Nida Xəbər
Bu il ölkəmizin xarici siyasət kursu uğurla davam etdirilib - NAZİR
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair KİV-in ünvanlandığı sualları cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- 2019-cu ili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar baxımından necə qiymətləndirirsiniz? Tərəflər arasında hansı konkret məsələlər müzakirə olunub? Bu il ərzində tərəflər münaqişənin həlli çərçivəsində humanitar tədbirlərin həyata keçirilməsi təşəbbüsləri ilə çıxış etdilər, bu xüsusda KİV nümayəndələrinin qarşılıqlı səfərləri baş tutdu. Bu təşəbbüslərin faydalı olduğunu düşünürsünüzmü və gələcəkdə bu kimi səfərlərin davamı gözlənilirmi?
- Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında 29 mart tarixində Vyanada bir görüş, Xarici İşlər nazirləri səviyyəsində isə 16 yanvar Paris, 15 aprel Moskva, 20 iyun Vaşinqton, 23 sentyabr Nyu-York və 4 dekabr tarixində Bratislavada olmaqla 5 görüş keçirilmişdir. Görüşlərin keçirilmə intensivliyindən çıxış edərək hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar. Lakin, Ermənistan tərəfinin il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu il münaqişənin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər.
Bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Ermənistan rəhbərliyi, digər tərəfdən qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurmuş oldu. Doğrudur, keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu. Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar.
Hər zaman qeyd etdiyim fikri yenidən xatırlamaq istərdim, biz iki qonşu ölkəyik və tez ya da gec, münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaqlar. Bu baxımdan həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı faktorunu aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsini təmin etməyə xidmət etməlidir.
- Münaqişənin həlli üzrə aparılan danışıqlarda yeni təkliflərin irəli sürülmədiyini nəzərə alaraq, qeyd etmək olarmı ki, danışıqlar dalana dirənib? Bu illər ərzində danışıqların aparılması bizə nə verib, danışıqların səmərəsi nədən ibarətdir? Ermənistanla Azərbaycan arasında vasitəçilər olmadan danışıqlar aparıla bilərmi və Dağlıq Qarabağın Azərbaycanlı icması bu danışıqlara necə cəlb oluna bilər?
- Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı. İl ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir. Biz hər zaman bəyan etmişik ki, nə qədər ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı var, biz bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır.
Bunun üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib. Bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir. Bu elementlərlə tanış olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmanız kifayətdir. Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir.
Soruşursunuz ki, danışıqların aparılması bizə nə verib. Münaqişəni həll etmək danışıqlar aparmaq deyil, bəs nədir? Münaqişə yenidən alovlanarsa belə, yenidən danışıqlar başlayacaq, çünki nə əbədi davam edən müharibə, nə də danışıqlar mövcud deyil. Danışıqları ona görə aparırıq ki, pozulmuş beynəlxalq hüquq normalarını bərpa edək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edək, Azərbaycanın sözündə və əməlində bir olduğunu və sülh yolu ilə həlli potensialı bitməyənədək danışıqlara sadiq qaldığını nümayiş etdirək. Danışıqları aparırıq ki, Azərbaycan ərazilərini işğaldan azad edək!
Bu gün Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil və tərəflər arasında danışıqlar, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas beynəlxalq qurum - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın üç aparıcı ölkəsinin vasitəçilik səyləri ilə aparılır.
- Ermənistan əsir və girovların dəyişdirilməsinə dair “hamının hamıya” prinsipinə razılıq vermir, bu ölkə qanunsuz şəkildə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmək istəmir. Qarşılıqlı etimada zidd olan bu addım münaqişənin nizamlanması prosesinə necə təsir edir?
- Doğrudur, Azərbaycan beynəlxalq humanitar hüququn normalarını rəhbər tutaraq əsir və girov götürülmüş mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi təklifi ilə çıxış edib. Ermənistan tərəfi isə mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır, həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə. Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər; əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?!
Bilirsiniz, Ermənistan tərəfi artıq anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Ermənistanın işğalçı tərəf kimi məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib. Qeyd etmək istərdim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər və Azərbaycan Hökuməti də bu işdə iştirak edir. Ümid edirik ki, Məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq.
- Azərbaycanın cari il ərzində xarici siyasət sahəsində fəaliyyətini, 2019-cu ilin yekunlarını necə qiymətləndirirsiniz?
- Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasət kursu uğurla davam etdirilib. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal şəkildə iştirakı, xarici ölkə və təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, Azərbaycan haqqında, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edilməsi, eləcə də mühüm beynəlxalq təşəbbüslərdə iştirakımız və töhfəmiz davam etdirilmişdir.
Təqdirəlayiq haldır ki, bu il ölkəmiz iki beynəlxalq təşkilatın zirvə görüşünə ev sahibliyi etmişdir. Qoşulmama Hərəkatı və Türk Şurasına sədrlik qarşıdan gələn il ərzində ölkəmiz tərəfindən həyata keçiriləcəkdir. Ölkəmiz, həmçinin növbəti il digər iki regional təşkilata GUAM və TRACECA-ya sədrliyi həyata keçirəcəkdir. Bu əlbəttə ki, bu təşkilatların çoxsaylı üzv ölkələri tərəfindən Azərbaycana göstərilən etimadın bariz nümunəsidir.Bu il Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsilçiliyinin coğrafiyasını daha da genişləndirərək dünyanın 135 dövlətini öz sıralarında birləşdirən Qrup 77-yə üzv olmuş, eləcə də Sakit okean Alyansı təşkilatında müşahidəçi statusu almışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iştirak etdiyimiz bütün beynəlxalq platformalarda gündəlikdə saxlanılaraq, münaqişənin həlli ilə bağlı hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edən bəyanat, tövsiyə qətnamə və sənədlər qəbul olunmuşdur.
Cari il ərzində Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası ilə diplomatik münasibətlərin qurulmasına dair birgə kommünikelər imzalanmış və beləliklə də Azərbaycan Respublikasının diplomatik münasibətlər qurduğu ölkələrin sayı 185-yə yüksəlmişdir. Cari il ərzində ölkəmizdə Monteneqronun və Slovakiya Respublikasının səfirlikləri fəaliyyətə başlamışdır.
İlin yekunlarına dair yerli jurnalistlərə verdiyi müsahibəsində Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, il ərzində həm ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ikitərəfli formatda 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib. Həmçinin eyni çərçivədə 61 ölkənin Xarici İşlər naziri ölkəmizə səfər etmiş, eləcə də Azərbaycan Xarici İşlər naziri olaraq mənim 27 ölkəyə rəsmi və işgüzar səfərlərim baş tutub. Həyata keçirilən hər bir səfərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərimizin inkişafına verilən töhfə olduğunu diqqətə alsaq, o zaman 2019-cu ilin ölkəmizin əməkdaşlıq çərçivəsini genişləndirməsi baxımından nə dərəcədə mühüm bir il olduğu nəticəsinə gəlmək olar.
- Azərbaycanla Avropa İttifaqı bu il ərzində ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edəcək, strateji tərəfdaşlıq haqqında Sazişi imzalaya bilmədilər. Danışıqlardakı vəziyyəti necə qiymətləndirmək olar? Avropa Komissiyasının tərkibinin yeniləndiyini nəzərə alaraq, bu faktın danışıqların uzadılmasına təsir edəcəyini söyləmək olarmı?
- Azərbayanla Avropa İttifaqı (Aİ) bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlıq münasibətlərini bölüşürlər. Aİ rəsmilərinin çoxsaylı bəyanatlarında, eləcə də Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur və Azərbaycan İttifaqın etibarlı və mühüm tərəfdaşı kimi qiymətləndirilir.
Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş 1999-cu ildə qüvvəyə minmiş və son 20 il ərzində Azərbaycanda bir çox dəyişikliklər baş vermiş, Azərbaycan regionda və dünyada vacib geosiyasi oyunçulardan birinə çevrilmiş; ölkəmiz bir sıra dünya və regional səviyyəli əhəmiyyətli nəqliyyat, enerji, mədəni və siyasi layihələrin təşəbbüskarı və icraçısı olmuşdur. Vətəndaşların sosial rifahının yüksəldilməsi, ədliyyə, sosial və dövlət idarəçiliyi sahəsində uğurlu islahatlar aparılır. Azərbaycan hazırda böldəgə iqtisadi layihlərin həyata keçirilməsi üçün ən iri investorlardan birinə çevrilmiş və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-yə ən çox sərmaya qoymuş ölkəyə çevrilmişdir. Ölkəmiz Avropanın iqtisadi böhran içində boğulduğu zaman “Cənubi Qaz Dəhlizi” layihəsi vasitəsilə yalnız Yunanıstanda beş min yeni iş yerinin yaranmasına dəstək vermiş, 15 mlrd. avro miqdarında Avropaya sərmaya qoymuşdur. 2020-ci ilin ilk yarısında Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “TAP” layihəsi vasitəsilə Avropaya ilk Azərbaycan qazının nəgl edilməsi nəzərdə tutulmuşdur. Ölkəmiz 1990-cı illərdə Aİ-nin yatırımına ehtiyac olan diyardan hazırda Avropanın inkişafına real dəstək verən dövlətə cevrilmişdir. Bir sözlə, Azərbaycan Aİ ilə münasibətlərdə keyfiyyətcə yeni vəziyyət yaranmışdır.
Məhz bu səbəblərə görə Azərbaycan Aİ ilə münasibətlərin inkişaf etidirilməsi və genişləndirilməsi üçün xüsusi, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yol seçmiş, “Strateji tərəfdaşlıg Saziş” layihəsi üzrə danışıqların aparılmasını təklif etmiş və Brüssel bu təklifi qəbul etdi. Beləliklə, siyasi və iqtisadi münasibətlərin Tərəflər arasında əməkdaşlıq çərçivəsinin genişlənməsi, enerji sahəsində strateji səviyyədə tərəfdaşlığın həyata keçirilməsi, həmçinin artıq 9 Aİ üzv dövləti ilə strateji mahiyyətli sənədlərin imzalanması yeni və hərtərəfli sazişin işlənib hazırlanması ehtiyacını labüd etdi. 2017 cı ilin fevral ayından Azərbaycan tərəfi təqdim etdiyi layihəyə əsasən Aİ ilə yeni sənəd üzrə danışıqlara başlandı.
3 ildən az müddət ərzində böyük həcmli layihə üzrə çoxsaylı danışıqlar raundu keçirilmiş, sənədin əksər hissəsi razılaşdırılmışdır. Tərəflər danışıqların yekunlaşması və sənədin paraflanması və imzalanması ilə bağlı heç vaxt hər hansı tarix məhdudiyyətlərini nəzərdə tutmamışlar. Bizim üçün danışıqlarda kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir. Şablon yanaşmadan uzaq, reallıqlara söykənən və hər iki tərəfi qane edən yanaşma müsbət nəticənin əldə olunmasında mühüm amillərdən biridir. Azərbaycan tərəfi Avropa Komissiyasının yeni rəhbər heyəti ilə bu istiqamətdə işləməyə davam edəcəkdir. Azərbaycan keyfiyyətli sazişin tərəfdarıdır və onun ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir.
- 2019-cu il Azərbaycan-Rusiya əlaqələri baxımından olduqca məhsuldar, səmərəli il olub. Növbəti il iki ölkə əlaqələrində nə ilə yadda qalacaq? Burada Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya, həmçinin Rusiyadan olan rəsmi şəxslərin Azərbaycana müntəzəm səfərləri qeyd olunmalıdır. Bununla yanaşı, XİN-lərin rəhbərləri səviyyəsində illik əsasda qarşılıqlı səfərlər təcrübəsi mövcuddur və bu çərçivədə Sizin rusiyalı həmkarınız bir qədər öncə Bakıya səfər edib. Bu baxımdan, Sizin 2020-ci ildə Moskvaya səfəriniz gözlənilirmi? Ümumiyyətlə, sizin fikrinizcə, növbəti il iki ölkə əlaqələrində nə ilə yadda qalacaq?
- Öncə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı baxımından başa çatmaqda olan ilin yekunlarına verdiyiniz yüksək qiymətlə razılaşmaq istərdim. Məmnuniyyətlə qeyd etməliyəm ki, bu münasibətlər ildən-ilə sabitlik və dinamizm nümayiş etdirir. Bu il başa çatmaq üzrədir və bu müsbət dinamika da inkişaf etmişdir. Sözsüz ki, sualınızda bəhs etdiyiniz yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoq həlledici rol oynamaqda davam edir. Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır.
Məlum olduğu kimi, əlaqələrimizin inkişafı məqsədyönlü və proqram xarakteri daşıyır. Konkret istiqamətlər üzrə "yol xəritələri"ndə nəzərdə tutulan və həyata keçirilən tədbirlərdən altısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına ötənilki rəsmi səfəri zamanı, ikisi isə bu ilin dekabrında Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın on səkkizinci iclasının yekununda imzalanmışdır. İlkin hesablamalara görə, 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları səviyyəsinə çatacaq.
2019-cu ildə müsbət bir tendensiya, bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub. Bu, çox mühüm bir göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər.
Bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyirik. Ümid edirəm ki, çox faydalı hesab etdiyim xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcəkdir.
Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik. Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya, münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.
Beləliklə, ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıyıq.
- Ekspertlər arasında belə bir fikir var ki, postsovet ölkələri Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcburdurlar. Bəs Azərbaycan barədə də eyni sözləri demək olarmı?
- Azərbaycan seçim baxımından "ya-ya da" prinsipi əsasında düşünmür. Bütün xarici siyasət qərarlarımız, ilk növbədə, ölkəmizin inkişafı maraqlarına söykənir. Kənardan bu və ya digər seçimi tətbiq etmək cəhdləri uğursuzluğa düçar olur və bunu, son onilliyin təcrübəsi də daxil olmaqla, bütün müasir tarix nümayiş etdirir. Bu reallıqları bu cür cəhdləri edən xarici qüvvələr də artıq birmənalı şəkildə dərk edir.
Həm qonşu dövlətlərlə, həm də əsas qlobal tərəfdaşlarla qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığın inkişafı kursunu davam etdirərək, Azərbaycan artıq mühüm nəticələr əldə etmişdir. Əminik ki, bu qarşılıqlı əlaqənin genişləndirilməsi və dərinləşdirilməsi xəttini düzgün qurmaqla daha da böyük uğurlara imza atacağıq.
Ancaq ümumilikdə, ATƏT Nazirlər Şurasının bu yaxınlarda Bratislavada keçirilən iclasında yenidən səsləndirilən - fərqli vektorlarda çox şaxəli əməkdaşlığın inkişafına mane olmayan ümumi təhlükəsizlik məkanının birliyi və bölünməzliyindən irəli gələn mövqedən çıxış edirik.
- Bu il diqqət mərkəzində olan əsas məsələlərdən biri də Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası məsələsi olub. Bu xüsusda fikirlərinizi öyrənmək istərdik. Sərhədin delimitasiyası məsələsində tərəflər arasında mövcud olan fikir ayrılığını qarşıdan gələn il ərzində aradan qaldırmaq mümkün görünürmü?
- Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, aparılır. Bildiyiniz kimi, 1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir.
Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır. Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq.
- Son iki il ərzində Xəzər dənizi bölgəsinin ölkələri arasında fəal qarşılıqlı fəaliyyət müşahidə olunub və bölgə ölkələri arasında əməkdaşlığa maneə törədən amillər aradan qaldırılıb. Xəzər dənizi bölgəsində gələcəkdə daha effektiv fəaliyyətin perspektivlərini necə qiymətləndirirsiniz?
- Ötən il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addım olmuşdur. Bu sənəd Xəzəryanı ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, eyni zamanda Xəzər dənizi bölgəsində sabitlik, tərəqqi və qarşılıqlı etimad mühitinin inkişaf etməsinə xidmət edir. Xəzər dənizi regionundakı əməkdaşlıq tərəflərin qarşılıqlı maraqları, bir-birinin ərazi bütövlükləri və suverenliklərinə hörmət əsasında aparılır. Konvensiya dənizdə həyata keçirilən təsərrüfat-iqtisadi fəaliyyətin davamlılığını və təhlükəsizliyini təmin etməklə, bu cür fəaliyyətin gələcəkdə daha da genişləndirilməsinə münbit zəmin yaradır. Hal-hazırda Konvensiyanın bütün iştirakçılar tərəfindən ratifikasiya olunması qarşımızda duran əsas məsələlərdən biridir. Növbəti mərhələdə Konvensiyanın qüvvəyə minməsi və ondan irəli gələn məsələlərin öz həllini tapması vacibdir. Xatırladım ki, Konvensiyanın səmərəli həyata keçirilməsi məqsədilə Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup fəaliyyət göstərir.
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi regionumuz və dünya üçün böyük əhəmiyyət kəsb edən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılmasına böyük töhfəsi olacaqdır. Belə ki, artıq regionda fəaliyyət göstərən subyektlər üçün Xəzər dənizinin hüquqi statusu ilə qeyri-müəyyənlik dövrü bitmişdir. Konvensiyada dənizin tranzit potensialının həyata keçirilməsinin vacibliyi nəzərə alınmış, Xəzəryanı dövlətlər üçün ticarət gəmiçiliyinin azadlığı və təhlükəsizliyinin təmin olunması prinsipi təsbit olunmuşdur. Azərbaycan hər bir Xəzəryanı ölkə ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu, Xəzərdə qarşılıqlı təhlükəsizliyin və etimadın təmin edilməsi üçün mühüm amildir.
- Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinə aydınlıq gətirməyinizi istərdik. Azərbaycan nə zaman təşkilatın dialoq üzrə tərəfdaşı statusunu alacaq?
- Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Asiya regionunda önəmli regional təşkilatlardan biri hesab edilir və onun əsas məqsədlərindən biri regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsidir. Ölkəmizin ŞƏT ilə münasibətlərinə gəldikdə isə qeyd edilməlidir ki, artıq 9-10 iyul 2015-ci il tarixində ŞƏT-in Ufada keçirilən zirvə görüşündə Azərbaycana ŞƏT-də dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilmişdir. Ölkəmiz ilə ŞƏT arasında mövcud əməkdaşlıq sahələri isə 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası ilə ŞƏT arasında əməkdaşlıq istiqamətləri sırasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə və regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri yer alır. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təbliğ edilməsi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bununla yanaşı, Azərbaycanın trans-regional multimodal nəqliyyat qovşağı kimi təşviqi çərçivəsində ŞƏT daxilində mühüm yer tutan iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, ticarət və investisiya sahələrində əməkdaşlıq həmin təşkilatla qarşılıqlı fəaliyyət istiqaməti kimi müəyyən olunmuşdur.
ŞƏT çərçivəsində növbəti əməkdaşlıq pilləsi isə müşahidəçi statusudur və artıq ölkəmiz 2018-ci ildə bu statusun əldə edilməsi məqsədilə rəsmi şəkildə təşkilata müraciət etmişdir. Hazırda bu məsələyə ŞƏT daxilində baxılır və hesab edirik ki, ŞƏT ilə Azərbaycan Respublikası arasında mövcud fəal əməkdaşlıq sözügedən müşahidəçi statusunun verilməsindən sonra daha da inkişaf edəcəkdir.
- Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvlüyü dövründə quruma sədrliyi zamanı təşkilatın tarixində ilk dəfə olaraq BMT və İƏT arasında tərəfdaşlığın möhkəmləndirilməsi mövzusunda yüksək səviyyəli iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu dövrdə, həmçinin BMT TŞ üzvlərinin Afrikaya səfəri təşkil olundu. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan müxtəlif bölgələrdə yerləşən, müxtəlif təşkilatların üzvləri olan ölkələr arasında təmasların qurulması səyləri göstərəcəkmi?
- Əvvəlcə, bir daha Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyin üzərinə götürməsinin vacibliyini bir daha vurğulamaq istərdik. 25-26 oktyabr 2019-cu il tarixdə 159 nümayəndə heyətinin iştirakı ilə Bakıda keçirilən üzvlərinin sayına görə BMT-dən sonra ikinci qlobal siyasi platformanın XVIII Zirvə Görüşü, habelə onun nəticələrinə dair Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstəyin ifadə edilməsi daxil olmaqla, qəbul edilmiş sənədlər ölkəmizin dünya miqyasında nüfuzunun daha da artmasını əyani şəkildə nümayiş etdirdi. Bu baxımdan, 2011-ci ildə Hərəkata qoşulan Azərbaycanın səkkiz il sonra hazırkı dinamik şəraitdə aktual olan bir sədrlik gündəliyi təklif etməsi ilə sədr çeçilməsi faktı özü özündən bəhs edir. Belə ki, biz fundamental Bandung prinsiplərinin inkişaf etdirilməsi ruhuna uyğun, Hərəkatın beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsindəki fəaliyyətinə yeni bir təkan vermək və əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratmaq niyyətindəyik.
Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın beynəlxalq münasibətlər sistemində mövqeyini və nüfuzunu gücləndirmək məqsədi daşıyacaq. Qoşulmama Hərəkatının gücləndirilmiş mövqeyi onun üçün yeni əməkdaşlıq imkanları açacaq və beynəlxalq məsələlərə töhfə imkanlarını genişləndirəcək. Bu yöndə prioritet istiqamətlərdən biri digər regional və beynəlxalq təşkilatlarla dialoq mexanizmlərinin təsis edilməsi olacaq. Xüsusilə Afrika, Latın Amerikasi və Asiyada yerləşən ölkələrlə və təşkilatlarla əməkdaşlıq çərçivələrinin genişləndirilməsi sahəsində səylər göstəriləcək.
- Növbəti il üzrə Azərbaycanın xarici siyasət prioritetləri nədən ibarətdir? 2020-ci il ərzində diplomatik fəaliyyətimizin hansı istiqamətlərdə davam etdiriləcəyini və hansı sahələrə daha çox diqqət ayrılacağını qeyd etmək olar?
- Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarına uyğun olaraq dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilir və xarici siyasət prioritetlərimiz dəyişilməz olaraq qalır. Buraya ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpa edilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin davam etdirilməsi və daha da genişləndirilməsi, beynəlxalq münasibətlərdə fəal şəkildə iştirak etmək, beynəlxalq sülh və təhlükəsizliyə, inkişafa, tərəqqiyə töhfə verən təşəbbüslərdə iştirak etmək, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə təşviq edilməsi və digər məsələlər daxildir.
Hər bir prioritet istiqamətə uyğun olaraq il ərzində həyata keçiriləcək konkret tədbirlərə gəldikdə isə, burada ənənəvi şəkildə atılan addımlara əlavə olaraq, ölkəmizin dörd beynəlxalq / regional təşkilat çərçivəsində (Qoşulmama Hərəkatı, TRACECA, Türk Şurası, GUAM) gələn il ərzində sədrliyi vəzifələrindən irəli gələn məsələlərin həyata keçirilməsinə də diqqət ayrılacaq. Azərbaycanın maraqlarının diplomatik nümayəndəliklərimizin birbaşa iştirakı ilə ikitərəfli və çoxtərəfli müstəvilərdə fəal şəkildə təşviq olunmasına davam ediləcək.
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO