Nida Xəbər
Tehran aeroportuna enən Fransa təyyarəsindəki sirli adam - 45 il öncəki olayın gizlinləri
İranın Qafandakı baş konsulu Morteza Abedin Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə qarşı dolayı eyhamlar vurub. Diplomat Ermənistanın News.am saytına müsahibəsində deyib ki, İran Qafanda konsulluq açdıqdan sonra sakinlər özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Bununla diplomat sətiraltı bildirmək istəyir ki, İran Azərbaycana qarşı Ermənistanın təhlükəsizliyinə zəmanət verir.
Publika.az xəbər verir ki, diqqətçəkən digər bir məqam isə Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransanın Ermənistana hərbi texnika göndərməsini şərh edərkən, “İran Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşır” açıqlamasıdır.
Maraqlıdır, “bölgəyə aidiyyəti olmayan ölkələr Cənubi Qafqaza müdaxilə etməsinlər” tələbini irəli sürən İran rəsmilərinin, din xadimlərinin, diplomatlarının, generallarının həqiqətənmi İrəvana deyəcəkləri sözü yoxdur? İran Fransa ilə əks qütbdə ola-ola niyə bu məsələdə ortaq hərəkət edir?
Mövzunu Globalinfo.az-a dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib ki, İranın Qafandakı baş konsulunun ölkəsinin Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşdığını bəyan etməsində təəccüblü heç nə yoxdur:
“İranla Fransa uzun illərdir ki, bölgədə Türkiyə və Rusiyanın təsir imkanlarını minimuma endirmək üçün sinxron hərəkət edirlər. Paris birbaşa olmasa da, dolayı yolla Tehranın, bütövlükdə Qərbi Asiyadakı mövqelərinin, müəyyən zaman kəsiyi üçün siyasi baxımdan möhkəmləndirilməsində maraqlıdır.
Fransanın İran rejimi ilə müvəqqəti də olsa işbirliyinə getməsini müəyyənləşdirmək üçün qənaətimə görə, 1979-cu ilə ekskursiya etməyə, Tehranın Mehrabad hava limanına enən “Frans Air”ə məxsus təyyarənin göyərtəsindəki şəxsin kimliyinə diqqət çəkməyə ehtiyac yoxdur. Bunun üçün Emmanuel Makronun ötən il keçirilən Münhen Təhlükəsizlik Konfranda səsləndirdiyi fikirlərə nəzər salmaq yetərlidir.
1979. İran, Mehrabad hava limanı
Makron sözügedən konfransdakı çıxışında bəyan etmişdi ki, o, İranda rejim dəyişikliyinə qətiyyən inanmır: “Bir çoxlarının rejimi dəyişmək istədiyini eşidəndə onlardan soruşuram: Kiminlə? Sırada kimdir? Sizin lideriniz kimdir? Tarixən başqa ölkələrdə rejim dəyişikliyi münaqişələri həll edə bilməyib və tamamilə uğursuzluqla nəticələnib”.
Təsəvvür edirsiniz, bu sözləri bir sıra ərəb ölkələrini cəhənnəmə çevirən, Liviyanı hakimiyyət dəyişikliyi üçün xaosa sürükləyən bir dövlətin başçısı deyir”.
Politoloq deyib ki, Fransanın İrana “xüsusi” münasibətini əks etdirən başqa bir amil, Fransanın Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsi, müharibənin dayandırılması üçün 2022-ci ilin payızında Tehranın vasitəçiliyini irəli sürməsi faktıdır:
“Həmin dövrdə Makron bəyan etmişdi ki, İran Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçilik etsə, Avropa bazarı İran neftinə açıq ola bilər. Şübhəsiz ki, Fransanın İrana münasibətdə hazırda sərgilədiyi davranışlar ilk növbədə Türkiyənin regiona təsir imkanlarının azaldılmasına və Türk Dövlətləri Təşkilatının təşkilatlanaraq vahid hərbi-siyasi ittifaqa çevrilməsinin, həmçinin TDT-nin Qərbi və Mərkəzi Asiyada əsas güc mərkəzinə çevrilməsinin qarşısının alınmasına xidmət edir.
Ermənistanla İran arasındakı mövcud münasibətlərin, Fransa-Ermənistan-İran “geosiyasi sevgi üçbucağı”nın təməlində də türk düşmənçiliyi dayanır. Amma bu daimi strategiya deyil.
Rəsmi Tehran belə hesab edir ki, ABŞ, Fransa və bəzi Qərb ölkələri bir sıra ərəb ölkələrindəki, xüsusilə də İrana münasibətdə sərt xətt tərəfdarı olan rejimləri “təmizləyərək” bu ərazilərdə İranın proksilərinə yol açdıqları kimi, eyni davranışı Cənubi Qafqazda da sərgiləyəcəklər. Amma unudur ki, Cənubi Qafqazdakı, bütövlükdə Qərbi və Mərkəzi Asiyadakı reallıqlarla Aralıq dənizi hövzəsindəki mənzərənin arasında heç bir bənzərlik yoxdur. İranın Cənubi Qafqazdakı hissələrinə göz yumulması isə həm region dövlətləri, həm də Qərb ölkələri üçün müvəqqəti xarakter daşıyır və Rusiyanın bölgədən sıxışdırılmasından sonra başa çatacaq. Ermənistanın yeni müharibəyə sövq edilməsi isə sadəcə bu ölkə üçün həzin sonluqla nəticələnməyəcək, İranın da ən yaxşı halda destabilləşməsinə yol açacaq.
Nəticədə İran öz sərhədləri daxilində, ən azı üç istiqamət üzrə rejimin cavab verə bilməyəcəyi təhdidlərlə qarşı-qarşıya qalacaq. Bəlli olduğu kimi, Tehran rejimi və onun bəzi təmsilçiləri gurultulu bəyanatlarla, poetik siyasi açıqlamalarla, mübaliğəli deyimlərlə çıxış etməyi çox xoşlayırlar. Yəqin ki, ölkəmizdə də məsxərə obyektinə çevrilən “şirin quyruğu” ilə bağlı metaforik açıqlamanı çoxları xatırlayır. Mən siyasi təhlil və açıqlamalarda zooloji terminlərə müraciət etməkdən çox uzağam. Amma indi İran oynayır”.
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?