XİN bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

XİN bəyanat yaydı

Azərbaycanın Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.

XİN-dən Publika.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.

Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.

Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.

Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm