Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrilib - Samir Vəliyev
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrilib - Samir Vəliyev

Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrilib - Samir Vəliyev

“Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ordumuzla bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. 2017-ci ilin dekabrında qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

“Azərbaycanda son illər formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib”,-deyən Samir Vəliyev əlavə edib ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Xatırlatmaq yerinə düşər ki, 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə isə 8 milyard 714,8 milyon manat vəsait yönəldilib.

Bundan əlavə, hərbi qulluqçuların sosial müdafiəsi də daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillərlə təmin olunub, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesi davam etdiriləcək.

Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrindən də bəhs edən deputat bu istiqamətdə Türkiyə ilə əməkdaşlığı xüsusi vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Eyni zamanda, Şuşa Bəyannaməsində də hərbi əməkdaşlıq istiqamətində də müddəalar yer alır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.

“Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycanın milli maraqlarına uyğun olaraq müəyyən olunur. Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qardaş Türkiyə ilə yanaşı, Pakistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir”,-deyə Samir Vəliyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm