Hikmət Hacıyev: Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin bilavasitə nəticəsidir
Bizi izləyin

Nida Xəbər

Hikmət Hacıyev: Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin bilavasitə nəticəsidir

Azərbaycan regionun nəqliyyat qovşağıdır və bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin bilavasitə nəticəsidir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev Trend İnformasiya Agentliyinin "Sahil Kərimli ilə müsahibə zamanı" müəllif layihəsində ötən həftə dünyanın diqqətində olan "Bir kəmər, bir yol" təşəbbüsünün ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

H.Hacıyev bildirib ki, həqiqətən də "Bir kəmər, bir yol" layihəsi bu gün beynəlxalq münasibətlərdə vacib, əhəmiyyətli layihələrdən biridir:

"Bu təşəbbüs Çin Xalq Respublikasının rəhbəri tərəfindən 2013-cü ildə irəli sürülüb. Bunun da mahiyyəti tarixi İpək Yolunun bərpası, yolun qoyduğu məqsəd və məramlar, bəşəriyyət sivilizasiyasına verdiyi töhfələrdən çıxış edərək yeni məzmun və formada bu konsepsiyanın inkişaf etdirilməsidir. Çox müsbət haldır ki, Azərbaycan Respublikası da dövlət başçımızın şəxsində Çin Xalq Respublikasının ev sahibliyi etdiyi bu tədbirə - "Bir kəmər, bir yol" İkinci Beynəlxalq Əməkdaşlıq Forumuna dəvət edilib. Bu, Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına olan hörmətin və ehtiramin, ölkələrimiz arasındakı əməkdaşlığın bariz bir nümunəsidir. Bu forum bir tərəfdən Azərbaycanla Çin arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, digər tərəfdən isə -"Bir kəmər, bir yol" layihəsinin təqdim etdiyi çoxtərəfli platforma əsasında iki ölkə arasında, həmçinin bu xətt boyunca yerləşən digər dövlətlərlə əməkdaşlığın inkişafı baxımından əlahiddə dərəcədə mühüm əhəmiyyətə malikdir".

PA-nın şöbə müdiri Çinlə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq barəsində danışarkən qeyd edib ki, ölkələr arasında tarixi dostluq əlaqələri var:

"Ölkələrimiz tarixən İpək Yolunun üzərində yerləşib. Azərbaycan ərazisində tapılan arxeoloji qazıntılar da bir daha sübut edir ki, hətta minilliklər bundan əvvəl Çinlə Azərbaycan arasında intensiv ticari-mədəni əlaqələr olub. Bu gün də həmin tarixi irsdən çıxış edərək Azərbaycanla Çin əlaqələri bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə inkişaf etməkdədir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Çinə olan son səfəri Azərbaycanla bu ölkə arasında əlaqələrin inkişafına yeni bir təkan verdi. Azərbaycan da "Bir kəmər, bir yol" layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub. Hələ 2015-ci ildə Prezident İlham Əliyev Çinə səfər edən zaman bu ölkə arasında "Bir kəmər, bir yol", xüsusən də iqtisadi İpək Yolu layihəsinin təşviqinə dair Anlaşma Memorandumu imzalanmışdı. Bu gün də həmin sənəd bir çərçivə rolunu oynayaraq, ölkələrimiz arasında bu konsepsiyaya uyğun şəkildə əməkdaşlığı təşviq edir və inkişaf etdirir. İkitərəfli əlaqələrimiz əsasında nail olduğumuz bu inkişafdan çıxış edərək Azərbaycan "Bir kəmər, bir yol" layihəsində də çoxtərəfli platformada Çinlə əməkdaşlıq edir".

"Bir kəmər, bir yol" layihəsi barədə fikirlərini davam etdirən H.Hacıyev Əməkdaşlıq Forumu çərçivəsində Çinin dövlət başçısı Si Cinpinin çıxışını xatırladıb: "O, çıxışında bu konsepsiyanın inkişaf parametrləri və strateji yol xəritəsini ortaya qoymuş oldu. Birincisi onu qeyd etməliyik ki, "Bir kəmər, bir yol" layihəsi mahiyyət etibarilə açıq bir əməkdaşlığı özündə ehtiva edən bir platformadır. Yəni burada təşəbbüs bir dövlətin deyil, hər kəsin əlindədir. Hər kəs öz maraqları daxilində əməkdaşlıq parametrlərindən çıxış edərək ikitərəfli və ya çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək əzmindədir və bu prosesə öz töhfəsini verə bilər".

Şöbə müdiri əlavə edib ki, "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çin tərəfindən irəli sürülən konsepsiyada iki əsas xətt var:

"Əgər biz sırf nəqliyyat-logistika və coğrafi marşrutlar nöqteyi-nəzərindən məsələyə yanaşsaq, burada ilk növbədə Avrasiya məkanı boyunca, o cümlədən Afrika da daxil olmaqla, iqtisadi İpək Yolu konsepsiyasının inkişafı nəzərdə tutulur.

İkinci bir istiqamət isə dəniz yolu İpək xəttinin inkişafını, nəticə etibarilə qlobal xarakter daşıyan əməkdaşlıq formatını özündə ehtiva edir. Alt elementlərinə gəldikdə isə burada dövlətlər arasındakı maliyyə, ticarət sahəsində əməkdaşlıq və insanlararası təmaslar, onların maneəsiz hərəkəti kimi ideya və fikirlər nəzərdə tutulur. Biz dünya iqtisadiyyatı və siyasətinə baxsaq, strateji balansın Sakit okeana doğru cərəyan etməsini açıq şəkildə görə bilərik. Bu, bilavasitə Çinin, həmçinin o regionda yerləşən digər ölkələrin inkişafı ilə bağlı tendensiyalardır. Ona görə də təsadüfi deyil ki, Çin belə bir təşəbbüslə çıxış edib. Bu konsepsiyanın özünəməxsus vacib parametrlərindən biri odur ki, burada hər bir dövlətin özünün iqtisadi, siyasi, sosial inkişaf modelinə hörmətlə yanaşılır. Hər kəs öz inkişaf modelini seçməkdə tam sərbəstdir. Bu əsnada da dövlətlər arasında əməkdaşlıq hərtərəfli şəkildə təşviq edilir".

"Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda Ermənistanın ekologiya naziri səviyyəsində təmsil olunmasına münasibət bildirən H.Hacıyev deyib ki, bu tədbirə ev sahibliyi edən Çin Xalq Respublikasıdır və Çin tərəfindən 37 ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri dəvət olunub: "Bu tədbirə Azərbaycan Respublikası məhz Prezident İlham Əliyevin şəxsində dəvət olunmuşdu. Bu, Çin tərəfindən Azərbaycana verilən önəmin və ölkələrimiz arasındakı dostluğun bariz bir nümunəsidir. Azərbaycan Respublikası da bu formatda layiqincə təmsil olundu. Dövlətimizin başçısı forum çərçivəsində iki paneldə geniş məruzə ilə çıxış edərək Azərbaycanın konkret olaraq "Bir kəmər bir yol" layihəsi çərçivəsində təqdim edə biləcəyi imkanları ortaya qoydu. Belə ki, Azərbaycan bu layihə çərçivəsində birtərəfli şəkildə iştirak edən dövlət deyil. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa uyğun olaraq öz resurslarını və imkanlarını təqdim edən bir ölkədir ki, burada da "Bir kəmər, bir yol" layihəsi çərçivəsində vacib komponentlərdən biri nəqliyyat və logistika konsepsiyasıdır. Azərbaycan bu gün regionun nəqliyyat qovşağıdır. Bu da dövlət başçımızın yürütdüyü siyasətin bilavasitə nəticəsidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri "Bir kəmər bir yol" layihəsi çərçivəsində bütün tərəfdaşlarımız, o cümlədən Çin Xalq Respublikası tərəfindən də istifadə oluna bilər.

Ermənistanın forumda iştirakına gəlincə isə, qeyd edilən faktlar kimin kim olduğunu göstərmiş olur və Azərbaycan Respublikasının da regionda oynadığı rolu bariz şəkildə nümayiş etdirir. Eləcə də beynəlxalq tərəfdaşlarımız tərəfindən Azərbaycana verilən əhəmiyyətin növbəti nümunəsini açıq şəkildə göstərir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm