Nida Xəbər
Gürcüstan seçkiləri: sülh və inkişaf seçildi
Gürcüstanda keçirilən parlament seçkiləri bu ölkənin gələcəyi üçün həlledici anlardan biri oldu. Seçim yalnız daxili siyasi qüvvələrin deyil, həm də regional və qlobal qüvvələrin qarşı-qarşıya gəldiyi bir mərhələ idi. Gürcü xalqının öz iradəsini ortaya qoyduğu bu seçkilər, bölgədəki sülh və sabitlik üçün vacib bir addım olmaqla yanaşı, Qərbin Gürcüstana və geniş anlamda Cənubi Qafqaza olan təsirini yenidən qiymətləndirməsinə səbəb oldu.
Parlament seçkiləri əsnasında baş verən hadisələr Gürcüstanın daxili siyasi balansının necə dəyişəcəyini və ölkədə potensial etiraz dalğalarının yaranma ehtimalını göstərdi. Gürcüstanın siyasi səhnəsi və bu seçkilər ətrafında baş verən hadisələr, regionun gələcəyi ilə bağlı ciddi suallar doğurur.
Gürcüstan prezidenti Salome Zurabişvili seçki günü gərginliklərin qarşısını almağa çalışdığını iddia etsə də, əməlləri onun dediklərini tam əksini göstərdi.
Baş nazir İrakli Kobaxidze prezidentin bu sahədə heç bir səlahiyyəti olmadığını açıq şəkildə bildirdi. Bununla belə, seçkilərdən əvvəl xüsusi təhlükəsizlik tədbirləri görüldü və paytaxtda polis qüvvələri gücləndirildi.
Bu seçkilərdə jurnalistlərin iştirakı xüsusilə nəzərə çarpırdı. Lakin bununla yanaşı təşkilati məsələlərdə ciddi problemlər də özünü göstərdi. Gürcüstanın qeyri-rəsmi lideri, "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili səs verməyə gələndə yaşanan izdiham, onun çıxışını müşayiət edən jurnalistlər arasında yaranan həddindən artıq maraq və sıxlıq, seçki prosesinin nə dərəcədə hərarətli olduğunu göstərirdi.
Seçkilərdə elektron səsvermə sisteminin tətbiqi kimi texnoloji yeniliklər də diqqəti çəkdi. Bu sistem saxtakarlığın qarşısını almaq məqsədi daşısa da, prosesin gedişi və nəticələri ilə bağlı ciddi suallar yaranmağa başladı. Bu isə təkcə daxili deyil, həm də xarici siyasət müstəvisində Gürcüstanın qarşılaşdığı problemlərlə bağlıdır.
Seçkilərin xarici müstəvisinə gəldikdə isə, bu il Gürcüstanın Qərblə olan münasibətlərində böyük gərginliklər müşahidə olundu. Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə əlaqələri hakim partiyanın qəbul etdiyi "Xarici təsirin şəffaflığı" haqqında qanun səbəbindən ciddi şəkildə pozuldu. Bu qanuna əsasən, əgər hər hansı bir QHT və ya KİV öz gəlirlərinin 20%-dən çoxunu xaricdən alırsa, onlar "xarici agent" kimi tanınacaqlar. Gürcüstan prezidenti Salome Zurabişvili, bu qanuna veto qoymağa çalışsa da, partiyanın qərarı onun səylərini boşa çıxardı. Qərb bu qanunu avrointeqrasiya yolunda əngəl kimi gördü və Avropa İttifaqı Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları dayandırdı.
Hakim partiya bu addımları Gürcüstanın maraqlarına uyğun hesab edir və Qərb dövlətlərinin ölkəni Rusiyaya qarşı ikinci cəbhəyə çevirmək istədiklərini bildirir. Gürcüstanın Rusiyadan iqtisadi asılılığı bu ölkənin xarici siyasətində balansın saxlanılmasının əsas səbəblərindən biridir. İqtisadi sahədə Rusiyanın təsirini nəzərə almadan, Gürcüstanın ciddi iqtisadi çətinliklərlə üzləşə biləcəyi barədə hakim partiya dəfələrlə xəbərdarlıq edib. Müxalifət isə bu qanunun qəbulunun ölkənin avrointeqrasiya prosesinə böyük zərbə vuracağını və Gürcüstanın Qərbdən uzaqlaşmasına gətirib çıxaracağını iddia edir.
"Gürcü Arzusu"nun tərəfdarları seçkilərdə qalib gəldikləri təqdirdə ölkədə sabitliyin qorunacağını və müharibə riskinin olmayacağını vəd edirdilər. Bununla belə, müxalifət partiyaları, xüsusilə Qərbpərəst qüvvələr, Gürcüstanın bu seçkilərdə Avropa ilə Rusiya arasında seçim etməli olduğunu bildirirdilər. Seçkilərin nəticələri ölkədə böyük bir siyasi böhranın başlanğıcı ola bilər, çünki müxalifət artıq hakim partiyanın seçki nəticələrini saxtalaşdıracağını iddia edir.
Müxalifət liderlərinin və onların Qərbdəki tərəfdarlarının Gürcüstanda yeni bir inqilab cəhdinə hazırlıq gördüyü ehtimalları da mövcuddur. Bu narahatlıqlar, xüsusilə Avropa İttifaqının və ABŞ-ın Gürcüstandakı seçkilərə diqqətini artırması ilə bağlıdır. Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell seçkiləri Gürcüstan üçün demokratik gələcəyin sınağı kimi dəyərləndirib və Qərbin Gürcüstanın daxili siyasətində böyük rol oynadığını bir daha vurğulayıb. ABŞ tərəfdən isə, Gürcüstanın siyasi həyatına müdaxilə cəhdləri barədə məlumatlar yayılır, xüsusən də Dövlət Departamentinin Gürcüstan seçkilərinə təsir etmək üçün yeni metodlar axtardığı bildirilir.
Bütün bunlar göstərir ki, Gürcüstanın siyasi gələcəyi qeyri-müəyyəndir və ölkə həm daxili, həm də xarici təzyiqlərlə üzləşir. Seçkilərin nəticələri Gürcüstanın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək: sabitlik və ya yenidən gərginlik və inqilabi proseslər. Gürcüstanın siyasi elitası və onun xarici müttəfiqləri arasında yaranan fikir ayrılıqları, ölkənin gələcəyinə dair ciddi narahatlıqlar doğurur. Gürcüstanın daxili sabitliyi, seçkilərin nəticələrinin nə qədər qəbul olunacağından və xarici təsirlərin necə dəyərləndiriləcəyindən asılı olacaq.
Bu arada MDB-nin baş katibi Sergey Lebedev bəyan edib ki, Gürcüstanda keçirilən seçkilərin nəticələri seçicilərin müstəqil kursun və qonşularla əməkdaşlığın əhəmiyyətini başa düşdüyünü göstərir.
"Nəticə özü-özünə aydın olur, bu, məntiqlidir: insanlar Gürcüstan xalqı üçün müstəqil kursun qorunmasının vacibliyini anlayırlar, bu kurs isə xalqın maraqlarına cavab verir," — deyə o vurğulayıb.
O əlavə edib ki, qonşular və Cənubi Qafqaz regionu, eləcə də Rusiya ilə əməkdaşlığın Gürcüstan xalqının maraqlarına cavab verdiyinə heç bir şübhə ola bilməz.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bəyan edib ki, Gürcüstan vətəndaşları xarici müdaxilə cəhdlərinə baxmayaraq, keçirilmiş parlament seçkilərində öz iradələrini açıq şəkildə ifadə ediblər. O, Macarıstanın, həm Avropa İttifaqına sədrliyi müddətində, həm də ondan sonra Gürcüstanın Avropa inteqrasiyasını dəstəkləməyə davam edəcəyini vurğulayıb.
“Xarici müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan xalqı nə istədiyini açıq şəkildə göstərdi. Ailəni dəstəkləyən və vətənpərvər olan hakim partiya seçkilərdə böyük üstünlüklə qalib gəldi. Bravo, təbrik edirik!” — cənab Siyyarto sosial şəbəkədə yazıb.
Gürcüstanda "Dəyişikliklər uğrunda Koalisiya" və Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası parlament seçkilərinin rəsmi nəticələrini tanımaqdan imtina etdi. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, milyarder Bidzina İvanişvilinin 2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu" partiyası qalib gəlib. Müxalifət etiraz aksiyaları keçirməyi planlaşdırır.
"Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nika Qvaramiya öz brifinqində bildirib ki, "seçkilər oğurlanıb. Hakimiyyət zəbt edilib. Bu, konstitusiya çevrilişidir" (Rusiya 2 telekanalına əsasən sitat). Onun partiyası 27 oktyabr tarixindən etibarən küçə etirazlarına başlamağı planlaşdırır.
"Vahid Milli Hərəkat"ın rəhbəri Tinatin Bokuçava da brifinqində seçkilərin "oğurlandığını" bəyan edib. Onun partiyası səsvermənin rəsmi nəticələrini tanımaq niyyətində deyil.
Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, "Gürcü Arzusu" partiyası elektron qutulardan istifadə edilən seçki məntəqələrinin protokollarının (74% seçki məntəqəsində quraşdırılıb, əl ilə yenidən sayılacaq) sayılması nəticəsində təxminən 53% səs qazanır. Beş faizlik baryeri keçən dörd müxalifət partiyası isə ümumilikdə 38%-dən çox səs alıb. İkinci yerdə "Dəyişikliklər uğrunda Koalisiya" (11,2%), üçüncü yerdə "Vahid Milli Hərəkat" (9,83%), dördüncü yerdə "Güclü Gürcüstan" (9,02%), beşinci yerdə isə "Gaxaria Gürcüstan üçün" (8,22%) qərarlaşıb. Seçici fəallığı 58,94% təşkil edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz çıxışında vurğuladı ki, seçkilər ölkənin gələcəyi üçün misilsiz bir əhəmiyyət daşıyır. O qeyd etdi ki, bu seçkilər "xalqın Avropa gələcəyinə inamını, sülh və inkişaf istəyini nümayiş etdirdi". Onun sözlərinə görə, Gürcüstan xalqı ən doğru yolu seçdi və nəticələr hakim partiyanın ölkəni idarə etməkdə davam edəcəyini təsdiqlədi. Baş nazir bu seçkiləri hətta bir növ "referendum" kimi dəyərləndirdi və bu çağırışın xalq tərəfindən böyük həssaslıqla qarşılandığını, nəticədə seçici iştirakının misli görünməmiş səviyyəyə çatdığını qeyd etdi.
Seçkilərdən sonra hökumətin işinə normal rejimdə davam edəcəyini bildirən Kobaxidze, həmçinin, müxalifətin seçkilərdəki uğursuzluğunu bəhanələrlə əsaslandırmaq cəhdlərini tənqid etdi. O, müxalifətin seçkilərin nəticələrini tanımamaq istəyinin yalnız özlərini müdafiə etmək üçün "ümidsiz bir cəhd" olduğunu bildirdi. Kobaxidze qeyd etdi ki, bu cür cəhdlər Gürcüstanda konstitusiya quruluşuna ziddir və hər hansı bir şəkildə qəbul edilməzdir. Bu cür vəziyyətlərdə hökumətin və parlamentin davamlılığı, ölkənin sabitliyi üçün həyati əhəmiyyət daşıyır.
Seçkilər təkcə Gürcüstan vətəndaşlarının iradəsini göstərməklə kifayətlənmədi, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların da bu prosesdə mühüm və həlledici rol oynadığını sübut etdi. Gürcüstanda yaşayan 300 minə yaxın azərbaycanlı bu seçkilərdə sülhün və ənənəvi dəyərlərin müdafiəçisi kimi çıxış etdi. Onlar hakim partiyanı dəstəkləməklə, bölgədə sabitlik və inkişaf üçün ən doğru yolu seçdiklərini nümayiş etdirdilər. Azərbaycanlı seçicilər Gürcüstanın siyasi arenasında mühüm rola sahib olmaqla yanaşı, onların verdiyi səslər seçkilərin nəticəsinə təsir göstərən əsas amillərdən biri oldu. Azərbaycanlıların dəstəyi, hakim partiyanın ümumi səslərinin təxminən 7-8 faizini təşkil edərək, bu etnik qrupun seçkilərdə nə qədər vacib olduğunu bir daha təsdiqlədi.
Gürcüstanın seçkiləri həm də Qərbin bölgədə yürütdüyü siyasətə ciddi bir zərbə oldu. Qərbin Gürcüstanı parçalamaq, bu regionda yeni bir münaqişə ocağı yaratmaq cəhdləri məhz bu seçkilərlə qarşısı alındı. Azərbaycanlı seçicilər, digər Gürcüstan vətəndaşları kimi, Qərbin bölgəni xaosa sürükləmək istəklərinə qarşı çıxdılar. Bu proses həmçinin Azərbaycanın və Gürcüstanın Ermənistanın regionda həyata keçirdiyi siyasətə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi. Əgər seçkilərin nəticələri fərqli olsaydı, bu, Gürcüstanın Qərbin təsiri altına düşməsi və regionda ikinci bir cəbhə açılması ilə nəticələnə bilərdi. Lakin Gürcü xalqının, xüsusən də azərbaycanlıların bu cür cəhdlərə qarşı dirənişi, Qərbin regiona müdaxilə etmək planlarını uğursuzluğa düçar etdi.
Bu seçkilər, həmçinin Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət etdi. Hər iki ölkə, Ermənistanın regionda yaratmağa çalışdığı təxribatlara qarşı ortaq mövqedə çıxış edərək, regional sabitliyin qorunması üçün bir-birinə dəstək verdi. Gürcüstanın azərbaycanlıları, Gürcüstanın vahidliyini və sabitliyini dəstəkləyərək, regionda sülh və sabitlik üçün əsas qüvvələrdən biri olduqlarını bir daha nümayiş etdirdilər.
Bu gün Gürcüstan və Azərbaycan arasında mövcud olan birlik, hər iki dövlətin gücünü artırmaqla yanaşı, onların regional və beynəlxalq arenalarda daha möhkəm mövqelərdən çıxış etmələrinə imkan verir. Tarix göstərir ki, Gürcüstan və Azərbaycanın birgə hərəkət etməsi, onların maraqlarının daha effektiv şəkildə müdafiə edilməsinə və regionda sabitliyin qorunmasına xidmət edir. Azərbaycan və Gürcüstan arasındakı bu əlaqələr yalnız iki dövlətin milli maraqlarını qorumaq üçün deyil, həm də geniş anlamda Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək üçün həyati əhəmiyyət daşıyır.
Ümid edirik ki, gələcəkdə Gürcüstan hakimiyyəti, xüsusən də hakim partiya, azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiqamətində real addımlar atacaq. Azərbaycanlılar Gürcüstanın siyasi, iqtisadi və sosial həyatında mühüm rol oynamağa davam edəcək və bu, hər iki ölkənin gələcəyi üçün mühüm bir amil olacaq.
Ermənistanın regiondakı mövqeyinə gəlincə, ümid etmək olar ki, bu ölkə də nəticədə öz yerini dərk edəcək və bölgənin sabitliyinə töhfə vermək yolunu seçəcək. Çünki Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yalnız bütün regional oyunçuların ortaq mənafeyə xidmət etməsindən keçir. Gürcüstanın bu seçkilərlə nümayiş etdirdiyi sabitlik və inkişaf istiqamətindəki iradəsi bütün region üçün nümunə olmalıdır.
Trend
Elçin Alıoğlu
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO