BAXCP Avropa mühafizəkarlarına və islahatçılarına müraciət ünvanladı
Bizi izləyin

Nida Xəbər

BAXCP Avropa mühafizəkarlarına və islahatçılarına müraciət ünvanladı

“Sizi Ermənistanın təcavüzkar siyasətini pisləməyə, işğalçı ölkəyə qarşı ciddi sanksiyalar tətbiq etmək üçün prinsipial mövqe sərgiləməyə çağırırıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev BAXCP-nin üzv olduğu Avropada İslahatçılar və Mühafizəkarlar Partiyasının (European Conservatives and Reformists (ECR) Party) Baş katibi Riçard Milsoma və ECRP-nin üzvü və tərəfdaşı olan 41 siyasi təşkilata müraciət göndərib.

Publika.az xəbər verir ki, müraciətdə deyilir:
“2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətindən ağır artelleriyanın dəstəyi ilə Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərmiş, nəticədə 4 Azərbaycan hərbçisi qətlə yetirilmiş, 5 nəfər isə yaralanmışdır. Onlardan 3-nün vəziyyəti ağır olaraq qalır. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hücuma keçdiyi ərazi Azərbaycanla Ermənistanın dövlət sərhədində yerləşir. Bu ərazinin Azərbaycanın işğal altında olan əraziləri, o cümlədən Dağlıq Qarabağ bölgəsi ilə coğrafi yaxınlığı yoxdur. Bu baxımdan, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində hərbi təxribat törətməkdə məqsədinin münaqişənin eskalasiyasına nail olmaq və üzv olduğu, Rusiyanın dominant rol oynadığı hərbi-siyasi bloku - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməkdən ibarət olduğu şübhə doğurmur. Ermənistan silahlı qüvvələrinin hücumundan dərhal sonra bu ölkənin xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi və bu təşkilatın fövqəladə toplantısının çağırılmasına cəhd, rəsmi Yerevanın hərbi təxribatının öncədən düşünüldüyünü sübuta yetirir.
Ermənistan silahlı qüvvələrinin hərbi hissələri Azərbaycanın dövlət sərhəddini pozmağa və yeni ərazilər ələ keçirməyə cəhd göstərdikləri zaman ağır texnika və artilleriyadan istifadə etməklə Azərbaycanın mülki əhalisini atəşə tutmuş, dinc sakinlərin evlərinə, təsərrüfatlarına ciddi ziyan vurmuşdur.
Qeyd edək ki, işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməyib və ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə münaqişənin tənzimlənməsi ilə bağlı aparılan danışıqları hər dəfə müxtəlif təxribat və bəhanələrlə pozmağa çalışır. Son hərbi təxribatı törətməkdə də Ermənistanın əsas məqsədi çoxdan məskunlaşdırmağa başladığı Azərbaycan ərazilərini işğaldan azad etməmək, sülh danışıqlarını pozmaqdan ibarətdir. Bu isə bölgədə yenidən dağıdıcı müharibənin alovlanmasına, daha böyük insan təlafatının və dağıntıların olmasına yol açacaqdır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Sizi Ermənistanın təcavüzkar siyasətini pisləməyə, işğalçı ölkəyə qarşı ciddi sanksiyalar tətbiq etmək üçün prinsipial mövqe sərgiləməyə çağırır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm