Çoxpartiyalı sistem cəmiyyətin demokratik inkişafında əhəmiyyətli rol oynayır
Bizi izləyin

Nida Xəbər

Çoxpartiyalı sistem cəmiyyətin demokratik inkişafında əhəmiyyətli rol oynayır

Xatirə Əliyeva,

Əməkdar jurnalist

Çoxpartiyalı sistem cəmiyyətin demokratik inkişafında əhəmiyyətli rol oynayır.

Çoxpartiyalı sistemin inkişafı üçün ən mühüm amillərdən biri kütləvi informasiya vasitələridir. Bəzən hətta geniş elektoral bazaya malik olmayan siyasi partiyalar belə kütləvi informasiya vasitələri ilə işi yaxşı qurduqda, keyfiyyətli təbliğat mezxanizmlərinə malik olduqda böyük uğurlara imza ata bilir. Bu da çoxpartiyalı sistemdə söz və mətbuat azadlığının nə qədər mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Nəzərə alsaq ki, mətbuat azadlığı demokratik siyasi sistemlərin əsas elementlərindən biri kimi qəbul olunur, o zaman tam əminliklə söyləmək mümkündür ki, çoxpartiyalı sistem yalnız demokratik siyasi sistemlərdə mövcud ola bilər.

Siyasi partiyalar mükəmməl təşkilatlanma modellərinə malik olmalı, insanlara münasibətdə mənəvi-əxlaqi dəyərləri üstün tutmalı, ictimai düşüncəni narahat edən məqamları ifadə etməyi bacarmalıdırlar. Partiyalar cəmiyyətdə baş verən dəyişikliklərə opretiv reaksiya verməli və onunla daima qarşılıqlı əlaqədə olmalıdırlar.

Partiyalar vətəndaşların tələb və arzularını yalnız dinləməli deyil, həm də onları reallaşdırmağı, yaxud reallaşdırılması üçün səy göstərməyi, hakimiyyət strukturlarının qəbul etdiyi qərarlarda öz tərəfdarlarının arzularının nəzərə alınmasını təmin etməyi öz üzərinə götürməklə ictimai maraqların ifadəçisi kimi çıxış edirlər. Partiyalar yalnız o zaman uğur qazana bilirlər ki, çoxluğun hakimiyyəti və məsuliyyət prinsiplərinə əsaslanan demokratik və plüralist bir sistem kimi inkişaf etsinlər. Onlar gənc və yeni peşə sahibləri üçün cəlbedici olmalı, insanların tələb və ehtiyaclarını nəzərə alan kadrlar hazırlamalı, habelə siyasi həyatda baş verən dəyişiklikləri müstəqil şəkildə qiymətləndirməyi və uyğun qərarlar qəbul etməyi bacarmalıdırlar.

Siyasi partiyalar vətəndaşların siyasi proseslərdə iştirakçılıq səviyyəsinin artmasında da mühüm rol oynayır. Vətəndaşlar dövlətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini və nəticələrini məhz siyasi partiyaların təqdimatı, izahı əsasında daha aydın dərk etmək imkanı əldə edir. Siyasi partiyalar vətəndaşlarla dövlət arasında daimi qarşılıqlı əlaqə yaradır və bu əlaqələrin ümumi maraqlar kontekstinə yönəlməsinə səy göstərir. Siyasi partiyaların sayının çoxluğu bu səylərin daha effektiv şəkildə qurulmasına imkan yaradır.

Çoxpartiyalı sistem insanların sosiallaşması prosesinə də müsbət təsir göstərir. Məlum olduğu kimi sosiallaşma insanların mövcud sosial normalar və mədəni dəyərlərlə inteqrasiyası, ünsiyyəti və uyğunlaşmasıdır. Siyasi sosiallaşma müəyyən edilmiş sosial bilgi, dəyər və normaların özününküləşdirilməsi, siyasi təcrübənin mənimsənilməsi və ötürülməsi, şəxsiyyətə cəmiyyətin siyasi həyatının tamhüquqlu üzvü olmaq imkanının əldə edilməsi, mürəkkəb ictimai proseslərə orientasiya olunması, siyasətdə şüurlu qərar qəbul etməkdir.

Eyni ideoloji xətti özü üçün daha məqbul hesab edən insanlar müəyyən sosial qruplarda birləşərək vahid qüvvəyə çevrilir. Bu zaman həmin qrupun təmsilçiləri daşıyıcısı olduğu ideologiyaya yeni əlavələr gətirir, yeni dəyərlər və ideyalarla onu zənginləşdirməyə çalışırlar. Müəyyən ideologiyanın daşıyıcısı olan sosial qruplar onun reallaşdırılması üçün birgə fəaliyyət göstərməyə çalışırlar.

Çoxpartiyalı sistemin demokratik inkişafı üçün zəruriliyini şərtləndirən amilləri səciyyələndirərkən bir mühüm amili də diqqətdən qaçırmaq olmaz ki, çoxpartiyalı sistem əslində özü demokratiyanın bir göstəricisidir. Çoxpartiyalı sistemin mövcudluğu o deməkdir ki, cəmiyyətdə alternativ fikirlər və bu fikirlərə maraq mövcuddur. Əlbəttə ki, biz çoxpartiyalı sistemin mövcudluğunu demokratiyanın mövcudluğuna dəlalət edən aksioma kimi qiymətləndirə bilmərik. Ən azı ona görə ki, demokratiyanın məhdudlaşdırıldığı avtoritar rejimlərin hökmranlıq etdiyi ölkələrdə belə müxtəlif yönümlü siyasi partiyaların fəaliyyət göstərməsi mümkündür. Lakin müxtəlif partiyaların mövcudluğu hələ çoxpartiyalı sistemin mövcudluğu demək deyildir.

Çoxpartiyalılıq siyasi sistemin fomalarından biridir, yəni çoxpartiyalılıq özünün ilkin və həqiqi mənasında bütöv bir sistem kimi başa düşülür. Başqa cür desək, əgər müxtəlif partiyaların mövcudluğu vahid bir sistemin ayrı-ayrı elementlərini təşkil etmirsə, onu soxpartiyalı sistem kimi xarakterizə etmək mümkün deyil. Çoxpartiyalı sistemlərdə avtoritar siyasi rejimlərdə olduğu kimi, müxtəlif partiyaların mövcudluğu hakimiyyətin ömrünün uzadılması və demokratik görüntünün yaradılması üçün vasitə kimi çıxış etmir, əksinə müxtəlif siyasi cərəyan və ideyalar arasında ümumi bir harmoniya, qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradır, cəmiyyətin ümumi mənafelərindən irəli gələn tələbatlar sistemini müəyyən edir.

Məlum olduğu kimi, cəmiyyətin siyasi sistemi siyasi hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısını, iqtisadi quruluşla qəraşılıqlı əlaqələrini birləşdirir; hakimiyyətin həyata keçirdiyi siyasi münasibətlərin tənzim edildiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyət təsisatlarının fəaliyyət prinsipləri, normaları və bu fəaliyyətin növlərini müəyyən edir.

Bu sistemdə insanların fərdi hüquq və azadlıqlarının qorunmasının daha mükəmməl mexanizmlərinin yaradılması siyasi partiyaların üzərinə düşən əsas vəzifələrdən biridir. Çoxpartiyalı sistemdə bu cür mexanizmlərin yaradılması üçün daha əlverişli şərait mövcud olur.

Çoxpartiyalı sistem demokratik cəmiyyətin mühüm şərtidir. Demokratiya isə hər bir cəmiyyətdə davamlı sabitlik və inkişaf üçün ən əlverişli şəraiti yarada bilən bir siyasi münasibətlər sistemi kimi başa düşülür. Bununla yanaşı, demokratiya həm də beynəlxalq sülhün əsas qarantlarından biri kimi çıxış edir.

Çoxpartiyalı sistem cəmiyyətdə siyasi şüur səviyyəsinin yüksəlməsinə də mühüm təsir göstərir. Geniş xalq kütlələrinin təşkilatlanma dərəcəsinin və siyasi şüurun artması cəmiyyətin siyasi sisteminin dəyişməsinin vacib qanunauyğunluğudur. İctimai inkişafda kütlələrin rolunun artması əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Məhz bu kontekstdən yanaşdıqda partiyaların cəmiyyətin həyatında oynadığı rol olduqca mühümdür.

Nəzərə alınması vacib məqamlardan biri də bundan ibarətdir ki, çoxpartiyalı sistemin xarakteri də cəmiyyətin siyasi şüur səviyyəsindən də əhəmiyyətli dərəcədə asılıdır. Çoxpartiyalı sistemin mövcud olduğu cəmiyyətin daxili xarakteri, ictimai münasibətlər sisteminin mahiyyəti onun (yəni çoxpartiyalı sistemin) formalaşması prosesinə təsir göstərir, partiyalar arasında münasibətlərin forma və məzmununu dəyişdirir.

(Ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm