İrəvanın unutmaq istədiyi həqiqət: Azərbaycan niyə müharibə etdi?
Bizi izləyin

Nida Təhlil

İrəvanın unutmaq istədiyi həqiqət: Azərbaycan niyə müharibə etdi?

İrəvanın unutmaq istədiyi həqiqət: Azərbaycan niyə müharibə etdi?

Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Ermənistanın müharibədən əvvəlki mövqeyi və regionda sülh prosesi ilə bağlı mühüm mesajlar verib. Dövlət başçısı Ermənistan rəhbərliyinin məsuliyyəti, müharibə cinayətləri və Azərbaycanın sülh gündəliyinə dair mövqeyini diqqətə çatdırıb.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirdi.

Deputat qeyd etdi ki, Ermənistanın indiki hakimiyyəti və baş naziri məhz İkinci Qarabağ müharibəsindən əvvəl “Qarabağ Ermənistandır” bəyanatını səsləndirirdi. Onun sözlərinə görə, bu, Azərbaycanın ərazi bütövlüyünə təhdid idi.

V.Bayramov vurğuladı ki, Prezident İlham Əliyevin Zirvə Görüşündə qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycanı müharibəyə sövq edib:

"Azərbaycan torpaqlarının işğal altında saxlanılması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi Azərbaycanın öz hərbi gücü hesabına həmin qətnamələrin icrasına gətirib çıxarıb. Ermənistan rəhbərliyinin öz məsuliyyətini dərk etməsi və sülh prosesinə dəstək verməsi xüsusilə vacibdir. Azərbaycan regionda, o cümlədən Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır və ölkəmiz üçün əsas prioritet bölgədə sabitliyin və sülhün qorunmasıdır".

Deputat Azərbaycan məhkəmələrinin hökm çıxardığı ermənilərin törətdikləri əməllərə də toxundu. O bildirdi ki, həmin şəxslər mülki insanlara qarşı cinayətlər törətmiş hərbi cinayətkarlardır və hüquqi məsuliyyətə cəlb olunmalı idilər.

Millət vəkili vurğuladı ki, bu məsələdə əsas prinsip ədalət və hüquqdur. Onun sözlərinə görə, heç bir halda məsələləri siyasiləşdirmək və mahiyyətindən kənara çıxarmaq olmaz:

"Azərbaycan müharibədən sonrakı dövrdə humanitar prinsiplərə və sülh quruculuğuna sadiq qalıb. Ermənistana yanacaq ixracı həyata keçirilir, Azərbaycan ərazisi üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycan işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurun bərpasına da böyük vəsait ayırıb. Belə ki, ötən müddətdə bu məqsədlə dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait xərclənib. Azərbaycan bir tərəfdən işğal nəticəsində dağıdılmış ərazilərini bərpa edir, digər tərəfdən isə sülh gündəliyini dəstəkləyir. Bu yanaşma regionda mövcud vəziyyət və gələcək əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır".

V.Bayramov sonda vurğuladı ki, Ermənistan hakimiyyətinin də bəyanatlarında, çıxışlarında və hərəkətlərində məsuliyyətli mövqe nümayiş etdirməsi vacibdir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm