Xalq artisti: "Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir"
Bizi izləyin

Nida Xəbər

Xalq artisti: "Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir"

Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüşdə incəsənət xadimlərinin qaldırdıqları məsələləri diqqətlə dinləyən Prezident onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə bildirib ki, dövlət başçısı Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsinə dair təklifimə çox həssaslıqla yanaşdı, operativ reaksiya verdi.

“Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığı bir vaxtda belə görüşün keçirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev görüş iştirakçılarının fikirlərini və təkliflərini diqqətlə dinlədi, bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tapşırıqlar verdi”.

Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşmədiyini deyən E. Qasımzadə görüşdə bu məsələ ilə bağlı təklifə Azərbaycan Prezidentinin müsbət reaksiyasının paytaxtın tarixi memarlığının qorunması baxımından önəmini diqqətə çatdırıb: “Bakının tarixi mərkəzi bu gün Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları olmaqla dörd rayon arasında bölünüb. Burada aparılan təsərrüfat fəaliyyəti, abadlıq və inşaat işləri mərkəzdən nə dərəcədə idarə olunsa da, yerli idarəetmə qurumlarının bir-birindən fərqli yanaşmalarına məruz qalır. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə Bakının tarixi mərkəzinin sərhədləri dəqiq müəyyənləşdirilməli və təsdiqlənməlidir. Təyin olunmuş sərhədlər daxilində Bakı şəhərinin Mərkəzi rayonu adlandırılan yerli idarəetmə inzibati-ərazi vahidi təşkil olunması bu ərazidə aparılan hər hansı bir fəaliyyət növünə daha ciddi, daha böyük tələbkarlıqla şərtlər və qaydalar tətbiq edilməsinə imkan yaradacaq. Ölkə başçısı bu təklifi bəyəndi və görüşün gedişində müvafiq qurumlara bununla bağlı tapşırıqlar verdi. Prezident şəhərin mərkəzinin hüdudlarının dəqiq müəyyən olunmasının, vahid idarəetmə sisteminin vacibliyini qeyd etdi. Tarixi irsimiz olan və XIX əsrin sonunda - XX əsrin əvvəlində yaranmış Bayır şəhər və Aşağı şəhər anlayışları kimi qəbul olunan Bakı mərkəzinin qorunub saxlanılması üçün bu, olduqca vacibdir”.

Xalq artisti Səkinə İsmayılova bildirib ki, bu görüş sənət adamlarına olan qayğının göstəricisidir:

“Xoşbəxt o sənətkardır ki, onu həm xalq sevir, həm də dövlət. Biz xoşbəxt insanlarıq ki, bu gün dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq.

Dövlətimizin başçısının və birinci xanımın mədəniyyət xadimləri ilə görüşü, qaldırılan məsələlər, irəli sürülən təkliflər çox önəmlidir. Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir. Hər hansı bir sahədə problemimiz olanda bu məsələ diqqətdən kənarda qalmır, daim nəzarətə götürülür və həll edilir. Bu, bizi çox sevindirməklə yanaşı, ruhlandırır və yeni yaradıcılığa sövq edir. Bizə olan diqqət və qayğıdan bəhrələnərək yaşatdığımız bu sənəti gələcək nəsillərə daha etibarlı şəkildə ötürəcəyik”.

Xalq artisti Samir Cəfərov söyləyib ki, heç bir ölkədə mədəniyyət və incəsənət xadimlərinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir:

“Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, dövlətimizin başçısının onların qaldırdıqları məsələləri, irəli sürdükləri təklifləri dinləyərək vacib məsələlərin həlli ilə bağlı tapşırıqlar verməsi bu diqqət və qayğının daha bir əyani göstəricisidir”.

Xalq artisti bildirib ki, Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin qayğılarını, problemlərini hər zaman diqqətdə saxlayır:

“Dövlətimizin başçısı onlara mükafatların verilməsi, yubileylərinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar imzalayır. Prezidentin bu diqqət və qayğısı həmişə sevinclə və rəğbətlə qarşılanır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm