Nida Xəbər
Boşanmaların qarşısını alan qanun: Mübahisəni məhkəməsiz həll etmək üçün...
Artıq 4 ilə yaxındır ki, ölkəmizdə məhkəmə-hüquq sistemində islahatlar çərçivəsində yeni institut – mediasiya institutu fəaliyyətə başlayıb. Mediasiya, tərəflərə öz aralarında razılaşmağa imkan verən bir institutdur. Əsas məqsəd və mahiyyət də tərəflərin öz aralarında razılaşmasına şərait yaratmaqdır.
Bəs boşanma zamanı mediatorun iştirakı ilə tərəflər arasında daha çox hansı məsələlərdə razılaşma əldə edilir? Tərəflər hansı məsələlərdə uzlaşmaya getmirlər?
Publika.az hazırda mediasiya institutunun nə qədər effektiv olduğunu və boşanma sayına necə təsir göstərdiyini araşdırıb.
"50 faiz işdə zorakılıq və xəyanət halları olur"
Mediator, hüquqşünas Fərhad Mehdiyev bildirib ki, işlərin yarısında irəliləyişə nail olmaq çətin olsa da, 50 faiz boşanma işində tərəflərin bütün tələbləri olmasa da, bəzi tələbləri arasında razılıq əldə etmək olur.
Hüquqşünasın sözlərinə görə, ən rahat razılığa gəlinən məsələlər boşanmaya razılıq, uşaqla ünsiyyət, cehiz məsələləridir, orta çətinlikdə olanlar aliment məbləği, daha çətin olanlar isə əmlak bölgüsüdür:
“Boşanmada daha çox aliment, uşaqların qəyyumluq məsələsi, çox vaxt da əmlak bölgüsü məsələsi ortaya çıxır. İşlərin çoxu da boşanmaqla nəticələnir. Yəni birdəfəlik barışma olmur. Təxminən 50 faiz işdə zorakılıq və xəyanət halları olur. Belə olan halda, barışığın əldə olunması üçün edilən cəhdlər də uğursuz olur. Digərlərində xasiyyət uyğunsuzluğu, maddi problemlər, sosial sıxıntılar var. Bu zaman tərəfləri barışdırmaq şansı daha çoxdur. Bu, ən yaxşı ehtimalla, 10 faiz müsbət nəticələnir, 90 faizində tərəflər boşanmanı seçirlər, lakin "razılaşmalı boşanma" əldə etmək olur. Tərəflər daha çox alimentlə, uşaqların qəyyumluğu ilə bağlı məsələlərdə uzlaşmaya gedir. Mediasiya prosesində bu kimi hallar çox uğurla həll olunur. Eyni zamanda uşağın bağçadan və ya məktəbdən götürülməsi kimi məsələlərdə də mediasiya zamanı razılıq əldə olunur”.
"Əmlak məsələsində uzlaşmaya getmirlər"
F.Mehdiyev qeyd edib ki, tərəflər arasında uçurum o qədər dərin olur ki, onlar, bəzən uzlaşmaya getmirlər. Onun sözlərinə görə, əmlakla bağlı çox vaxt razılıq əldə etmək olmur və iş məhkəməyə gedir:
“Əmlak bölgüsündə tərəflər ortaq övladların maraqlarından çıxış etmir. Belə ki, evin satılması məsələsi olanda, ev, adətən bazar qiymətindən ucuza satılır, tərəflər pulu xərcləyir və ya ipoteka ilə ev alırlar ki, bu da uşağın maraqlarını pozur. Halbuki əmlak bölgüsü məsələsində alimentin müəyyən məbləği qarşılığında kişinin evdən imtina etməsi (ağlabatan nisbətdə), uşaqların maraqları üçün daha uyğun addım kimi götürülə bilər. Başqa həll yolları da mümkündür, məsələn əmlakın uşağın adına keçirilməsi kimi. Əslində, tərəflərin əmlakla bağlı adekvat gözləntiləri olmur”.
"Əgər şəxs daha çox miqdarda aliment ödəmək istəyirsə..."
Mediator bəzən aliment məsələsində də çətinliklərin yarandığını söyləyib: “Aliment, tərəfin rəsmi gəlirinə uyğun hesablanır. Qarşı tərəf isə iddia edir ki, aliment ödəyənin qeyri-rəsmi gəlirləri də var və yüksək məbləğ istəyir. Yaxud da qanunda olan minimum standartı nəzərdə tutmur. Tutaq ki, iki uşağı olan şəxs 750 manat maaş alır. Qanunla nəzərdə tutulan aliment gəlirinin üçdə biri qədərdir. Qarşı tərəf bu məbləğin az olduğunu söyləyir. Ali Məcəllənin 178-ci maddəsinə görə, aliment sabit məbləğdə təyin olunur, bu isə 750 manat maaş alan şəxs üçün toplamda 386 manat edəcək. Bəziləri bunun da az olduğunu deyir və daha çox tələb edirlər. Mediasiyada tərəfin, məhkəmədə ala biləcəyindən daha çox istəməsi doğru deyil. Çünki qarşı tərəf də bununla razılaşmaz. Yox, əgər şəxs daha çox miqdarda aliment ödəmək istəyirsə, mediator olaraq biz buna qarışmırıq”.
Uğurlu məqam...
Hüquqşünas hesab edir ki, mediasiyada uğurlu məqamlardan biri də, işə iki nəfərin baxmasıdır: “Kişi mediator olanda, bəzi qadınlar fikirləşir ki, onlar onu anlaya bilməzlər. Amma həm qadın, həm də kişi mediatorun olması uğurludur. Əslində, qadın və ya kişinin mediator olması heç nəyi dəyişdirmir, hamısı kifayət qədər peşəkardırlar. Ancaq vətəndaş bunu qəbul etmir. 9 saylı təşkilatda biz, bir çox ailə məsələlərinə bir qadın, bir kişi olmaqla, iki nəfər baxırıq və bunun müsbət töhfəsini də görə bilirik”.
Vəkil Valeh Mehralıyev qanunun effektiv olduğunu və boşanma prosesində müsbət dinamikanın hiss olunduğunu deyib.
“Mediasiya, əslində əvvəllər ailə daxilində ağsaqqalların barışdırmaq cəhdlərinin hüquqi şəkilə salınmış formasıdır. Artıq məsələni ailədəki böyüklər deyil, mediatorlar həll edir. Mediasiya institutu fəaliyyətə başlamazdan öncə Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq, məhkəmədə hakimlər tərəflərə birinci növbədə barışıq təklif edirdilər. Mediasiyanın bir sıra üstün cəhətləri var. Məsələn, cütlük ayrılmağa qərar verirsə, bununla bağlı bir neçə icraat aparılır. Nikahın pozulması, aliment, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi məsələsi ortaya qoyulur. Buna görə də, artıq insanlar mediasiya prosesində daha çox əmlak məsələləri və alimentlə bağlı razılığa gəlirlər və sadəcə nikahın pozulması üçün iş məhkəməyə gedir. Bu isə insanların büdcəsinə müsbət təsir göstərir. Çünki bir neçə icraat gedəndə onlar vəkillə müqavilə bağlayıb həmin işlərin aparılması üçün vəsait sərf edirdilər. Amma artıq, sadəcə nikahın pozulması üçün iş aparılır”.
"Hələ də bəzi insanlar mediasiyanın nə olduğunu bilmir"
Vəkil vurğulayıb ki, mediasiya Azərbaycanda aktuallaşmağa doğru gedir, lakin hələ də bəzi insanlar bu ifadənin nə olduğunu bilmirlər: “Bir vəkil kimi insanlara deyirik ki, məhkəmədən əvvəl mediasiyadan keçmək lazımdır. Təcrübəmə görə deyə bilərəm ki, təxminən 40 faiz insan mediasiyanın nə olduğunu bilmir. Biz mediasiyanın nə olduğunu izah edirik, necə həyata keçirilir və s. məlumatları veririk. Bu təcrübə təsdiq olunduqca, insanlar nəticə əldə etdikcə, mediasiya məhkəmədən əvvəlki prosesdə və məhkəmə çəkişməsində müsbət rol oynayacaq”.
Tərəflər daha çox hansı məsələlərdə uzlaşmaya getmirlər?
Valeh Mehralıyev bunun individual məsələ olduğunu söyləyib. Onun sözlərinə görə, insanların hər birinin ailə şəraiti və strukturu fərqli olduğu üçün ayrılma prosesi zamanı da fərqli yanaşmalar olur:
“Ola bilsin, bir insanın nikahı pozulan zaman birgə nikah dövründə əldə edilmiş 10 əmlakı var, digərinin heç əmlakı yoxdur. Bəzən mediasiya prosesində cütlüklər barışırlar və iş məhkəməyə getmir. Bu, çox aşağı faiz təşkil edir. Misal üçün, məhkəmənin qərarı ilə uşaqlar yetkinlik yaşına çatmayıbsa, anaya verilir. Onsuz da məhkəmə qaydası ilə uşaqla görüş izni alınacaq, məhkəmə çəkişməsi isə əlavə xərcdir. Onlar həftənin hansısa günlərində görüşlə bağlı mediatorun qarşısında razılığa gəlirlər. Razılaşma əldə edilməyən məsələlər - aliment, əmlak və uşağı ölkə xaricinə çıxararkən digər tərəfin notarial qaydada təsdiq olunmuş etibarnaməsinin alınması məsələləridir. Çünki bir tərəf bunu vermədikdə, digər tərəfin məhkəməyə getmək məcburiyyəti yaranır. Yəni digər mübahisələrdə olduğu kimi, elə məsələlər var ki, razılıq əldə olunur, eləsi də var ki, tərəflər uzlaşmaya getmir”.
Qeyd edək ki, 2019-cu il martın 29-da “Mediasiya haqqında” qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minib. Sözügedən qanuna dəyişiklik Milli Məclisin 2021-ci ilin iyulun 9-da keçirilən növbədənkənar iclasında qəbul edilib.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO