İdman
İki düşmən ölkə böyük futbol turnirini birgə keçirəcək: Necə baş verdi?

Serbiya və Albaniya birgə böyük futbol layihəsi üzərində işləyir. Onlar birlikdə beynəlxalq turnir qəbul edəcəklər.
Bu, normal halda adi informasiya olmalı idi. Lakin Serbiya və Albaniyanın adlarının birgə hallanması vəziyyəti dəyişir. Bir-biriləri ilə düşmənçilik edən ölkələrin bir araya gəlməsi çox qəribə hadisədir. Çünki Kosovo hadisələrinə görə albanlarla serblər arasında düşmənçilik var və bu, uzun illərdir davam edir.
Hətta bu yığmalar arasında matçlar olduqca prinsipial keçir və hər dəfə qalmaqallı hadisələr baş verir. Albaniyanın ötən həftə səfərdə Serbiyanı məğlub etməsindən sonra (1:0) Draqan Stoykoviç 4 ildən çox çalışdığı vəzifədən istefa vermiş və xalqdan yenilgiyə görə üzr isətmişdi.
Belə bir vəziyyətdə bu ölkələrin 2027-ci ildə keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatını qəbul etməyə hazırlaşması insanlarda sual doğurur: Bu necə baş verdi?
Albaniya daha əvvəl 2022-ci ildə Konfrans Liqasının finalını, 2025-ci ildə isə 8 komandanın iştirak etdiyi U-17 Avropa çempionatını qəbul etmişdi. Bunlardan sonra ölkə daha böyük və populyar turnir keçirməyi hədəflədi. Albaniya Futbol Federasiyası U-21-lərin Avropa çempionatını təkbaşına keçirmək istəyirdi, lakin ölkədəki stadionların sayı buna imkan vermirdi.
Qurumun prezidenti Armand Duka bu məsələ ilə bağlı Kosovo və Şimali Makedoniya ilə danışıqlar aparsa da, həmin ölkələr buna razı olmadı. Beləliklə, Serbiya variantı ortaya çıxdı. “Biz Serbiya Futbol Federasiyası ilə əməkdaşlıq edirik, Serbiya dövləti, polisi və ya başqa qurumlarla yox. Tarixi amnistiya etmirik. Futbolu siyasətə qatmaq düzgün deyil”, - deyə Duka bildirib. O, bu əməkdaşlığın əsas səbəbini Albaniyada infrastruktur çatışmazlığı ilə izah edib.
Lakin azarkeşlər bu qərarı kəskin şəkildə etirazla qarşılayıblar. Bəzi fanatlar federasiyanın ofisini boyayla örtüb və qapılara serblərlə albanlar arasındakı müharibələrin qurbanlarının şəkillərini yapışdırıblar. Albaniya millisinin rekordçusu, keçmiş futbolçu Lorik Kana da bu qərara qarşı çıxıb: “Duka kimlərlə işlədiyini anlamır. Mən bu qərarla razı deyiləm və serblərin səmimiyyətinə şübhə ilə yanaşıram. Bu, birgə layihə üçün ən uyğun vaxt deyil”.
Turnirin açılışının Tiranada, finalın isə Belqradda keçirilməsi planlaşdırılıb. 2024-cü ilin mayında Albaniya və Serbiya birgə ərizə təqdim ediblər və sentyabrda məlum olub ki, onlar yeganə namizəddirlər. Buna səbəb isə Belçika və Türkiyənin müraciətlərini geri çəkmələri olub.
UEFA-nın İcraiyyə Komitəsi qərarı dekabrda təsdiqləməli idi, lakin təhlükəsizlik zəmanətlərinə görə bunu 2025-ci ilin fevralına qədər təxirə saldı. Vaxt-vədə yetəndə Albaniya və Serbiyaya turnirə ev sahibliyi hüququ verildi.
16 yığmanın iştirak edəcəyi çempionat “Novi-Sad”da açılacaq, final isə Tiranada keçiriləcək. Turnirdə ümumilikdə 8 stadiondan istifadə olunacaq. Hər iki ölkədə dörd stadionla təmsil olunacaq.
Sonuncu U-21 Avropa çempionatı bu ilin iyununda Slovakiyada baş tutmuşdu. Turnirdə 16 komanda iştirak etmiş, İngiltərə finalda Almaniyanı 3:2 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə qızıl medal qazanmışdı.
Heybət Məmmədov
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir
-
Magazin109:48
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi: Efirdəki bu sözünə görə
-
Nida Xəbər 09:24
Ramiz Mehdiyevin biznes imperiyası: Görün nələri var
-
Dünya09:00
Pakistan-Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı