Nida Xəbər
"Azərbaycan prezidenti Avropa paytaxtlarında seçilmir" - Millət vəkilindən SƏRT SÖZLƏR
"Müxtəlif qüvvələri təşkilatlandıran kəşfiyyat mərkəzilərinin olduğu hər kəsə bəllidir. Bu petisiya da məhz həmin qüvvələrin, onların əlaltılarının işidir. Odur ki, bu petisiyalar heç bir hüquqi və siyasi nəticə doğurmayacaq".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Zahid Oruc www.ipetition.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyaya münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, ölkənin taleyini Avropa paytaxtlarında həll etməzlər:
“Azərbaycan saatı, Meydan tv, Turan tv də belə qüvvələrin əlində bir vasitədir. Berlin və ya Strasburqda Qarabağ televiziyası yaratmaq istəyənlər bir dənə də olsun donor mənbə tapa bilməyəcək. Belə olan təqdirdə, beynəlxalq siyasi gerçəkliyi daha yaxşı görüb, qiymətləndirmək olur. Hesab edirəm ki, seçki kampaniyasına hazırlaşan, prosesə qoşulan hər kəs bu dövlətin taleyini onun sərhədləri çərçivəsində axtarmalıdır. Avropa paytaxtlarında prezident seçilmir”.
Millət vəkilinin sözlərinə görə, bir vaxtlar Konstitutsiyanı qəbul etməyən, onu dövlət quruculuğunun əsas kitabı hesab etməyən, ali qanunda aparılan dəyişikliyi özlərinin əleyhinə olduğunu düşünən qüvvələr bu gün Konstitusiyanı hökumətdən qorumaq uğrunda sanki bir savaş elan ediblər:
“1990-ci illər prosesləri həmin qüvvələrin kafasında möhkəm bir yer edib. Bu da başadüşüləndir, bəlkə də, o dövr dəyişilməsi mümkün olmayan bir fenomendir. Yəni onların fikrincə, bu seçkinin keçirilməsi üçün mütləq müharibə, fövqəladə şərait, daxili toqquşmalar, vətəndaş müharibəsi olmalı imiş. Halbuki, XX əsr dünya tarixinə diqqət yetirsək, Avstraliya və Kanadadan Asiya qitəsinə qədər hakimiyyətin səlahiyyəti başa çatmadığı dövrdə seçkilər keçirilib. Buna görə prosesi bu cür siyasi məsələ üzərində şərh etmək də əsassızdır.
Müxalif qüvvələr dəfələrlə seçkilərin ərtələnməsi tələbi ilə çıxış ediblər. Hətta Müsavat Partiyası sonuncu dəfə dilemma qarşısında qalanda İsa Qəmbər seçkinin iyulda keçirilməsini irəli sürmüşdü. Bəs bu təklif hansı məntiqə uyğundur? Əgər Konstitusiya müqəddəs hesab edilirsə, nə üçün onların düşüncəsindən gələn dəyişiklik qanuni olur, digər tərəf edəndə bu, qeyri-legitim hadisəyə çevrilir. Demək, burada da onların mövqeyi yanlışdır və ciddi əsaslara söykənmir”.
Z.Oruc bildirib ki, heç kim Konstitusiyanın müddəalarına əsaslanaraq dövlət rəhbərinə növbədənkənar seçki təyin etmək hüququnun yasaq edilməsi fikrini ortaya qoya bilməz:
“Bundan sonra irəli sürülən bəhanələr, arqumentlər, təşkilatlanmalar, xarici qüvvələrin bu işə cəlb edilməsinin heç bir hüquqi əsası yoxdur. Seçkilərin legitimliyini müəyyən edəcək hakim Azərbaycan xalqıdır, hər hansı beynəlxalq təşkilat, yerli qurum, partiyalar, demokratiya etiketli başqa təsisatlar deyil. Seçkilərin nəticələri də ilk növbədə millətimiz üçün lazımdır.
Bu məsələnin təqvim hissəsindən uzaqlaşsaq, Azərbaycan insanı üçün qarşıdakı dövrdə ən müxtəlif məsələlərlə bağlı onun üçün gələcək həyatı önəmlidir. Dövlətin tutduğu kursun sürdürülməsi, sabitlik, əminamanlığın təmin edilməsi, iş yeri, sosial tələbləri, təhsil, səhiyyə məsələləri, karyera quruculuğu ilə bağlı problemlərin həllini tapması insanlar üçün daha vacib məsələlərdir.
Digər bir məqam var ki, müxalif qüvvələr seçkilərin vaxtının uzadılmasını alqışla qarşılayacaqdılar? 25 ildir hakimiyyətin astanasında durduqlarını deyirdilər, bir neçə aya qüvvələrini daha yaxşı səfərbər edəcəkdilərmi? Onların məntiqini irəli aparanda bir küfr meydana çıxır.
Petisiyalar heç bir halda Azərbaycan xalqının iradəsinə kölgə sala bilməz. Önəmli olan iddiaçılara bərabər rəqabət mühitinin yaradılması, bərabər efir vaxtının verilməsidir, cəmiyyət düşüncələrinin tribunaya gəlməsidir, seçicilərlə görüşlərin aparılmasıdır. Bunun kənarında müxalifətin məğlubiyyəti nə petisiya, nə uydurulan alternativ seçki hadisəsi, nə də təqvimlə ortadan qalxa bilməz. Müxalifət təqvimin istənilən günündə məğlub olur”.
Onun sözlərinə görə, petisiyanı hazırlayanlar, seçkini qanunsuz adlandıranların vətənpərvərliyi yalnız Azərbaycan hakimiyyətini tənqid edəndə üzə çıxır:
“Xaricdə yaşayan bəzi azərbaycanlının ölkənin milli məsələlərinə o cür savaş açmalarının şahidi olmamışıq. Bir dəfə görməmişik ki, Strasburqu siyasi mühasirəyə alsınlar, Brüsseldə təşkilatlanıb Qarabağ üzrə qətnamələr qəbul etdirsinlər, müxtəlif ümumxalq problemlərini gündəmdə saxlasınlar, ölkənin mənafeyi üçün Ermənistanla savaş aparsınlar. Əlbəttə, bunları etsələr və ondan sonra Azərbaycan hakimiyyəti ilə savaşı Avropa paytaxtlarına daşısalar, o zaman belə əməllərində bir məna görünər və əsasları da yaranar. Rəsul Quliyev 22 ildir ABŞ-da əyləşib, hər gün kompüter qarşısına əyləşib bəyanatlar verir. Bir dəfə də ağlına gəlmir ki, doğrudan da onun Konqresdə o qədər əlaqələri varsa, bir abzaslıq qətnamə qəbul etdirsin. Daha sonra həmin qətnaməni özünün siyasi təbliğatının əsasına çevirsin. Bu gerçəkdən də siyasi mübarizənin prinsiplərinə uyğun olardı. Hər kəs də onun 10 min kilometr məsafədə də fədakarlığını anlayardı. Necə olur ki, onların demokratlığı və vətənpərvərliyi ancaq hakimiyyəti tənqid edəndə görünür. Ondan kənarda milli hissləri çoşmur. Bu, necə bir məntiqdir?”
Qeyd edək ki, xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI