Əliyevin Yeni il müraciəti: Güc, suverenlik və postmüharibə reallıqları - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Əliyevin Yeni il müraciəti: Güc, suverenlik və postmüharibə reallıqları - ŞƏRH

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti təkcə ötən ilin yekunu deyil, eyni zamanda postmüharibə dövründə Azərbaycanın siyasi, hərbi və diplomatik kursunun konseptual təqdimatı kimi diqqət çəkir.

Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

Onun sözlərinə görə, müraciət açıq şəkildə göstərir ki, Azərbaycan artıq regional gündəliyin obyekti deyil, onu formalaşdıran əsas aktorlardan biridir.

"Prezidentin çıxışında əsas leytmotiv xalq–iqtidar birliyidir. Bu birlik təkcə Vətən müharibəsində qələbənin deyil, sonrakı beş ildə əldə olunan siyasi-diplomatik nəticələrin də başlıca dayağı kimi təqdim olunur. Dövlət başçısı Zəfərin beşinci ildönümünü xatırladaraq, Qarabağ məsələsinin artıq beynəlxalq gündəlikdən silindiyini xüsusi vurğulayır. Bu, təkcə hərbi yox, eyni zamanda siyasi Zəfərin təsdiqidir.

Minsk qrupunun faktiki olaraq tarixə göndərilməsi və Ermənistanla sülh müqaviləsinin paraflanması onu göstərir ki, Azərbaycan münaqişə sonrası mərhələdə qalib dövlətin diktə etdiyi reallıqları beynəlxalq miqyasda qəbul etdirə bilib", - deyə A.Camalqızı qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, Prezidentin müraciətində diqqətçəkən məqamlardan biri “biz yeni müharibəyə hazırlaşmırıq” tezisi ilə yanaşı, təhlükəsizlik məsələsinin prioritet kimi saxlanılmasıdır: "İlham Əliyev açıq mesaj verir: beynəlxalq hüququn zəiflədiyi, güc amilinin ön plana çıxdığı indiki dünyada yalnız güclü dövlətlər öz suverenliyini qoruya bilir.

Silahlı Qüvvələrin modernləşdirilməsi, Komando və Xüsusi Təyinatlı Qüvvələrin genişləndirilməsi, yerli hərbi sənaye potensialının artırılması Azərbaycanın öz təhlükəsizliyini kənar aktorlardan asılı olmadan təmin etmək niyyətini ortaya qoyur".

A.Camalqızı onu da qeyd edib ki, 2025-ci il Azərbaycan üçün diplomatik baxımdan da məhsuldar il kimi təqdim olunur: "D-8 təşkilatına üzvlük, Orta Asiya ölkələrinin Məşvərət Şurasına tamhüquqlu üzv seçilmək Bakının regional və sivilizasiya miqyaslı rolunun artdığını göstərir. Xüsusilə Cənubi Qafqaz ölkəsi olan Azərbaycanın Orta Asiya siyasi platformasında qəbul edilməsi rəsmi Bakının etimad qazandığını sübut edir.

Xankəndidə ECO Zirvə Görüşünün keçirilməsi isə siyasi simvolizm baxımından mühüm mesajdır: dünən separatizmin yuvası olan şəhər bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir".

"Prezidentin müraciətində iqtisadi göstəricilər təsadüfi olaraq xüsusi vurğulanmır. 80 milyard dollardan artıq valyuta ehtiyatı, ÜDM-in cəmi 6,3 faizi həcmində xarici borc Azərbaycanın təkcə regional yox, qlobal miqyasda da etibarlı tərəfdaş olduğunu göstərir.

“Böyük Qayıdış” proqramı isə postmüharibə mərhələsinin sosial-siyasi mahiyyətini açır. Artıq 70 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması Qarabağın boş siyasi ritorikadan real həyata keçidinin göstəricisidir", - politoloq deyib.

Onun sözlərinə görə, müraciətin xüsusi emosional yük daşıyan hissəsi Dünya Azərbaycanlılarına ünvanlanan çağırışdır.

"Prezident açıq mesaj verir: harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü dövlət dayanır. Bu, diaspor siyasətinin müdafiə yox, himayə və məsuliyyət modelinə keçdiyini göstərir.

İlham Əliyevin Yeni il müraciəti Azərbaycanın artıq postmüharibə dövrünü arxada qoyaraq post-Zəfər mərhələsinə keçdiyini təsdiqləyir. Bu mərhələnin əsas xüsusiyyəti güclü dövlət, müstəqil qərarlar, balanslı diplomatiya və milli maraqlara söykənən siyasətdir. Prezidentin mesajı aydındır: Azərbaycan bundan sonra da kiminsə diktəsi ilə yox, öz milli iradəsi ilə yoluna davam edəcək", - A.Camalqızı bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm