri müxtəlif ölkələrə səpələndilər. Bir qrupu bağlı olduqları İrana, digər qrupu isə Avropa ölkələrinə getdi.

Əsasən Almaniyada məskunlaşan şəbəkə üzvlərinin İranla bağlantıları hələ də davam edir. Misal üçün, ABŞ-İran müharibəsində amerikalıları lənətləmələri, Avropada anti-Amerika təbliğatı aparmaları, avqust ayında Berlində keçirdikləri aksiya, həmçinin oktyabrın 18-də “hicab qadağası” iddiası ilə planlaşdırdıqları aksiya da bunu deməyə əsas verir. Şəbəkənin İrana bağlı olduğunu gizlətmək və Avropadakı fəaliyyətlərini legitimləşdirmək məqsədilə iki taktikadan istifadə etdiyi də məlumdur.

Birincisi, “siyasi mühacir” olduqlarını iddia edir və Azərbaycana qarşı fəaliyyət göstərirlər;
İkincisi, özlərini “demokrat”, “liberal” adlandırır, “Qərb dəyərlərinin müdafiəçisi” rolunda çıxış edirlər;


Bu taktikanın işə yaramadığını demək çətindir. Çünki İrana bağlı şəbəkə Almaniya başda olmaqla Avropa ölkələrində heç bir maneə olmadan fəaliyyət göstərə, küçələrdə aksiyalar keçirə bilir, hətta rəsmi şəxslər tərəfindən belə qəbul edilirlər. “MBH-nin Avropa nümayəndəliyi” adı altında Almaniya Xarici İşlər Nazirliyində rəsmi şəxslərlə görüşmələri belə nümunələrdəndir. Halbuki, İrana bağlı olduqlarını öz çıxışlarında da dilə gətirirlər. Misal üçün, “MBH” üzvü olan, hazırda Almaniyada “siyasi mühacir” adı altında yaşayan Ələmdar Büynadov “İran və Azərbaycan arasında müharibə olarsa, siz kimin tərəfindən vuruşacaqsınız” sualına “biz bu müharibədə iştirak etməyəcəyik” deməklə bunu etiraf edib.

Tehrandan verilən təlimatlarla hərəkət edən şəbəkənin əsas missiyası Avropanın mərkəzində İranın yeni proksi qüvvəsinin formalaşdırılmasıdır. Aydındır ki, İran bu şəxslər vasitəsilə Azərbaycanda proksi yaratmağa nail ola bilmədikdən sonra onlardan Avropada istifadə etmək qərarına gəlib. Şəbəkənin hazırda “siyasi mühacir” adı altında İrana casusluq etdiyi də istisna deyil. Londonda yaşayan 44 yaşlı Azərbaycan vətəndaşı Rəşad Sultanovun SEPAH-a casusluq faktına görə Britaniyada həbs edilməsi bunun real nümunəsidir. R.Sultanov ötən ilin 11 may-22 iyun tarixlərində Böyük Britaniyanın Kiprdə yerləşən “RAF Akrotiri” hərbi-hava bazasında müşahidələr aparıb və topladığı məlumatları SEPAH-a ötürüb.

Rəşad Sultanov nümunəsi “MBH-nin Avropa nümayəndəliyi”nin üzvlərinin də İran tərəfindən bu məqsədlə istifadə edildiyini deməyə əsas verir. Lakin şəbəkə üzvləri İranın təlimatı ilə istənilən vaxt Hizbullahın Livanda, husilərin Yəməndə etdiyi kimi, Avropada silahlı hücumlara başlaya, qitəni qana boyaya bilərlər. Başda Almaniya olmaqla Avropa ölkələri bu təhlükə haqqında ciddi düşünməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm